!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilərə qarşı "kötək" və "kökə" SİYASƏTİ: "Laçın dəhlizinə nəzarəti ələ almalı, təhlükəsizlik zolağı yaratmalıyıq..."

!Reklam – Yazi

“Azərbaycan artıq öz ərazisini təhdid edən Ermənistan ərazisinə 10-20 km girib təhlükəsizlik zolağı yaratmalıyıq. Bunu necəki Türkiyə Suriyada etdi”.

Bunu Ermənistanla Azərbaycan arasında diplomatik danışıqlar, Kəlbəcər istiqamətində atəşkəsin pozulması və Rusiyanın Xankəndini siyasi mərkəzə çevirmə cəhdini şərh edən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Fərəc Quliyev bildirib ki, Qarabağda və Ermənistanda baş verən bütün proseslərin arxasında Rusiya dayanır:

“Soçidə imzalanmış üçtərəfi bəyanatda da hər şey aydın şəkildə işıqlanırdı. Rusiya sülhməramlılarının Qarabağda qalmasına ehtiyac olmasını göstərən bir müddəa salınıb. Bu fikri möhkəmlətmək üçün ermənilərə atəşkəsi pozmağı əmr ediblər. Dünən iki ölkənin xarici işlər nazirlərinin görüşü oldu. Bu atışmanı hətta ona görə təşkil edirlər ki, bu görüşlərin kənarda olmasının mənası olmadığını göstərsinlər. Yəni bu görüşləri ancaq Soçidə və yaxud Rusiyanın başqa bir yerində etmək olar.

Paşinyanla Putin arasında danışıqlar olub. Onlara da müəyyən qədər bildiriblər ki, arxanızdayıq, bizə güvənin, atəşkəsi pozun, sülh müqaviləsi baş tutmasın.

Delimitasiya ilə bağlı söhbətlər gedir, ermənilər də bundan istifadə edib sahədə bəzi mövqeləri ələ keçirməyə çalışacaqlar. Paşinyan hətta Azərbaycan cəmiyyətinin özündə belə fikir formalaşdıra bilib ki, sülhpərvərdir, problemlərin həll olmasını istəyir. Ancaq Paşinyan bir qədər də tülkülük edir. İstəsə, fərqli mövqe qoya bilər.

Paşinyan Soçiyə getmədən öncə qurultay keçirib ölkədə mövqelərinin güclü olduğunu nümayiş etdirdi. O, bölgədəki xarici maraqları Ermənistan maraqlarına uzlaşdıraraq, proseslərdən gəlirlə çıxmaq istəyir. Belə bir halda siyasətdə bir yolumuz qalır – kötək və ya kökə siyasəti. Danışıqlara hazır olduğumuzu bildirməklə, sülh müqaviləsinə, delimitasiya və demarkasiyaya hazır olduğumuzu göstərməklə yanaşı, istənilən təxribata kəskin şəkildə reaksiya verməliyik. Azərbaycan ərazisində, Qarabağ iqtisadi rayonunda siyasi mərkəz yaratmaq istəyirlərsə, bununla bağlı müəyyən addımlar atmaq mümkündür. Biz orada separatçıların aradan qaldırılması üçün tədbirlər planı hazırlaya bilərik. Bu kommunikasiya xətlərinə təsirlə, Laçın dəhlizinə nəzarəti ələ almaqla, oradakı separatçıları aradan götürməklə də ola bilər. Baş Prokurorluğun bu məsələ ilə bağlı qərarı var. Müqavimət göstərsələr, sərt cəza tədbiri həyata keçirmək olar. Bu dünyada belədir, bizdə də belə olmalıdır.

Soçidəki görüşdə Prezident İlham Əliyev bəyan etdi ki, münaqişə bitib, bu müzakirə mövzusu deyil. Münaqişə bitdiyi halda Ermənistan dövləti tərəfindən Azərbaycan ərazilərinin atəşə tutulması müharibə təhdidi, səbəbidir. Bu halda beynəlxalq qanunlara istinad edilərək, Azərbaycan ərazisini təhdid edən hissələri legitim hədəf elan edib vurulacağı haqqında bəyanat verilə bilər. Biz dünyaya çatdırmalıyıq ki, o hədəflər legitimdir və onları susdurmalıyıq.

Azərbaycan artıq öz ərazisini təhdid edən Ermənistan ərazisində bufer zonanı yaratmağı bacarmalıdır. Türkiyənin Suriyada etdiyi kimi, biz də Ermənistan ərazisinə 10-20 km girib, təhlükəsizlik zolağı yaratmalıyıq. Təkcə Qarabağ istiqamətində yox, bunu Naxçıvanda da etmək lazımdır. Bu məsələləri yazılı, notalar şəklində dünyaya çatdırmalıyıq. Ya Ermənistanın ipini çəkəcəklər, ya da başqa çıxış yolumuz yoxdur. Kötək və kökə siyasəti deyəndə, bunları nəzərdə tuturdum”.

Səxavət Məmməd

www.yenicag.az

28449
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv