Ermənilər talışları qəzəbləndirdilər… – Rəvan Bəşirov

“Orada Şuşaya bayraq sancmaq üçün türk, talış, ləzgi, avar, tat, yəhudi, kürd, ingiloy, hamısı növbəyə durub”.

Yenicag.az xəbər verir ki, bunu müasir düşüncə tərzinə malik iş adamı, ictimai fəal Rəvan Bəşirov “Bizim.Media”ya müshaibəsində deyib.

Qeyd edilib ki, söhbət müxtəlif məcralarda olsa da, mahiyyət etibarı ilə bu gün hamımızın həyatının əsas hissəsinə çevrilmiş Qarabağ mövzusundan danışılıb.

Sözümüzün başında-ayağında yenə də fırlanıb bir fikrə gəlirdik ki, “Ortada Vətəndirsə, qalanı təfərrüatdır”.

Rəvan deyir ki, hərbi ekspert olmasam da, siyasi təhsilim, cəmiyyət arasında olmağım, cəbhədəki vəziyyəti yaxından izləməyim az-çox imkan verir ki, hazırda davam edən vətən müharibəmizi uğurlu sayım. Həm siyasi arenada, həm döyüş meydanında, həm də cəmiyyət arasında.

Rəvan Bəşirov Lənkəranda doğulub, talışam, deyir. Özünü türkdən çox türk, talışdan daha çox talış sayır.

Düşünür ki, müharibə insanlığın yaşaya biləcəyi ən dəhşətli hadisədir: “Bu, azərbaycanlı olaraq bizim seçimimiz deyil, bu bizim məcburiyyətimizdir”.

“Bizim üçün vətən, din, milli mənsubiyyət kimi məfhumlarla yanaşı xarici dillərə tərcümə edilməyən namus, qeyrət və.s kimi itirilməsi və ya ləkələnməsi qəbul edilməyən anlayışlar da var, hansı ki, onları izah etməyə çətinlik çəkirik. Bu səbəbdən, bəzən xaricilər Dağlıq Qarabağ üçün can qoymağımızı “resurslar uğrunda müharibə” kimi dəyərləndirirlər”.

– Bəli, milli mənsubiyyətim talışdır, ən qədim azərbaycanlılardan olmağımla hər zaman fəxr etmişəm. Cəbhədə ordumuzun uğurlarında və işğalçı erməni terrorçularının məhv edilməsində Talış zonasının igidlərinin şücaətləri məni bir talış olaraq çox qürurlandırır. Lakin istənilən halda, hamımızın bir döyünən ürəyi var, o da Azərbaycandır.

Mövzu Azərbaycandırsa, türk də, talış da, ləzgi də, avar da, tat da, yəhudi də, kürd də, ingiloy da təfərrüatdır. Bu birlik vətən mövzusunda sarsılmazdır. Ön cəbhəyə 10-ca dəqiqə baş çəkmək kifayət edər ki, bunun əyani sübutunu görəsiniz. Orada Şuşaya bayraq sancmaq üçün türk, talış, ləzgi, avar, tat, yəhudi, kürd, ingiloy, hamısı növbəyə durub.

– Rəvan, bilirsiniz ki, Ermənistan Azərbaycanda etnik zəmində təxribatlar törətmək məqsədi ilə ölkəmizdə yaşayan digər etnoslara müraciətlər ünvanlayır, “bu müharibə sizə qarşı deyil, nahaqdan övladlarınızı qurban verməyin”, deyirlər…

– Baş naziri Paşinyan olan dövlətdən ağıllı bir addım gözləmək özü ağılsızlıq olar. Onların talışlara, ləzgilərə müraciətlərini görəndə tam səmimiyyətimlə deyirəm, həm güldüm, həm də İlahi ədalətin zalımlara hər tərəfdən zərbə vurmasına sevindim.

– Bir millət nə qədər axmaq ola ki, 3 min ildir vətəni Azərbaycan torpaqları olan talışlara “dövlətin üçün vuruşma” deyər. Öz cəlladlarına özləri motivasiya vermiş oldular.

Ölkədə cənub regionu ilə yanaşı, hər yerdə işğaldan torpaq azad etmək üçün növbəsini gözləyən, qələbəyə imzasını atmaq istəyən mərd, cəsur, igid insanlarımız var. Bunları söz xatirinə demirəm, hər şey göz qabağındadır. Sadəcə olaraq, ermənilər bu çağırışı edəndə ağılları özlərinə gedib.

Satqınlıqda, xəyanətdə, qorxaqlıqda, hiyləgərlikdə heç dünyada tayları-bərabərləri yoxdur, nəinki Azərbaycanda. Mən Ermənistan dövlətinin siyasətini erməni xalqından ayırmıram. Onların dövlət siyasəti erməni xalqının tam iç üzüdür. Yaxın dostumun dediyi kimi, “mənim üçün erməninin yaxşısı, pisi yoxdur”.

– Maraqlıdır, Qafqazda bunların normal münasibətdə olduğu bir ölkə, millət belə yoxdur. Hər kəsə torpaq iddiası, hər kəsdən nəsə qoparmaq cəhdləri… Necə bilirsiniz, onlarla birlikdə yaşamağa məhkumluğun çarəsi nədir? 

– Çox bədbəxt millətdirlər, onların faciəsi elə düşüncələridir. Şəxsi fikrim budur ki, ermənilərə bir daha dövlətimizə, millətimizə, xalqımıza dəhşətli faciələr yaşatmağa imkan verməməliyik. Biz qadın, uşaq, qoca öldürən insanlar deyilik. Lakin bilməliyik ki, rəhmli davrandığımız o qadının dünyaya gətirdiyi o uşaq həmin o qocanın nəsihətləri ilə, zaman gələcək, bizim uşaqlarımızı qanına qəltan edəcək. Bunu heç vaxt unutmamalıyıq. Əvvəl buraxdığımız səhvləri bir də buraxmamalıyıq.

– Mürəkkəb regionda yaşayırıq, bir yandan da belə qonşularımız var. Sizcə, məchul siyasi vəziyyətdə məqbul siyasətimiz necə olmalıdır?

– Azərbaycan kimi vacib geopolitik zonada yerləşən dövlətlər üçün balanslaşdırılmış siyasət aparmaq bəzən çətin yox, hətta mümkün olmayan bir şeydir. Görünən odur ki, biz mümkün olmayanı bacarmışıq. 30 ilə yaxın böyük dövlətlərin oyuncağı olan BMT-nin qətnamələrinin oyuncağa çevrilərək qulaqardı edilməsini izləmişik.

– Hazırda isə biz onlara məhəl qoymuruq, diktə edən tərəf bizik, çünki haqlıyıq. Türk qardaşlarımız demişkən, bundan sonra “kim tutar bizi”.

Doğrudur, siyasət maraqlar üzərində qurulur. Lakin bizim haqlı davamızda dostumuz kimdir, düşmənimiz kimdir, görürük. Haqlı olan biz varıq, haqsız olan erməni var. Haqlının tərəfində olmadığın müddətdə haqsızdan bir fərqin yoxdur. Lakin bizim üçün də o qədər fərq etməz. Artıq kim nə deyirsə-desin, ox yaydan çıxmışdır. Qələbə qazandığımız gün indi yan gəzən bütün dövlətlər zəng edib bizi ərazi bütövlüyümüzü bərpa etməyimiz münasibətilə təbrik edəcək. Dünya hər zaman qaliblərin yanında yer alır.