Erməni və rus deputatlar ADR Parlamentinin ilk iclasında niyə iştirak etmədilər? – Araşdırma+ ARXİV MATERİALLARI

Cənubi Qafqazdakı coğrafi mövqeyi və tarixi inkişaf xüsusiyyətlərinə görə Azərbaycan ən qədim zamanlardan müxtəlif xalqların birgə yaşayışı üçün əlverişli ölkə olub. Məhz bu inkişaf xüsusiyyətlərini nəzərə alan Azərbaycan Xalq Cümhuriyyəti İstiqlal bəyannaməsində insan hüquq və azadlıqlarına hörmətlə yanaşaraq, ölkə ərazisində bütün millətlərə sərbəst şəkildə geniş bir meydan verib. 1918-ci il mayın 28-də qəbul edilmiş Azərbaycanın İstiqlal bəyannaməsinin V bəndində bu barədə deyilirdi:

“Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində bütün millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır”.

İstiqlal bəyannaməsinin mətnindən də göründüyü kimi, Azərbaycan Xalq Cümhuriyyəti tarixən ölkə ərazisinə miqrasiya prosesləri, müharibələr nəticəsində köçmüş və ya zorla köçürülmüş digər millətlər arasında ayrı-seçkilik siyasəti aparmamış, onlara doğma münasibət bəsləmişdir.

Dövlət quruculuğu, xarici siyasət məsələlərində ilk uğurlara imza atan Azərbaycan Xalq Cümhuriyyəti istər Parlamenti, istərsə də hökuməti formalaşdırarkən digər millətlərin nümayəndələrini də unutmurdu. Məlumdur ki, 1918-ci il iyunun 17-də Gəncədə öz fəaliyyətini dayandıran Azərbaycan Milli Şurası həmin il noyabrın 16-da Bakıda öz işini yenidən bərpa edir. Milli Şuranın 16 noyabr tarixli iclasında geniş nitq söyləyən M.Ə.Rəsulzadə qeyd edirdi ki, “Milli Şuramız Məclisi-Müəssisan əzası ilə tamamən xalq tərəfindən seçilmiş bir şura deyildir. Bugünkü Milli Şuramız parlaman surəti almaq üçün genişliyəcək, oraya bütün siniflərdən, müqəddəratını Azərbaycan müqəddəratı ilə əlaqədar edib, Azərbaycanın şadlığı ilə şadlanan, qəmi ilə qəmgin olan bütün millətlərin nümayəndələri cəlb olunacaqdır. O vaxt tam bir parlamana malik olacağız…”


Azərbaycan Xalq Cümhuriyyəti dövründə multikulturalizm məsələləri barədə suallarımızı AMEA Elm Tarixi institutunun “Tarixşünaslıq və Mənbəşünaslıq” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahov cavablandırıb.

Yenicag.az Ziyad Əmrahovla müsahibəni təqdim edir:

– Cümhuriyyət dövründə milli, dini ayrıseçkilik olubmu?

– Milli Şuranın 19 noyabr tarixli iclasında qeyd olunurdu ki, Azərbaycan yalnız azərbaycanlılardan ibarət deyil. Ona görə də Azərbaycan Milli Şurası Azərbaycan ərazisində yaşayan bütün millətləri təmsil etməlidir. Hazırda Milli Şurada olan 44 nəfər nümayəndə onları təmsil etmir. Digər tərəfdən siyasi partiya təmsilçilərindən başqa Azərbaycan xalqının müxtəlif təbəqələrinin nümayəndələrinin də belə bir təşkilatda təmsil olunmalarına böyük ehtiyac vardır. Milli Şurada bildirilir ki, Bakı quberniyası ilə Gəncə quberniyası, Zaqatala dairəsi və İrəvan ilə Tiflis quberniyalarının bir hissəsi Azərbaycan ərazisini təşkil edir. Bu ərazilərdə Qafqaz təqvimində verilmiş məlumatlara əsasən, 2.750.000 nəfər əhali var. Onlardan 1.900.000 nəfəri müsəlman, 500.000 nəfəri erməni, 230.000 nəfəri isə ruslardır. Hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlar 80, ermənilər 21, ruslar 10, almanlar 1, yəhudilər 1, gürcülər 1 nümayəndə göndərməlidirlər. Beləliklə də, yuxarıda göstərilən qaydalar gözlənilməklə Azərbaycan Parlamentinin təşkili haqqında qanun layihəsi qəbul olunur və 120 nəfərdən ibarət Azərbaycan Parlamentini formalaşdırmaq qərara alınır. Qanunda Parlamentə seçiləcək 21 erməni nümayəndəsindən 8-i Gəncə, 8-i Şuşa, 5-i isə Bakı erməni komitələrindən seçilməli idi. Bakıdakı rus əhalisindən Rus Milli Şurası 10, alman əhalisi milli təşkilatından 1, yəhudi Milli Şurasından 1, gürcü komitəsindən 1, polyak komitəsindən 1 nümayəndə göndərilməli idi.


