“Erməni zabiti tapançasını çıxarıb dostuma tuşladı”- Aprel döyüşlərinin qəhrəmanları söhbət silsiləsindən
Aprel döyüşləri zamanı düşmən işğalında olan 8 mühüm yüksəklik azad edilib, düşmənin yüzlərlə canlı qüvvəsi məhv edilib və çoxlu sayda döyüş texnikası sıradan çıxarılıb.
Bu döyüşlər zamanı ordumuzun digər bölmələri ilə yanaşı xüsusi təyinatlı qüvvələri də sözün əsl mənasında düşmənin baş ağrısına çevrilmişdi.
Yenicag.az aprel döyüşlərində Xüsusi təyinatlı qüvvələrin qrup komandiri olmuş gizir Məmmədov Sərxan ilə müsahibəni sizə təqdim edir:
1991-ci il, aprelin 4-də Bərdə rayon Otuzikilər kəndində anadan olan Məmmədov Sərxan Sənani oğlu 2009-cu ilin aprel ayında Naxçıvanda kəşfiyyat bölüyündə xidmət edib. Xidməti başa vurduqdan sonra Gizir hazırlıq kursuna daxil olub və bundan sonra N saylı hərbi hissənin kəşfiyyat tağım komandiri vəzifəsində işləyib. 4 ay sonra Xüsusi təyinatlı qüvvələr kursuna qatılıb və buranı bitirdikdən sonra Xüsusi təyinatlı qüvvələrdə xidmətə başlayıb. 2018-ci ilin yanvarın 24-ü ordu sıralarından tərxis olub. Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə prezident İlham Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif edilib.
-Aprel döyüşləri zamanı siz hansı istiqamətdə idiniz?
– Döyüş tapşırığı aldıqdan sonra Tapqaraqoyunlu istiqamətinə gəldik. Aprel ayının 1-i səhərə yaxın düşmən səngərinə çatdıq. Yuxarı komandanlıqdan əmr gəldi ki, 40 dəqiqə ərzində Talış kəndini götürməliyik. Kəndi mühasirəyə aldıq. Düşmən geniş miqyaslı əməliyyata başlayandan sonra, biz düşmənin içərisindən keçib Talış kəndinə girdik. Bizim qruplardan biri düşmən pusqusuna düşdü, onlara köməyə getdik və düşmən qrupunu məhv etdik. Bundan sonra hər kəs öz mövqeyiminə çəkildi. Düşmən boşalmış evlərdə gizləndiyindən böyük evlərin artileriyamız tərəfindən vurulması üçün koordinat verildi. Biz isə digər evlərə girərək gizlənmiş düşmən əsgərlərini məhv etdik.
Üstümüzə yüksək sürətlə gələn “Kamaz”ı mövqe tuturaq pusquya saldıq və sürücünü vurduq. Kamazdan bir zabit düşdü. Ona rusca dedim ki, bura gəl. Gördüm gəlmək istəmir. Əlimlə işarə etdim, yenə gəlmədi. Mənim onun yanına getməyim təhlükəli idi. Tutduğum mövqenin qarşısında dərə var idi, ora enib, yuxarıya qalxmaq olmazdı. Ona görə də nişan alıb, böyründən güllə ilə vurdum. Hazırda xidmətdə olan bir yoldaşımla qaçaraq silahını əlindən almaq istədik. Yanına çatmışdıq ki, əlini cibinə salaraq tapançasını çıxarıb silahını dostuma tuşladı, bu vaxt cəld irəli atılaraq onu vurdum. Hər şey bir göz qırpımında baş verdi və yoldaşımı qorumaq üçün buna məcbur idim. Kamaza baxış keçirdik, avtomobil dolu sursat idi. Mərmini ön posta çatdırırdılar. Həmin öldürdüyümüz zabit “RAST”xidmət rəisi idi, rütbəsi də mayor imiş.
– Kamazı partladınız?
– Yox. Komandir dedi ki, bura artıq bizimdir və bu sursat bizə lazım olacaq. Bu zaman xəbər gəldi ki, ermənilər tanklar və toplarla hərəkətə keçiblər. Ancaq vaxt yox idi, düşmən irəliləyirdi. Biz yuxarıdan onlara müqavimət göstərməli idik. Dilsuz adlı yoldaşım “Kamaz”ı partlatmaq üçün əynindəki zirehli jileti çıxarıb, ora tərəf irəlilədi. Ancaq çox keçmədi ki, düşmən tərəfindən vuruldu.
– Zirehli jileti niyə çıxardı?
– Zirehli jilet ağırlıq edirdi. Kamazın yanına gedib-gəlmək üçün isə qaçmaq lazım idi.
– Sonra nə baş verdi?
– Şəhidimiz var idi deyə geri çəkilməli idik. 2 yarımqrupa bölündük. Bir hissəmiz çəkildi, bizim yarımqrup isə orada qaldı və mühasirəyə düşdük. Kömək gəldi, mühasirədən çıxıb, ermənilərin bir postunu aldıq. Digər postu isə ermənilər qoyub qaçdı. Girib oranı götürdük. Şəhid olan yoldaşlarımızı çıxarmaq lazım idi. Tabor komandiri ilə getdik, şəhidlərimizi gətirməyə.
Məmmədov Sərxan söhbətimizin bu yerində duruxur. Fikrə gedir. Bir xeyli səssizlikdən sonra danışmaq istəmirəm deyə bildirir.
Daim bir yerdə olan yoldaşlarımızı cansız görmək…
Səxavət Məmməd
Foto: Elmar Məliksoy