Ermənilərin kabusuna çevrilən QARAGÖL: “Torpaqdan beşinci başdaşı çıxarılanda Moskvalı qonaq dedi ki…” – Nizami İsmayılov
“Moskva 1987-ci il oktyabrın 17-də Qaragölü Ümumittifaq əhəmiyyətli dövlət qoruğu elan etməyə məcbur oldu”.
Azərbaycanın Ermənistanla sərhəddə yerləşən Qaragöl gölü və ətrafdakı yüksəkliklər üzərində nəzarəti bərpa etməsi həmin ərazilərin tarixi mənsubiyyəti haqda geniş müzakirələrə yol açıb.
Azərbaycanın qədim torpaqlarında süni şəkildə yaradılan Ermənistan öz saxtakarlığından əl çəkməyərək, hərbçilərimizin nəzarətə götürdüyü Qaragölün və İşıqlı dağının ona məxsus olduğunu iddia etməkdədir. Tarixi xronologiyanı və müxtəlif dövlərə aid hazırlanan xəritələri nəzərdən keçirdikdə isə Qaragöl və ətrafındakı ərazilərin əzəli Azərbaycan torpaqları olduğu öz təsdiqini tapır. Bu səbəbdən, Azərbaycan hərbçilərinin son addımları sadəcə, qanuni sərhədlərimizin bərpası anlamına gəlir.
Bununla belə, haqqında bəhs olunan məsələ ilə bağlı araşdırma apararkən maraqlı tarixi faktlar əldə etdik və eyni zamanda, yaxın keçmişin canlı şahidləri ilə söhbətləşmək imkanımız oldu.
Laçın rayon təhsil şöbəsinin uzun müddət baş inspektoru olmuş Nizami İsmayılov Qaragöl ətrafında baş verən hadisələrin canlı şahidlərindən biridir. Qaragöl Dövlət Təbiət Qoruğu 17 oktyabr 1987-ci il tarixində Azərbaycan və Ermənistan Respublikalarının direktiv orqanlarının qərarı ilə yaradılmış və respublikalararası dövlət qoruğu elan edilib. Ərazisi 240 hektardır. Bu rəsmi məlumata qədər Qaragöl ətrafında çox sayda hadisələr cərəyan edib. Aşağıda bununla bağlı daha ətraflı oxuyacaqsınız.
Laçın rayonunda XVIII əsrin birinci və ikinci yarısında 5 məscid olub. Birincisi Cicimli türbəsidir. Cicimli türbəsi həm də mədrəsə səlahiyyətli olub. Biçəniç kəndində iki məscid olub. Məscidlərdən biri 1718-ci ildə, digəri isə 1736-cı ildə inşa edilib. Daha bir məscid də Qarıqışlaq kəndində tikilib. 4 məsciddən əlavə bir də Qaragöl yaylağında – Qoçazgöl deyilən ərazidə bir məscid olub. Bu faktın özü Qaragölün Azərbaycana məxsusluğunu təsdiqləyir.
Qaragöl təkcə göldən ibarət deyil. Həmin gölün ətrafı köç yeri olub. Arandan heyvanlar həmin əraziyə gətirilib. Yaylaq vaxtı rəhmətə gedən şəxslər o gölün yaxınlığındakı qəbiristanlıqda dəfn ediliblər. Orada qəbirlərin sayı artdıqdan sonra yaylağa gələn Kərbəlayilər qəbiristanlığın yaxınlığında məscid inşa etməyə qərar veriblər. XVIII əsrdə orada azərbaycanlıların məscidi və qəbiristanlığı mövcud olub.
Sovet hakimiyyəti qurulandan sonra Gorus rayonu Azərbaycandan alınaraq indiki Ermənistana verilib. Həmin Qoçazgöl Ermənistan ərazisinə düşdüyü üçün ermənilər oradakı məscidi dağıdıblar və qəbiristanlığı məhv ediblər. Ermənilər məscidin daşlarını Xəzinəvar kəndinin yaxınlığındakı Buzovçu dərəsindəki çınqıllıqda gizlədiblər. Həmin daşlar Laçın rayonu sakinləri tərəfindən sonra tapılıb.