– 31 mart soyqırımında öldürülənlərin ili tamam olmadan, Azərbaycan parlamentində 21 deputata yer verilib.

– Siz ili tamam olmadan deyirsiniz, 1918-ci il mart soyqırımından hələ cəmi yarım il keçməsinə baxmayaraq, Azərbaycan Parlamentində 21 nəfər erməni nümayəndəsinin iştirakına imkan verildi. O zamankı tarixi şəraitdə atılan bu addım Azərbaycan xalqının demokratik təbiətinə, insan haqlarına nə qədər dərin hörmətlə yanaşmasına parlaq sübutdur.

Parlament demokratiyasının bu parlaq faktı M.Ə.Rəsulzadənin yeni Parlamentin çağırılması ilə bağlı olaraq, 1918-ci il noyabrın 29-da xalqa etdiyi müraciətdə də əks olunub. Müraciətin mətnini sizə təqdim edirik:

“Vətəndaşlar, müharibə və inqilab zamanının fövqəladə əhvalını nəzər alaraq, tətil etmiş Azərbaycan Şurayi-Millisi iqtizai-zaman ilə təkrar Azərbaycanın paytaxtı Bakıda toplandı. Şurayi-Millinin ən əvvəl qəbul etdiyi qanun sırf Azərbaycan müsəlmanlarına məxsus olan Şurayi-Millini milli bir şəkildən çıxarıb da dövləti bir şəkilə salmaq oldu. Bu ayın 19-da qəbul etdiyi qanunnaməyə görə Şurayi-Milli dekabrın 3-nə qədər 120 əzalıq bir Məclisi-Məbusan (Parlament) halına gələcəkdir. Bu məclisə azlıqda qalan millətlərdən nümayəndələr cəlb olunduğu kimi, məmləkətin vilayətlərindən də vəkillər çağırılmışdır. Bizə fəlakət və səfalətdən başqa bir şey verməyən ədavət və ixtilafı bir tərəfə qoyaq. Tarix hamımızı bir yerdə yaşamaq məcbiriyyətində qoyub. Yeni başlayan həyatın təbii məşəqqətlərini asanlıqla çəkmək üçün yaşayışımızı aqil və insani əsaslar üzərində quraq, bir-birimizi sevək, ehtiram edək. Milli və məzhəb fərqlərinə baxmayaraq, bütün Azərbaycan vətəndaşları bir vətənin övladlarıdır. Ümumi vətəndə müştərək həyatlarını qurmaq və öz səadətlərinə birlikdə yetişmək üçün onlar bir-birilərinə əl uzatmalı və yardım etməlidirlər…”

Parlament demokratiyasının təntənəsini isə parlamentin açılışı zamanı M.Ə.Rəsulzadənin söylədiyi açılış nitqində açıq şəkildə görmək mümkündür:

M.Ə.Rəsulzadənin həmin nitqini də sizə təqdim edirik:

“Bu gün əqəliyyət (azlıq – red.) təşkil edən millətlərin nümayəndələri ilə qəzaların yeni nümayəndələri dəvət olunmaq üzrə iştə bu məclis təşkil edilmişdir. Bu məclis ümumi seçki üsulu ilə toplanaraq, Azərbaycan Məclisi-Müəssisanı toplanıncaya qədər məmləkətimizin sahibi olacaq. Burada Azərbaycanda bulunan bütün millətlərin, təbəqələrin və müxtəlif cərəyanların nümayəndələri olduğundan bu məclis vətənimizi tamamilə təmsil edə bilər…”

