Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, işğalçı ölkənin silahlı qüvvələrinin Ağcabədi rayonunun müxtəlif istiqamətlərində dinc əhalinin yaşayış evlərini növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 04.10.2020-ci il tarixdə saat 15 radələrində yeməkxanada olan zaman oraya top mərmilərinin düşməsi nəticəsində Taynaq kand sakini 2006-cı il təvəllüdlü İsgəndərov Fərid Dilafət oğlu dağıntılar altında qalaraq həlak olmuş, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəymişdir.
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.