Xəzinəvar kəndində ermənilərin Şaumyan kolxozu olub. 1970-ci illərdə Gorus və Laçın rayon rəhbərliyi arasında əldə olunan razılığa əsasən, həmin kolxozun qoyun sürülərinə Qızıllıq bulağı və Qarıqışlaq obasından keçərək Qaragöldə su içmək icazəsi verilib. Həmin kolxoza Qaragölün hövzəsinin 15 faizindən istifadə hüququ verilib. Ermənilərin Qaragöl ətrafında otlaq sahələri olmayıb.
Nizami İsmayılov şahidi olduğu bir hadisə barədə bunları danışır:
“1977-ci ildə Laçın rayonu İcraiyyə Komitəsinin sədri Ümid Allahverdiyev Sadınlar kəndinə gəldi. Sadınlar Qaragölə ən yaxın kənddir. Qaragöllə kənd arasında məsafə cəmi 13 kilometrdir. Ərazidə iki İşıqlı dağı olub. Böyük İşıqlı dağın hündürlüyü 3552 metrdir. Bir də onun yanında kiçik İşıqlı dağ var. El arasında ona Dəmirdaş deyilirdi.
Ümid Allahverdiyevin dediyinə görə, ermənilər saxta xəritə hazırlayaraq Moskvanı aldadıblar ki, İşıqlı dağ onların ərazisinə düşür. Ermənilərin Moskvaya təqdim etdiyi xəritəyə əsasən, Qaragöl bütövlükdə Ermənistan ərazisində “qalırdı”. Ümid Allahverdiyev dedi ki, Moskvadan, Bakıdan və İrəvandan əraziyə nümayəndələr gələrək, sərhədi həmin xəritəyəuyğun müəyyənləşdirəcəklər. Bunun çox ağır nəticələri ola bilər.
Yaxın kəndlərdən də o əraziyə xeyli adam gəlmişdi. O vaxt Qarıqışlaq kənd orta məktəbinin iki müəllimi – Çingiz Mehrəliyev və İbiş Əsgərov SSRİ kimi nəhəng ölkə ilə açıq döyüşə girmişdilər. Buna görə Çingiz Mehrəliyevi məktəb direktorluğundan azad etdilər. Lakin Çingiz Mehrəliyev Mərkəzi Komitəyə gedərək sənədlərlə sübut etmişdi ki, Qaragöl Azərbaycanındır.
İbiş Əsgərov Laçın işğal olunanda ermənilər tərəfindən girov götürülmüşdü. Onu Gorusda işgəncə ilə öldürmüşdülər. Məhz o iki şəxsin fədakarlığı sayəsində Qaragöl ermənilərə verilmədi. Moskva 1987-ci il oktyabrın 17-də Qaragölü Ümumittifaq əhəmiyyətli dövlət qoruğu elan etməyə məcbur oldu. Qoruq Azərbaycanın tabeçiliyində idi. Direktoru və əməkdaşları azərbaycanlılardan ibarət olan Qoruğun İdarə Heyəti Laçında fəaliyyət göstərirdi.
Buna baxmayaraq, Qaragöl, Xəzinəvar kəndinin yaxınlığındakı Qəysəbə adlı binə (Qəysəbə Sadınlar kəndinin binəsi olub) və digər ərazilər Qorbaçovun əli ilə Ermənistana verildi. Qəysəbə binəsinin geniş ərazisi vardı. Babam İsmayıl Mirzəyev orada ictimai tövlə tikdirmişdi. Ermənilər oranı dağıdıb uçurdular. Gorus rayonunda 40 hektar ərazisi olan Ərəvis (Teğ) kəndi var idi. Anklav olan həmin kənd də Ermənistana verildi. Uşaq vaxtı o kəndə tez-tez gedib-gəlirdim. Daha sonra isə işğal dövrü başladı”.
Qaragölün ətrafındakı Təhməzli yurdu, Ağanus gölü, Kosalar gölü də Azərbaycan əraziləri olub. 1977-ci ildə Moskvadan iki nümayəndə olmaqla, Azərbaycan və Ermənistan rəhbərliyindən, Laçın və Gorus rayon rəhbərliyi də daxil olmaqla, mübahisəli məsələyə aydınlıq gətirmək üçün komissiya yaradılıb, Qaragöldə görüş keçirilib. Nizami İsmayılov həmin vaxt Sadınlar kənd orta məktəbində müəllim işləyib. O, qeyd olunan görüşü belə xatırlayır:
“Ümid Allahverdiyev yüksək təşkilatçılıq bacarığını göstərdi. Hətta hər kəsin qarşısında dedi ki, başım yarılsa da, maşınım yandırılsa da, o ərazilərin güzəştə gedilməsinə razılıq verməyəcəm. Moskvadan gələn nümayəndələr Çingiz Mehrəliyev və İbiş Əsgərovu soruşdular. Onlar da adlarını eşidib ayağa qalxdılar. Qonaq Çingiz Mehrəliyevin yazdığı ərizəsini oxudu. Bu zaman Bakıdan gələn nümayəndələrdən biri Çingiz müəllimin pencəyinin yaxasından tutdu, Ümid Allahverdiyevin maşınına söykəyərək dedi ki, sənin çürük qələmin bizi Moskvanın yumuruğunun altında qoyub. Niyə qoymursan rahat oturaq?
