Son günlər 1993-1994-cü illərdə erməni silahlı birləşmələrinin Kür çayına qədər irəliləməsinin qarşısının alınması barədə mübahisə doğuracaq versiyalar ortaya atılıb.
Akademik təhsilə malik, Azərbaycan ordusunun yaranmasında əvəzsiz xidmətləri olan, iki dəfə Bayraq ordeni alan Polkovnik Şair Ramaldanov və keçmiş döyüşçü İbad Hüseynov ayrı-ayrılıqda iddia ediblər ki, ermənilərin Kür çayına qədər getmələrinin qarşısını onlar alıblar.
Təbii ki, bu iddia birmənalı qarşılanmayıb və keçmiş döyüşçülərin bir çoxunu hiddətləndirib.
Ortaya atılmış iddialara 776 saylı xüsusi təyinatlı kəşfiyyat dəstəsinin komandir müavini, hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-da aydınlıq gətirib.
Tərlan Eyvazov bildirib ki, Polkovnik Şair Ramaldanovun dediyi kimi, o dövrdə 3 istiqamətdən hücum planı olub:
“Hücum planlarından biri Kəlbəcər istiqamətində idi. Bu barədə çox danışmaq istəmirəm, bu haqda çox yazılıb. O hücum planı tamamilə avantürist bir şey idi və alınmadı. İkinci istiqamət Horadiz, Füzuli istiqamətində idi. Üçüncü istiqamət isə Tərtər, Ağdərə tərəfdən olub. 1993-cü ildə Azərbaycanda siyasi dəyişiklikdən sonra bu zamana qədər olmayan vahid komandanlıq yarandı və Horadiz qəsəbəsi istiqamətində hücum başlandı. O istiqamətdə gedən hücumlarda Daxili qoşun və polis bölmələri də iştirak etdi. Bu müddət ərzində – 1994-cü il yanvar ayının 5-i Horadiz qəsəbəsi düşməndən geri qaytarıldı və ermənilərin əks həmlələrinin də qarşısı alındı. Bu gərgin döyüşlərdən sonra o istiqamətdə yenilənməyə və hücumun davam etməsi üçün əlavə qüvvələrə ehtiyac var idi.
Həmin vaxt gərgin döyüşlərin getməsinə baxmayaraq, Müdafiə Nazirliyi 776 saylı xüsusi təyinatlı dəstəni, həmçinin polkovnik F.Şabanovun komandanlığı altında yaranmaqda olan 172 saylı hərbi hissəni düzgün olaraq ehtiyatda saxlayırdı. Nəhayət bizim növbəmiz də çatdı. Ən əvvəl N.Sadıqovun ambisiyalı sərəncamına görə 776 saylı hərbi hissənin xətt batalyonu kimi 772-nin tərkibinə verilməsi məsələsi gündəmə gəldi. Amma kəşfiyyat idarəsinin israrlı arqumentlərindən sonra bizim hissəyə xüsusi tapşırıq verildi. Məlumdu ki, həmin dövrdə Horadiz istiqamətində qoşunlarımız xeyli irəliləyib, bir çox məntəqələrimizi işğaldan azad ediblər. Ancaq bu döyüşlər asan başa gəlməmişdi…
İtkilər baş vermiş, həmçinin həmin istiqamətdəki döyüşçülərimiz yorulmuşdular. 776 saylı hərbi hissəyə verilən əmrə əsasən, dəstə Füzuli istiqamətində qruplar şəklində düşmən arxasına keçib, arxadan ermənilərə zərbə endirməli, sonra isə bizimkilərin hücumu üçün şərait yaratmalı idi. Plan həddən ziyadə məxfi saxlanırdı. Hətta hissə rəhbərliyinin bundan xəbəri yox idi. Ona görə əvvəlcədən aldadıcı manevr kimi bizə hay-küylə Bərdə istiqamətinə yönəlmək əmr olundu. Yanvar ayının 27-də hissəmiz dövrünə görə ən yaxşı təchiz olunmuş, ən hazırlıqlı hissə kimi cəbhəyə yola düşdü.
