Ermənistan ordusu Qarabağda hərbi təyyarələrin və helikopterlərin iştirakı ilə təlim uçuşları keçirəcək.
Ermənistan ordusuna məxsus helikopterlərin Qarabağda təlim uçuşları həyata keçirməsi heç kimə sirr deyil, ancaq hərbi təyyarələrin təlim uçuşu ilk dəfə baş tutacaq.
2014-cü ilin noyabrında Ermənistan ordusuna məxsus helikopterlər təlim uçuşu həyata keçirdiyi zaman vurulmuşdu.
Yenicag.az-a açıqlama verən hərbi ekspert Tərlan Eyvazov Ermənistan ordusunun Qarabağda hərbi təyyarələrin və helikopterlərin iştirakı ilə təlim uçuşları həyata keçirməsinə münasibət bildirib.
Tərlan Eyvazov qeyd edib ki, kiçik təyyarələr və helikopterlər Qarabağda alçaqdan uçuşlar həyata keçirirlər:
“Bildiyim qədər, qırıcı təyyarələrin uçuşu bu günə qədər olmayıb. Əgər belə uçuşlar baş tutarsa, bu, Azərbaycan xalqına, dövlətinə və ordusuna həqarət deməkdir.
O qırıcı təyyarələr Qarabağ səmasında görünən kimi vurulmalıdır”.
Tərlan Eyvazov bildirib ki, Azərbaycan ordusu erməni hərbi təyyarələrini və helikopterlərini vurmağa borcludur:
“Bəziləri düşünür ki, Azərbaycan erməni qırıcılarını və helikopterlərini vurduğu təqdirdə müharibə baş verəcək. Bu qətiyyən baş verməyəcək. Çünki o ərazilər Azərbaycana məxsusdur və ordumuz bu addımı atmaqda haqlı olacaq. 2014-cü ildə Ağdam istiqamətində erməni helikopterinin vurulması hər birimizin xatirindədir. O zaman müharibə oldu? Yox! Çünki Azərbaycan tərəfi haqlı idi. Ona görə də, düşmənə icazə vermək olmaz ki, bizi təhqir etsin”.
Qeyd edək ki, Ermənistan ordusunun hərbi təyyarələrin və helikopterlərin iştirakı ilə təlim uçuşlarını 25-28 sentyabr tarixində həyata keçirəcəyi bildirlir.
Səxavət Məmməd