– Bütün bunlara baxmayaraq, erməni və rus deputatlar parlamentin ilk iclasında iştirak etmədilər…

– Düzdür, Parlament haqqında qanunda erməni nümayəndələrinə 21, rus nümayəndələri üçün 10 yer ayrılmasına baxmayaraq, onlar Azərbaycan Parlamentinin ilk iclasının açılışında iştirak etməkdən imtina edirlər. Bütün bunlara rəğmən, Azərbaycan Parlamentinin açılışı münasibətilə həm erməni, həm də rus əhalisi tərəfindən parlamentə təbrik məktubları ünvanlayıb və gələcək iş fəaliyyətində uğurlar arzu ediblər.

Ancaq Azərbaycan Parlamentinin açılışı münasibətilə parlamentdə təmsil olunan gürcü komitəsinin nümayəndəsi Tsixakaya geniş nitq söyləyərək bildirir ki, bu gün gənc Azərbaycanın ən yaxşı nümayəndələri bu möhtəşəm bayram günündə ölkənin paytaxtında toplaşıblar:

“Azərbaycan ərazisində yaşayan gürcülər adından mühüm tarixi zamanın ərsəyə gəlməsi münasibətilə səmimi sevincimizi bəyan edirəm və sizin sıranıza daxil olaraq, quruluş işlərində iştirak edirəm. Qonşular ilə dostluq əlaqələri, məzhəb və millət fərqi qoymadan bir çox məsələlərin həlli, ümumi, gizli və birbaşa seçki əsasında formalaşmış Parlamentə dəvət olunmaqdan qürur hissi keçirirəm. Bütün bu məsələlərin həllində Cümhuriyyətin rəhbər xadimləri gürcü nümayəndələri şəxsində həqiqi bir yoldaş tapacaqlar. Ümid edirəm ki, cavan dövlət gəmimiz beynəlmiləl ehtiras dənizindən salamat keçərək, uca qaldırmış olduğu azad Azərbaycan Xalq Cümhuriyyəti bayrağı ilə sahilə yetişəcəkdir…”.

Qeyd edək ki, gürcü nümayəndəsi Tsixakaya sonralar Parlamentin fəhlə komissiyasının tərkibinə də daxil edilib.

Oxşar məzmunlu sevinci Polyak komitəsinin nümayəndəsi Vanseviçin nitqində də hiss etmək mümkündür:

“Leh əhalisi adından möhtərəm Parlament nümayəndəsi şəxsində bütün Azərbaycan millətlərini təbrik edirəm. Son 5 illik müharibədə millətlərin öz müqəddəratını təyin etmək hüququ qeyri-müəyyən bir halda idi. Fəqət zənnimcə, öz müqəddəratını təyin etmək haqqı heç bir millətin digərinə hakim olmaması mənasında təfsir edilə, yəni hər millət öz ərazisi daxilində yaşayan digər millətlərin də siyasi hüquqlarını təhdid etməmək şərtilə öz müstəqil siyasi mövcudluğunu yaratmaq haqqına malikdir. Mən inanıram ki, Azərbaycanda əksəriyyət təşkil edən millət dövlət işlərində başqa yol seçməyib, Azərbaycanda yaşayan digər millətlərlə əl-ələ verərək çalışacaq və həqiqi demokratik və azad bir dövlət yaradacaqdır. Azərbaycanda yaşayan bütün millətləri bir daha təbrik edirəm”.

Gördüyünüz kimi, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə seçilmiş digər millətlərin nümayəndələri müstəqil, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində, Azərbaycan Cümhuriyyətinin dövlət strukturlarında birgə çalışmağa hazır olduqlarını açıq şəkildə bəyan edirdilər.

– Qanunların hazırlanmasında digər millətlərin nümayəndələri necə iştirak edirdi?