Rəhbərliyin bu hərbi fəndi özünü doğrultdu. Yanvarın 28-nə keçən gecə bizim hərbi hissə maşınların işıqlarını söndürərək Tərtərdən çıxıb Füzuli istiqamətinə yola düşdü. Cəbhə xəttinə çataraq hərbi əməliyyatın hazırlığına başladı. Ancaq qeyd etdiyim kimi bu fənd alındı və həddən ziyadə effekt verdi. MN-dən bizə təhkim olunmuş general Alayarov təcili olaraq geriyə – Tərtərə dönməyimizi əmr etdi. Komandirə xitabən: “Aqayev, zavaril kaşu, tebe i zaxlyobıvat” dedi… Sən demə, ermənilər doğrudan da bu fəndə inanıb və bütün qüvvələrini Tərtər-Ağdərə cəbhəsinə yönəldərək, gözlənilmədən zərbə endirməklə Tərtər və Bərdəni işğal edərək Yevlaxa çıxmağı planlaşdırıblar. Artıq Füzuli istiqamətində hücumdan söhbət belə gedə bilməzdi. Durum həddən artıq kritik idi. Ona görə də 776 saylı hərbi hissə təcili geriyə – Tərtərə qayıdaraq Marquşevana yerləşib, düşmənə əks zərbə vurmaq üçün hazırlandı.
Ermənilər bu rayonda demək olar, bütün əsas döyüş qabiliyyətli hissələrini yerləşdirmişdilər. Dəqiqləşmiş kəşfiyyat məlumatlarına görə, bu məntəqəyə Maqadiz polku, Mardakert polku, Mesşenski polk, Akop Komari batalyonu, Stavropol əyalətindən cəlb olunmuş muzdlu suvari kazak batalyonu toparlanmışdı. Bu, hücum üçün cəlb edilən hissələr idi. Hələ yəqin ki, ehtiyat qüvvələri də mövcud idi. Həmin cəbhədə artıq iki ildən artıq idi ki, döyüşlər gedirdi. Bizim hissələr də böyük təcrübəyə malik idilər. Ancaq erməni qüvvələrinə qarşı yeni başa çatmış döyüşlərdə yorulmuş, şəxsi heyəti itkilərə məruz qalan bizimkilərin dayana biləcəyi böyük risk altında idi. Ermənilər hər vəchlə Füzuli cəbhəsində olan uğursuzluqlarının Tərtər istiqamətində əvəzini çıxmaq istəyirdilər. Tərtəri işğal etdikdən sonra isə Kür çayına qədər getmək istəyirdilər. Ancaq onların bütün cəhdləri boşa çıxdı”.
İstər İbad Hüseynovun, istər Polkovnik Şair Ramaldanov, istərsə də digərlərinin ermənilərin Kür çayına qədər gedib çıxmasının qarşısını almasını iddia etmələrinə gəldikdə isə Tərlan Eyvazov bunları deyib:
“Ümumiyyətlə, bunu iddia edən şəxslər xəritəyə baxıblar? Erməni birləşmələri Füzuli istiqamətindən Kür çayına qədər getmək üçün Füzuli, Ağcabədi, Beyləqan, İmişli, Saatlı, Sabirabad rayonlarını keçib getməli idilər. O ərazidə yüz minlərlə əhali yaşayır və orada çox ciddi müqavimətlə rastlaşacaqdılar. Bu yolu qət etmək məntiqlidir, yoxsa Tərtərdən 50 km məsafədən az olan yerə getmək? Yevlaxı ələ keçirmək Gəncəbasar və bütünlüklə qərb bölgəsinin Azərbaycanın mərkəzi ilə əlaqəsinin kəsilməsi deməkdir ki, bu isə arzuolunmazdır. Ermənilərin bu planı var idi və plan ruslar tərəfindən hazırlanmışdı. Ermənilərin bu planı həmin bölgədə döyüşən Azərbaycan əsgərinin əzmi sayəsində həyata keçirilə bilmədi”.
Hərbi ekspert qeyd edib ki, bu cür iddiaların ortaya atılması bizə şərəf gətirmir:
“Horadiz qəsəbəsinin və 20 kəndin, 2016-cı il Aprel döyüşləri zamanı hərbçilərimizin qəhrəmanlığı sayəsində müəyyən qədər torpaqlarımızın, ötən il Naxçıvan istiqamətində Günük kəndinin işğaldan azad edilməsi ordumuzun uğurlarıdır. Ancaq heç bir zabit, gizir, çavuş, əsgər bu uğuru öz adına çıxarmamalıdır. Bütün qazanılan uğurlar Silahlı Qüvvələrin döyüşdə iştirak etmiş hər bir hərbçisinin uğurudur”.
Qeyd edək ki, Horadiz əməliyyatı 1993-cü ilin dekabrından başlayıb və 6 yanvar tarixinə kimi davam edib. Döyüşlər nəticəsində Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Azərbaycanın nəzarətinə keçib.
Səxavət Məmməd