“Erməniləri döysəydik, ingilislərin gözündə pis olacaqdıq” – “Arsenal”-“Qarabağ” matçının pərdəarxası – VİDEO

Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçirilən “Arsenal” – “Qarabağ” matçında ermənilər qondarma rejimin “bayrağı” ilə meydana daxil olmuşdu.

Erməni azarkeşin bu addımına “Qarabağ”ın kapitanı Rəşad Sadıqov yerində müdaxilə etməyə çalışsa da, onun qarşısını mühafizəçilər kəsdi.

Məlumata görə, oyundan sonra da ermənilərin təxribatı davam edib və bir neçə azərbaycanlı onların cavabını verib. Bu olayları sonradan videolardan görə bildik.

Erməni tərəfdarlarının üzərinə yeriyən və olayların mərkəzində olan şəxs Fərid Əliyev Yenicag.az-ın suallarını cavablandırıb.

– Özünüzü tanıdardınız…

– Fərid Əliyev. 10 ildir ki, Londonda yaşayıram. Ölkəmizə dəstək vermək üçün hər addımı atmağa hazıram.

– Londonda diaspora təşkilatımız varmı?

– 2010-cu ilə qədər “Azeri House” adlı bir təşkilat var idi. Təşkilatın məqsədi azərbaycanlıları və Azərbaycanı tanıyanları bir araya yığmaq idi. Bildiyim qədər, təəssüflər olsun ki, təşkilat fəaliyyətini dayandırıb.

– “Qarabağ” oyununa getməzdən öncə ermənilərin təxribat törədə biləcəyini təxmin edirdiniz?

– Öz adımdan deyirəm ki, stadionda ermənilərin olacağını bilirdim. “Arsenal” klubunun heyətində bir erməni futbolçu var. Bundan əlavə eşitmişdim ki, “Qarabağ” klubunun Londonda “Arsenal”la oynaması erməniləri qıcıqlandırıb. Çünki, onların Çempionlar Liqası, Avropa Liqasında oynayacaq klubları yoxdur.

Stadionda erməni bayrağının olacağını gözləyirdik, ancaq oyun zamanı baş verəcəkləri gözləmirdik.

– Oyuna azərbaycanlılar gəlmişdi?

– Bəli. Ancaq mən daha çox azərbaycanlı gözləyirdim. Sırf erməni təxribatı gözlədiyimiz üçün azərbaycanlıların daha çox gəlməsini istəyirdik. Bundan öncəki “Qarabağ”ın səfər oyunlarına daha çox azarkeşimiz gedirdi. Ola bilsin ki, bu ilki zəif nəticəyə görə, maraq itmişdi. Ona görə də az adam gəlmişdi.

– Təxminən neçə nəfər idiniz?

– Təxminən 70 nəfər olardıq. Əsas məqsəd “Qarabağ”ı Londonda təmsil etmək idi, nəticə maraqlı deyildi.

– Bəs ermənilər nə qədər idi?

– Bizə yaxın oturanların, hansı ki, bayraqları var idi, sayları 4-5 olardı. Stadionda ingilis tərəfdarların arasında ermənilər bəlkə də çox olardı.

– Belə başa düşdüm ki, ermənilər azərbaycanlılardan sayca çox az olublar.

– Bəli.

– Oyunun sonlarına yaxın ermənilər qondarma rejimin “bayrağ”ı ilə meydana daxil oldular. Biz bunu TV-dən izləyirdik, stadionda nə baş verirdi?

– Biz stadionun “away section” bölməsində idik. Bizə yaxın yerli azarkeşlərin arasında erməni bayrağı gördük. Hər kəs şikayət elədi. Bir müddət sonra, mühafizəçilər gəlib bayrağı ya götürdülər, ya da gizlətməyi xahiş etdilər. Beləcə bayraq yoxa çıxdı. Sonra “facebook”da gördüm ki, bayrağın üstündə Şuşa yazılıb.

– Oyun zamanı gördünüz bunu?

– Bəli.

– Sonra nə baş verdi?

– Bayraq yığışdırılandan təxminən 15-20 dəqiqə sonra yenidən çıxardılar və bizə baxa-baxa dalğalandırmağa başladılar. Onların bu hərəkəti bizdən bir neçəsini özündən çıxarmışdı. Hər zaman demişəm, bu cür təxribatlarda aqressiv olmaq olmaz. Çünki biz onların bizə qarşı aqressiv olduğunu sübut etməyə çalışırıq.

– Bir müddət sonra həmin “bayrağ”ı meydanda dalğalandırmaq istədilər.

– Oyunun bitməyinə 2-3 dəqiqə qalmış oyunçular oturan tərəfdən bir nəfər meydana daxil oldu. Onu mühafizəçilər sürüyüb meydandan kənara çıxardılar.

– Rəşad Sadıqov da onun üzərinə yeridi.

– Bəli. Hətta ingilis azarkeşlər də erməninin hərəkətini pislədi, fitə basdılar onu.

– Sonra nə baş verdi?

– Oyun bitəndən sonra “Qarabağ”ın futbolçuları bizə yaxınlaşdılar. Onlarla şəkil çəkdirdik. Sonra oradakı bütün azərbaycanlılara dedim ki, tez stadiondan çölə çıxaq. Ermənilər orada da nəsə etməyə cəhd edəcəklər. Bizə həmvətənlərimiz dedi ki, lazım deyil, baş qoşmayaq. Oturduğumuz sektordan çölə çıxanda gördük ki, həmin ermənilər və əllərində bayraq. Onların üstünə yeridim, bəzi sözlər dedim. Bizimkilər imkan vermədi, yenə dedilər ki, lazım deyil. Dayanmadım. Üstlərinə yeridim. Əslində onlarda başqa bayraqlar da var idi. İki erməni bayrağı gizlətdi. Getdikcə əsəbiləşirdim və onları təhqir etməyə başladım. Yanımda bir dostum var idi, bir də tanımadığım başqa həmyerlimiz. Əslində orada çoxlu sayda azərbaycanlı var idi, bizə qoşula bilərdilər. Erməniləri döyüb, bayraqları alıb, yandırmaq da olardı. Sadəcə onu etdikdə ingilislərin gözündə pis olacaqdıq. Ermənilər də bunu istəyirdilər. Ancaq onların üzərinə yeriyərək bayraqlarını gizlətdirdik.

– Belə başa düşdüm ki, orada olan həmvətənlərimizin heç də hamısı sizə qoşulmadı.

– Bəli. Qoşulsalar, çox əla olardı. Birliyimizi görərdilər.

– Ümumiyyətlə, “Qarabağ”ın oyunlarına həmişə gedirsiz?

– Biz nəinki “Qarabağ”ın, Milli komandamızın da oyunlarına gedirik. Bəziləri elə bilir ki, nəticə üçün getmək lazımdır. Əksinə, bizə təmsilçilik lazımdır. Nəticə önəmli deyil. Vaxt olub ki, milli komandamıza dəstək olmaq üçün yağışın altında 2-3 saat piyada stadiona getmişik. 2 saat stadionda yağışın altında komandamıza dəstək durmuşuq. Düzdür, bəzi futbolçular bunu dəyərləndirmirlər. Ancaq onlar da bilsin ki, biz onlar üçün yox, ölkəmiz üçün çəkirik o əziyyəti.

Yeri gəlmişkən gələn ilin sentyabrında Uels-Azərbaycan oyununda da meydanda olacağıq.

– Təşəkkürlər.

– Sizə də təşəkkürlər. Ölkəmizdən kənarda yaşasaq da, daim ölkəmizləyik.

Səxavət Məmməd

COP29