– Azərbaycan Xalq Cümhuriyyəti digər millətlərin nümayəndələrinə parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında da geniş yer verirdi. Azsaylı xalqların nümayəndələri Parlamentə seçilərkən, onun işində də aktiv fəaliyyət göstəriblər. Bunu, alman icmasını təmsil edən L. Kunun parlamentə seçilərkən, səsləndirdiyi bəyannaməsində görmək olar:

“Tam 100 il bundan əvvəl taleyin hökmü ilə alman millətinin bir qismi Zaqafqaziya, o cümlədən, Azərbaycan ərazisinə atılmış və burada alman koloniyası təşkil etmiş oldu. Yüz ildən bəri nahiyyə əhalisi ilə yan-yana yaşadığımız əhali ilə ən səmimi qonşuluq münasibəti qurulub və biz almanlar məhəlli əhalinin səadət və kədərinə şərik olaraq, həmişə Qafqazı özümüzə ümumi, müştərək vətən hesab etmişik. İndi isə biz almanlar Azərbaycan millətini azad millətlər ailəsinə daxil olması münasibətilə ürəkdən təbrik edirik…”.

Məlumat üçün onu da qeyd edək ki, L. Kun Parlamentin aqrar komissiyasının tərkibinə daxil olaraq, qanunların hazırlanmasında yaxından iştirak edib.

– Cümhuriyyət dövründə ermənilərin törətdikləri vəhşiliklərə digər millətlərin nümayəndələri necə münasibət bəsləyib?

– Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qarabağ və Zəngəzurda erməni vəhşiliklərinə qarşı Parlamentin ayrı-ayrı iclaslarında gedən müzakirələrdə hökumət və digər millətlərin nümayəndələri məsələ ilə bağlı öz mövqelərini ortaya qoyublar. Rus-Slavyan Cəmiyyətinin nümayəndəsi Vinoqradov Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin IV fövqəladə iclasında etdiyi çıxışda deyirdi:

“Bu gün mən iki ağır məsələ münasibətilə danışıram. Əvvəla insan qanı axır. Bu qanlı hadisələrə xitam verilməlidir. Biz təvəqqe edir, yalvarır və qışqırırıq: “bəsdir ədavət, bəsdir qan axıdılması, yetər artıq!” Biz çox məmnun olduq, təbrik edirik ki, nəhayət, parlament bu məsələni açdı, lazım gəlsə, rus nümayəndəsi bu məsələnin sülh yolu ilə həlli üçün sizinlə gedəcəkdir…”.

– Parlamentdəki vəziyyət aydın oldu. Tədrisdə necə? Azsaylı xalqların nümayəndələri tədrisdə nəzərə alınıb?

– Azərbaycan hökuməti tədris işini milliləşdirərkən azsaylı xalqların uşaqlarının da mənafeyini nəzərə alıb. Hökumətin 1918-ci il 7 sentyabr tarixli qərarı ilə sinifdə başqa millətdən olan şagirdlərin sayı 10 nəfərdən az olmadıqda, onlara öz dillərində ilahiyyat və ana dili dərsləri keçilməli idi. Bununla belə məktəblərin milliləşdirilməsi ilə əlaqədar olaraq, Azərbaycan dilini bilməyən çoxlu uşaq təhsildən kənarda qalırdı. Buna görə də Azərbaycan hökuməti 1918-ci il noyabrın 13-də özünün xalq təhsili haqqında əvvəlki qərarlarında dəyişikliklər etdi. Yeni qərara görə, bir orta təhsil müəssisəsi olan şəhərlərdə Xalq Maarifi Nazirliyinin icazəsi ilə yuxarı hazırlıq siniflərindən başlayaraq, paralel surətdə rus bölməsinin də açılmasına icazə verilirdi. Eynitipli bir neçə təhsil ocağının fəaliyyət göstərdiyi şəhərdə onların bir hissəsi milliləşdirilir, qalan hissəsində isə təhsil rus dilində aparılırdı. Lakin həmin məktəblərin hamısında Azərbaycan dili məcburi fənn kimi tədris olunmalı idi. Həmin qərarla azərbaycanlı uşaqlardan yalnız milliləşdirilmiş, yaxud milliləşdirilməsi nəzərdə tutulan məktəblərdə oxumaları tələb olunurdu.

– Bu, mülkiyyət məsələlərində necə nizamlanırdı?

– Azərbaycan Xalq Cümhuriyyətinin torpaq mülkiyyəti formaları, torpaqdan istifadə qaydaları və bu sahədə istehsal münasibətlərinin yenidən qurulması sahəsində həllinə çalışdığı islahatlar proqramında azsaylı xalqların nümayəndələrinə də yer verilib. Odur ki, qanun layihəsi hazırlamaq üçün iki istiqamətdə Parlament komissiyası çərçivəsində və Hökumət səviyyəsində fəaliyyətə başlanılıb. 1919-cu il fevralın 4-də torpaq islahatı haqqında qanun layihəsini hazırlamaq üçün menşevik-hümmətçi Səməd Ağamalıoğlu başda olmaqla Parlament komissiyası yaradıldı. Komissiyanın 9 nəfər üzvündən dördü Müsavatı (Mustafa Mahmudovu, Məhəmməd bəy Şeyxzamanov, Murtuz Axundzadə, Nəriman bəy Nərimanbəyov), qalan beş nəfəri isə “İttihad” (Bəhram bəy Vəzirov), sosialistlər blokunu (Rza bəy Qaraşarov), “Əhrar” (Hacı Hüseyn Əfəndiyev), “Daşnaksütyun”u (Arşak Malxazyan) və “Rus-Slavyan Cəmiyyəti”ni (M.N.Vinoqradov) təmsil edirdi.

– Qeyri-millətlərin nümayəndələri hökumətdə necə təmsil olunurdu?

– Azərbaycan Xalq Cümhuriyyəti dövründə qeyri-millətlərin nümayəndələri hökumət kabinetlərində də təmsil olunurdular. Bu baxımdan, Fətəli xan Xoyskinin yeni üçüncü hökumətin təşkili ilə bağlı Parlament kürsüsündən səsləndirdiyi fikirlər çox önəmlidir.

Həmin fikirləri sizə təqdim edirik:

“… Bir də daxili işlərimizdə mühüm bir məsələ var: bir məmləkətdə yaşayan ümum millətlər özlərini o məmləkətin, o dövlətin doğma övladı kimi görməlidirlər. Şimdi biz öylə şərait hasil etməliyiz ki, vətənimizdə yaşayan millətlərin həpsi özünü bir dərəcə vətən övladı kimi görsünlər. Biz özümüzə rəva görmədiyimizi onlara da rəva görməməliyiz. Əsrlərdən bəri bizimlə yan-yana yaşayan millətlər var. Onlardan birisi də erməni millətidir. Maarif nəzarəti hər kəsə imkan verməlidir ki, öz ana dilində oxusun…”

F.X.Xoyskinin geniş nitqindən sonra 24.12.1918-ci ildən 14.03.1919-cu ilədək fəaliyyət göstərmiş üçüncü hökumət kabinetində qeyri-millətlərdən – Rus-Slavyan Cəmiyyətindən Protasov maliyyə naziri, K. Zizqar ərzaq naziri vəzifələrinə təyin ediliblər. Bunlardan əlavə dörd nazir postu boş qalıb. Bu dörddən üçü erməni nazirlərinə, biri isə ruslara məxsus olub.

Üçüncü hökumət kabinetinin təşkilindən sonra Parlamentdə fəaliyyət göstərən ayrı-ayrı komissiyaların işində də qeyri-millətlərin nümayəndələrinə yer verilirdi. Belə ki, Parlamentdə fəaliyyət göstərən “Maliyyə komissiyasında” yəhudilərdən Quxman, “Fəhlə komissiyası”nın işində gürcü nümayəndəsi Tsixakaya, Məclisi-Müəssisan hazırlığı komissiyasının işində isə polyak nümayəndəsi Vanseviç təmsil olunublar.

14 mart 1919-cu ildən 26 dekabr 1919-cu ilədək fəaliyyət göstərmiş dördüncü hökumət kabinetində Rus-Slavyan Cəmiyyətindən V.Klenevski sosial-təminat naziri, Daşnaksütyun fraksiyasından Abram Dastakov səhiyyə naziri, Daşnaksütyun fraksiyasının digər üzvü X.Amaspür portfelsiz nazir postunu tutublar.

– Söhbətə başlayanda bildirdiniz ki, ermənilər və ruslar Parlamentin ilk iclasına qatılmayıblar, ancaq təbrik mesajı göndəriblər. Sonradan onlar Parlamentdə necə fəaliyyət göstəriblər?

