Ermənilərin böhtan kampaniyasının pərdəarxası: “Bu yalanları həqiqət kimi sırımaq mümkün deyil”

“Erməni lobbisinin məqsədi COP29 öncəsi Azərbaycana təzyiq kampaniyası başlatmaqdır. Çünki tədbirə diqqətin yönəldiyini nəzərə alaraq, uydurma ittihamlarını beynəlxalq məkanda ictimailəşdirməyə çalışırlar”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Siyasi şərhçi erməni diasporunun Azərbaycan əleyhinə başlatdığı kampaniyaların pərdəarxası məqamlarına toxunub.

Onun sözlərinə görə, müşahidələr onu göstərir ki, erməni yalanlarının ayaq tutub yeridiyi dövr arxada qalıb:

“Digər tərəfdən, ABŞ Konqresində Azərbaycana qarşı davranışlar, eləcə də erməni lobbisinin istəyi ilə ölkəmizə yönəlmiş böhtan xarakterli açıqlamaların məqsədlərindən biri də ABŞ-də keçirilən prezident seçkiləri ilə bağlıdır. Seçkidə xüsusi marağı olan siyasi qüvvələr Azərbaycanı ittiham etmək, böhtan xarakterli açıqlamalar verməklə erməni diasporunun dəstəyini özləri üçün təmin etməyə çalışırlar. Onlar bu dəstəyin sayəsində ermənilərdən səs almağa çalışırlar. Seçkidən sonra təbii ki, ABŞ-də və Avropa İttifaqında bu məsələyə yanaşmanın dəyişəcəyi qətiyyən şübhə doğurmur. Doğrudur, ermənilərə bütöv dəstək tamamilə kəsilməyəcək, amma sözügedən dəstək indiki şəkildə də olmayacaq”.

Mütəxəssisin fikrincə, bütün bunlar onu göstərir ki, ermənilər ən xırda məsələdən belə istifadə etməyə çalışırlar:

“Lakin başa düşmədikləri bir şey var ki, artıq ötən əsrin əvvəlləri deyil və informasiya texnologiyaları o qədər inkişaf edib ki, yalanı həqiqət kimi qəbul etdirmək imkanları artıq məhdudlaşıb. Artıq bu yalanları həqiqət kimi sırımaq mümkün deyil”.

Xatırladaq ki, ABŞ-dəki erməni diasporu müxtəlif siyasilər vasitəsilə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməyə davam edir. Belə ki, Amerika-Erməni Milli Komitəsi (ANCA) bildirib ki, 60 ermənipərəst ABŞ konqresmeni Azərbaycanı guya müharibə cinayətlərinə görə cavabdeh olmağa çağırır.

Həmçinin BMT-nin Bakıda keçirilən COP29 iqlim sammiti ərəfəsində konqresmenlər ABŞ rəhbərliyinin Azərbaycanı guya hərbi cinayətlərə, girov götürməyə və Ermənistan torpaqlarının qanunsuz işğalına görə məsuliyyətə cəlb etməli olduqlarını bildiriblər. Onlar həbsdə olan separatçıların azadlığa çıxarılması üçün də bəyanat yayımlayıblar.

Rafi Müslümov

COP29