Bakı Metropoliteninin 20 yanvar stansiyasında ermənilərin təşəbbüsü ilə törədilən terror hadisəsindən 22 il ötür.
1994-cü ilin 19 martında saat 13.00 da qatar stansiyada dayandığı zaman, birinci vaqonda saat mexanizmi ilə təchiz edilmiş əldədüzəlmə partlayıcı qurğu işə düşür. Partlayış nəticəsində 14 nəfər dünyasını dəyişmiş, 49 nəfər yaralanmışdı. Həlak olanların arasında Azərbaycan respublikasının xalq Artisti Rafiq Babayev da olub.
İstintaq nəticəsində, “Sadval” separatçı təşkilatının üzvləri həbs olunur, istintaq zamanı məlum olur ki, terrorçular Ermənistan respublikasının xüsusi xidmət orqanları ilə sıx əlaqədə olaraq Ermənistanda olmuş və orada onlara xüsusi təlim keçilmişdir.
Terror aktının icrasında və təşkilində iştraka görə, Azərbaycan respublikasının hüquq mühafizə orqanları tərəfindən 11 nəfər həbs olunmuş, onlardan ikisinin barəsində məhkəmə güllələnmə hökmü çıxarmış, digərləri isə müxtəlif müddətli həbs cəzasına məhkum olunmuşdular.
Məhkəmə metrostansiyada törədilmiş terror aksiyasının Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlandığını, separatçı “Sadval” ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirildiyini sübuta yetirib.
“Sadval” separatçı təşkilatının həmin fəalları 1992-ci ildən etibarən dəfələrlə Ermənistanda olub, bu ölkənin Milli Təhlükəsizlik Baş İdarəsi Təşkilatın formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak edib.
1992-ci ilin aprel-may aylarında 30 nəfər milliyyətcə ləzgi olan Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçib.
İstintaq zamanı müəyyən edilib ki, təxribatçılar təlimata uyğun olaraq, “20 Yanvar” stansiyası ilə yanaşı Bakının “Nizami” kinoteatrında, Respublika sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırıblar.
“20 Yanvar” metro stansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilib.