Ermənilərin iyul təxribatı Rusiya KİV-də

“Azərbaycan XXI əsrin müharibəsinin yeni imkanlarını nümayiş etdirdi”.

İqor Korotçenko, “Milli müdafiə” jurnalının baş redaktoru 

İyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş növbəti erməni təxribatı yavaş-yavaş tarixin arxivinə keçməkdədir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərini ələ keçirmək məqsədilə artilleriya silahlarının tətbiqi ilə başlanan təxribat dörd gün davam etdi. Təxribat hər iki tərəf üçün canlı qüvvənin, silah və döyüş texnikasının itkisi ilə nəticələndi.

Dörd gün davam edən silahlı toqquşma hər iki tərəfə müəyyən qərarların çıxarılması üçün yetəri qədər əsas verdi. Hər iki tərəf region və dünya dövlətlərinin, hərbi-siyasi blokların və beynəlxalq təşkilatların münaqişə tərəflərinə real münasibətini gördü və bu, gələcəkdə belə hallarda atıla biləcək addımların necə olması barədə fikirləşmək üçün kifayət qədər informasiya verdi.

Dediyimiz kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupunun, ABŞ Konqresinin, Türkiyənin və bir sıra digər regional və regiondan kənarda olan, lakin burada baş verən hərbi-siyasi prosesləri diqqət mərkəzində saxlayan dövlətlərin reaksiyası açıq-aydın göründü. İlk növbədə, cəmiyyətimizin və dövlət rəhbərliyinin birliyi bir daha bütün dünyaya məlum oldu.

Bununla yanaşı, dörd gün davam edən silahlı münaqişə Ermənistanın strateji tərəfdarı, onun simasında Cənubi Qafqazda öz forpostuna sahib, Gümrü şəhərindəki 102 nömrəli hərbi bazası ilə bu ölkənin ərazisində hərbi iştirakçı olan, Ermənistanın üzv olduğu Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının aparıcı ölkəsi, bir sözlə, Ermənistanı hərtərəfli dəstəkləyən Rusiyada da hadisələr diqqət mərkəzində saxlanıldı. Saxlanıldı və müəyyən nəticələr çıxarıldı. Gəlin, Azərbaycan Ordusunun fəaliyyəti barədə Rusiya KİV-də qeyd olunanlara nəzər yetirək.

  1. Müasir yüksək dəqiqlikli məhvetmə vasitələrinin tətbiqi: İlk növbədə, hərb nəzəriyyəsi nöqteyi-nəzərindən, Tovuzdakı münaqişədə ənənəvi döyüş fəaliyyətləri elementləri ilə yanaşı, hibrid və informasiya müharibəsinin, habelə kiber əməliyyatların olması ekspertlər tərəfindən xüsusi vurğulanıb. Erməni təxribatının qarşısı qısa vaxt ərzində və müvəffəqiyyətlə alındı. Bu zaman Ordumuz tərəfindən müasir yüksək dəqiqlikli məhvetmə vasitələrinin tətbiqi qeyd olunur ki, bu, bir tərəfdən düşmənin yaxşı mühafizə olunan hərbi obyektlərinin məhv edilməsini, digər tərəfdən isə mülki obyektlərin zədələnməsinə yol verilməməsini təmin etdi.
  2. Pilotsuz Uçuş Aparatlarının (PUA) tətbiqi: Yüksək dəqiqlikli məhvetmə vasitələrinin tətbiqi ilə yanaşı, zərbə PUA-ları geniş istifadə edildi. Bu növ müasir silahların satın alınması ilə bərabər, hazırlıqlı peşəkar kadrların olması da qeyd edilib. Zərbə PUA-larının tətbiqindən əlavə, kəşfiyyat təyinatlı PUA-ların tətbiqi vasitəsilə kəşfiyyat məlumatlarının qərargahlara ötürülməsi real vaxt rejimində döyüş meydanında vəziyyəti müşahidə etmək, qüvvələrimizin fəaliyyətini korrektə etmək imkanı verdiyi göstərilib. Ordumuzun dünyada PUA-ların tətbiqi üzrə ön cərgədə gedən Rusiya və İsrail dövlətlərinin orduları ilə bir sırada göstərilməsi də xüsusi diqqət cəlb edir.
  3. Texniki-informasiya mübarizə vasitələrinin tətbiqi: Ermənistanın əsas internet resurslarının, o cümlədən baş nazir Nikol Paşinyanın şəxsi səhifəsinin döyüşlərin qızğın vaxtında sıradan çıxarılması Azərbaycanın bu sahədə geniş imkanlara malik olmasını göstərir. Bu da müasir müharibənin elementlərindən biridir.
  4. Ermənistanın informasiya mübarizəsində məğlubiyyətə uğraması: Azərbaycana məxsus çoxsaylı PUA-ların vurulmasını, hətta radioelektron mübarizə vasitələri ilə sıradan çıxarılmasını iddia edən Ermənistanın bunu nüfuzdan düşən Paşinyanın şəxsi imicinin qaldırılması məqsədilə etdiyi qeyd edilir. Ermənistan Müdafiə Nazirliyinin göstərdiyi şəkillərin hansısa aparatların qalıqları və ya tam ölçülü mulyajların olduğu deyilir. Rusiya KİV-in ümumi fikrinə görə, Ermənistan Müdafiə Nazirliyinin dedikləri həqiqətə uyğun deyil.
  5. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin fəaliyyəti müsbət qiymətləndirilib: Rusiyalı ekspertlər münaqişənin “informasiya komponentinə” böyük əhəmiyyət verdilər. İctimaiyyətin (həm yerli, həm də xarici) vaxtında məlumatlandırılması, informasiya verilməsi müasir müharibələrin əhəmiyyətli komponentlərindən biridir. Münaqişənin ilkin mərhələsində Ermənistan Müdafiə Nazirliyinin sözçüsünün əvəz olunması tənqid edilir. Rusiyalı ekspertlərin fikrinə görə, bu, onun hazırlıqsız və bacarıqsız olması ilə əlaqəlidir. Eyni zamanda, canlı rejimdə yayımlanan fəaliyyətlər müsbət qiymətləndirilir, çünki məhv olunan obyektlərin yalnız hərbi təyinatlı olması aydın görünürdü.

Ordumuzun bölmələri ilə yanaşı, 25 mindən çox vətəndaşın orduya könüllü olaraq getmək istəməsi Rusiya KİV-in diqqətindən yayınmadı. Belə ki, münaqişənin kəskinləşməsi fonunda vətəndaşlarımızın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron formada, həmçinin yerli idarələrə müraciətləri, xidmətə könüllü olaraq yollanmaq istəyənlərin “Cənab Ali Baş Komandan, müharibə elan et!” şüarları da xüsusi vurğulanıb.

Rusiyalı ekspertlərin ümumi rəyinə görə, müstəqilliyini yenidən əldə edən Azərbaycan öz Silahlı Qüvvələrini daima diqqət mərkəzində saxlayır. Dövlət başçısı İlham Əliyevin diqqət və qayğısının nəticəsidir ki, ordumuz ən müasir silah və texnikalarla təmin edilib. Məhz buna görə, Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü ordusu sayılır. Azərbaycan əsgər və zabitlərinin əzmli, nizam-intizamlı olması, vətəni hər zaman, hər yerdə layiqincə təmsil etmələri də qeyd olunub.

Bütün bunların fonunda rusiyalı ekspertlər bildirirlər ki, Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü hər an bərpa etməyə hazırdır və qadirdir./Mediapost/

img
img
img
img
img
img

 

img
img
img

 

img

 

img