Ermənilərin 3 hərbçisi öldü – Əsgərimizi yaralayanlara ağır cavab

Xəbər verdiyimiz kimi, atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Nicat Hidayət oğlu İsgəndərov yaralanıb.

Yenicag.az xəbər verir ki, Müdafiə Nazirliyi Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə dislokasiya olunan bölmələrinin adekvat cavab tədbirləri gördüyünü elan edib.

Az öncə isə Ermənistan Müdafiə Nazirliyi 3 erməni hərbçinin məhv edildiyini rəsmən bildirib. Onların adı açıqlanmayıb.

Hazırda sərhəddə vəziyyət stabilləşib.

Qeyd edək ki, Azərbaycan MN baş vermiş insidentə görə bütün məsuliyyətin vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bəyan edib.