– Azərbaycan Xalq Cümhuriyyəti dövlət əhəmiyyətli mühüm məsələlərin həllində geniş konsensusa nail olmağa çalışırdı. Bu baxımdan əvvəlcə Azərbaycan Parlamenti və Hökumətinin iclaslarında iştirak etməkdən imtina edən Erməni Milli Şurası sonralar Azərbaycan Parlamentinin sədrinə aşağıdakı məzmunda təbrik məktubu göndərib. Məktubda deyilirdi:

“Əziz vətənimiz Azərbaycanın təşəkkülünün belə mühüm və müşkül bir dövründə biz Ağdam mahalının nümayəndələri müstəqil Azərbaycanımızın mənafeyini və onun parlamentini müdafiə və mühafizə üçün səmimi qəlbdən hazır olduğumuzu bəyan edir və ən yaxın zamanda Məclisi-Müəssisan dəvətilə müstəqil yaşamağımız üçün demokratik əsaslar həmişəlik bərpa olacaqdır…”.

Parlamentin 12-ci iclasında Erməni Milli Şurasının üzvü Malxazyanın səsləndirdiyi bəyanatda isə deyilirdi:

“Biz Gəncə və Bakı şəhərləri erməni milli şuraları nümayəndələri Azərbaycan Cümhuriyyətinin ali müəssiseyi-təşriyyəsinə daxil olaraq siz, məbus cənabları və sizin şəxsinizdə kəndi müqəddəratını əlinə alan türk millətini təbrik edirik. Biz parlamentə gəldikdə həm türk millətinin, həm də Azərbaycan Cümhuriyyəti daxilində yaşayan digər millətlərin mənafeyini qorumaq üçün gəldik. Biz təcavüzkar xarici siyasətin əleyhinə olaraq, Azərbaycan hökumətilə qonşu millətlər arasında ümumi ixtilaflı məsələlərin ədalətlə həllinə çalışacağıq…”.

– Hökumətin iqtisadi və digər proqramlarının hazırlanmasına baxdıqda da görürük ki, qeyri-müsəlmanlar da orada təmsil olunub və fəaliyyət göstəriblər.

– Doğrudur. Hökumətin iqtisadi proqramı qarşılıqlı razılaşma əsasında ayrı-ayrı partiyaların məramnamələrində qoyulan iqtisadi məsələlərə uyğun işlənib hazırlanırdı. Bəzən alternativ variantların mövcudluğu daha səmərəli fəaliyyət istiqamətinin müəyyən olunmasını tələb edirdi. Bununla əlaqədar olaraq, Parlamentdə iqtisadi təmayüllü bir neçə komissiya – maliyyə, büdcə, fəhlə, aqrar komissiyaları yaradılıb. Dövlət və Hökumət strukturlarında olan Əkinçilik, Əmlak, Ərzaq, Dövlət nəzarəti, Maliyyə, Ticarət və Sənaye Nazirlikləri kimi qurumlar dövlətin iqtisadi tənzimləmə fəaliyyətinin həyata keçirilməsində mühüm rol oynayır, bu komissiyaların fəaliyyətində qeyri-müsəlmanlar da təmsil olunurdular. Belə ki, Azərbaycan hökumətinin 1919-cu il 10 may tarixli qərarı ilə Olqerda Konstantinoviç Kriçinski Azərbaycan Hakimlər Palatasına prokuror vəzifəsinə təyin edilib.

Öz tarixi ənənələrinə sadiq qalan Azərbaycan hökuməti milliyyətindən asılı olmayaraq, sosial vəziyyəti ağır olan bütün insanlara yardım göstərirdi. Məsələn, hökumət 1919-cu ildə Müsəlman Qadın Xeyriyyə Cəmiyyəti ilə yanaşı, Rus Xeyriyyə Cəmiyyətinə, Yəhudi Xeyriyyə Cəmiyyətinə, Erməni və Yəhudi Milli Şuralarına və digər cəmiyyətlərə uşaqların, qocaların və başqa imkansız adamların saxlanılması üçün xeyli vəsait ayırıb, 1920-ci ilin fevralında Gürcüstanda baş verən zəlzələ nəticəsində ziyan çəkmiş əhaliyə yardım edib.

AXC hökumətinin 1919-cu il 11 iyul tarixli qərarında isə Stavropol diyarından olan 36 ailədən ibarət rus qaçqınlarının Şamaxı qəzasına qayıtmasına icazə verilib.

Səxavət Məmməd