Düzü, Çingiz müəllim qorxdu. İbiş Əsgərov isə çox hövsələsiz adam idi. Çingiz müəllimə qarşı Bakıdan gələn nümayəndə elə davrananda, İbiş müəllim qışqırdı ki, “camaat, torpağı satanın biri də budur, vurun bunu”. Moskvadan gələn nümayəndələrdən biri camaatı birtəhər sakitləşdirdi və dedi ki, ərizədə Qaragölün yaxınlığındakı müsəlman qəbiristanlığının dağıdıldığı qeyd olunub. Onu mənə göstər, məsələ həll olsun”.
Çingiz müəllim də dedi, gedək, göstərim. Həmin ərazi artıq bir müddət əvvəl Ermənistana verildiyi üçün ermənilər qəbiristanlığı buldozerlə dağıdıb, üstünü torpaqlamışdılar. Nümayəndələr helikopter, camaat isə maşınlarla Qaragölə yollandı. Qarıqışlaq kəndindən Cəfər kişi vardı, ləqəbi Qara Cəfər idi. Dizini torpağa qoyub əli ilə yeri qazaraq bir başdaşı çıxardı. Başdaşının üstündə aypara və ərəb əlifbası ilə yazılar vardı. Torpaqdan beşinci başdaşı çıxarılanda, Moskvadan gələn nümayəndə yanındakına dedi ki, bunların fotosunu çək. O vaxt kamera, foto nə idi, çoxları bilmirdi.
Oradan gəldik Çınqıllı bulağın altına və Moskvadan gələn nümayəndə heyəti ilə Çingiz müəllim arasında danışıq getdi. Moskvadan gələn nümayəndə heyəti məsələnin həllini təxirə salmaq istədikdə, Çingiz müəllim bununla razılaşmadı. Dedi, hər kəs, maraqlı tərəflər buradadır, elan edin ki, bu ərazi Azərbaycanındır. Qonaqlar da ermənilərə bildirdilər ki, siz haqsızsınız. Bu hadisədən sonra bir də ermənilər Qaragölə iddia etmədilər. Ermənilərə Qaragöldən yalnız heyvanlarının və əkin sahələrinin suvarılması üçün su nasoslarından istifadəyə icazə verilmişdi. Orada su nasoslarının sayı artırılanda, akademik Həsən Əliyev buna müdaxilə etdi və gölün qurumasına imkan vermədi. Yalnız erməni tərəfinə gündə 2 saat su nasosundan istifadə etməyə icazə verilmişdi”.
Laçın rayonunun Sadınlar kəndi 1905-ci ildə erməni terroruna məruz qalan yaşayış məntəqələrimizdəndir. Kəndin kişiləri ot biçimində olan vaxt erməni terrorçuları kəndə girərək qoca, uşaq, qadın və xəstələri – ümumilikdə 36 nəfəri amansızlıqla öldürüblər. Ermənilərin Qaragöl yaylağına iddiasını sadəcə, indiki dövrün reallıqları ilə əlaqələndirmək olmaz. Qaragöl yaylağı 1918-20-ci illərdə ermənilərlə baş verən savaşlarda da döyüş meydanlarından biri olub. Müharibənin sonunda sərhədlər müəyyən edilən zaman Qaragöl Azərbaycan ərazisi kimi tanınıb. Azərbaycan ordusu 1920-ci ildə erməniləri məhz Qaragöl yaylasındakı Qazı gölünün ətrafında məğlub edib. Qaragöl Xosrov bəy, Soltan bəy, Seyid Həmid və adlarını bilmədiyimiz digər insanların qəhrəmanlığı sayəsində erməni işğalına məruz qalmayıb.
Mövzu ilə bağlı növbəti araşdırmaları da təqdim edəcəyik.
Səxavət Məmməd