“Erməni zindanında səkkiz gün” kitabının Azərbaycan versiyası işıq üzü gördü – FOTO/VİDEO

Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində 1992-ci il fevralın 26-da ermənilərin Azərbaycan türklərinə qarşı törətdikləri soyqırım qurbanlarından biri olan Dürdanə Ağayevanın “Erməni zindanında səkkiz gün” kitabının təqdimat mərasimi keçirilib.

“Erməni zindanında səkkiz gün” kitabı 2014-cü ildə türkcə nəşr edilib. 2017-ci ildə isə bu kitab Heydər Əliyev Fondunun dəstəyi ilə rus dilində nəşr edilib. Bu gün isə kitabın Azərbaycan dilində nəşrinin təqdimat mərasimi Beynəlxalq Mətbuat Mərkəzində millət vəkili Qənirə Paşayevanın moderatorluğunda baş tutub.

Yenicag.az xəbər verir ki, tədbiri Qənirə Paşayeva çıxış nitqi ilə açıb. Millət vəkili Xocalı soyqırımı barədə danışaraq bildirib ki, Xocalı hər bir azərbaycanlının bilməli olduğu və birmənalı olaraq öz imkanları daxilində dünyaya yaymalı olduğu bir faciədir:

“Azərbaycanın faciələrini dünyaya tanıdan belə real hadisələrdən bəhs edən və erməni vəhşiliyinin iç üzünü açıb göstərən kitabların yazılması və yayılması çox vacibdir. Onu da bildirim ki, bu kitab bundan əvvəl iki dildə – türk və rus dillərində artıq nəşr olunub”.

Daha sonra çıxış edən millət vəkili Aqil Abbas bu tipli kitabların əhəmiyyətindən danışaraq mövzusu erməni vəhşiliyi olan istənilən ədəbiyyatın nəşrə verilməmişdən əvvəl çox ciddi şəkildə redaktə edilməsinin vacibliyini vurğulayıb və bu kitabın da redaktəyə ciddi ehtiyacı olduğunu bildirib.

Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev də millət vəkili Aqil Abbas kimi kitabın bir daha gözdən keçirilməsini məsləhət görüb.

Millət vəkili Adil Əliyev çıxış edərək bu tipli kitabların yazılmasına və nəşrinə azərbaycanlı iş adamları tərəfindən diqqət göstərilmədiyini bildirib:

“Bu gün bizim əsas bəlamız ondadır ki, biz öz faciələrimizi belə yetərli şəkildə təbliğ edə bilmirik. Bu gün xaricə gedən hər bir azərbaycanlı əlində belə bir-iki kitabla getsə və öz tarixi faciələrini təbliğ etsə, erməni vandalizmini yaysa, bizim bütün problemlərimiz həll olunar. O ki, qaldı sülhə, mən onu deyə bilərəm ki, bu gün biz gənclərimizə sülhü yox, qisası aşılamalıyıq. Bizim heç birimiz şəhidlərimizin qanını almadan rahat ola bilmərik. Buna görə də belə kitablar müxtəlif dillərdə nəşr edilməli və dünya ictimaiyyətinə çatdırılmalıdır”.

Kitabın müəllifi Dürdanə Ağayeva isə kitab haqqında bunları deyib:

“Yazdığım kitab yazıçı işi deyil. Bu kitab başıma gələnlərin yazılı ifadəsidir. İlk kitab türkcə nəşr olunmuşdu. Daha sonra kitabım rus dilində çapdan çıxdı. Arzum o idi ki, öz dilimizdə də kitabım işıq üzü görsün və bu gün bu arzuma çatdım. Hər bir azərbaycanlı bu kitabı oxumalıdır və ermənilərin necə vəhşiliklər törətdiyini bilməlidir”.

Tədbirdə daha sonra digər ictimai xadimlər və qazilər çıxış ediblər.

Qeyd edək ki, kitabın türkcə nəşrinin ön sözünü “YeniCağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər yazıb.

Mətn: Səxavət Məmməd

Foto və video: Aqil Bəkir, Əsli İsmayılzadə