“Ermənilər arasında bayrağımızın yandırılmasına “etiraz” bildirənlər riyakarlıq edirlər” – RƏY

“Açıq görünən budur ki, Ermənistanda əksəriyyət Azərbaycan bayrağının yandırılmasını alqışlayır”.

Bu fikirləri ötən həftə İrəvanda Azərbaycanın dövlət bayrağının yandırılmasına erməni cəmiyyətində fərqli münasibətin sərgilənməsi görüntüsünə münasibət bildirən Erməni Araşdırma Mərkəzinin rəhbəri professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanda Azərbaycan bayrağına münasibətdə yol verilmiş vandalizm o toplumun vəhşi təbiətini bir daha ortaya qoyur:

“İrəvanda Azərbaycan bayrağının vəhşicəsinə yandırılmasından sonra erməni cəmiyyətində bu məsələyə yanaşmada guya fərqlilik müşahidə olunur. Yəni açıq görünən budur ki, Ermənistanda əksəriyyət Azərbaycan bayrağının yandırılmasını alqışlayır. Bu vandalizm o toplumun vəhşi təbiətini bir daha ortaya qoyur.

Eyni zamanda bunun əleyhinə çıxan, bayraq yandırılmasını Ermınistanın “demokratik” imicinə zidd hərəkət kimi qiymətləndirənlər də var. Sözsüz ki, Ermənilər arasında bayrağımızın yandırılmasına “etiraz” bildirənlərin səmimiyyətinə inanmaq olmaz. Çünki onlar bu gedişlə riyakarlıq edirlər.

Ümumiyyətlə, bu, Ermənistanda Azərbaycan bayrağının yandırılmasına dair ilk hal deyil. Son olaraq, ötən il aprelin 24-də İrəvanda Azərbaycan və Türkiyə bayraqları eyni vəhşiliklə yandırılmışdı. Onların Azərbaycana və bayrağımıza münasibətlərinin dəyişəcəyini gözləməyə dəyməz”.

A.Zeynalov