“Ermənilərin “Laçın yolu” iddiası öhdəliklərin icrasından yayınmaq üçün bəhanədir” – ŞƏRH

“Diqqət edirsinizsə, alternativ yol əleyhinə fikir bildirənlər Ermənistandakı revanşist qüvvələrin təmsilçiləridir”.

Bu fikirləri “Laçın dəhlizi”nə alternativ yolun “təhlükəli” olması barədə Ermənistanda qaldırılan süni narazılığa münasibət bildirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Ekspertin fikrincə, sözügedən alternativ yolun istismara verilməsi ərəfəsində Ermənistanda səsləndirilən fikirlər İrəvana əlavə vaxt qazandırmaq məqsədi daşıyır:

“Bildiyiniz kimi, Azərbaycanın inşa etdiyi “Laçın dəhlizi”nə alternativ yolda artıq son tamamlama işləri həyata keçirilir. 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsasən, alternativ yol istifadəyə verildikdən sonra ermənilər həmin yoldan istifadə etməli olacaqlar. Ancaq bu o demək deyil ki, qeyd olunan yoldan yalnız ermənilər istifadə edə bilərlər.

Alternativ yolun istismara verilməsi və Azərbaycanın nəzarətində olması Ermənistandan Qarabağa edilən səfərlərə nəzarət etmək imkanı yaradır. Yəni bundan sonra Ermənistan ərazisindən Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərlərin qarşısı alınacaq. Ona görə də Ermənistanda artıq alternativ yolun “təhlükəli” olmasına dair səs-küy qaldırılıb.

Xatırladım ki, Nikol Paşinyan da ötən həftə bəyan etmişdi ki, alternativ yol hazır olduqdan sonra “Laçın dəhlizi”, o cümlədən Laçın şəhəri və ətraf kəndlər Azərbaycanın nəzarətinə keçəcək. Ermənistan müxalifəti Paşinyana qarşı növbəti hücuma başlamaq üçün bu bəyanatı əsas götürüb. Diqqət edirsinizsə, alternativ yol əleyhinə fikir bildirənlər Ermənistandakı revanşist qüvvələrin təmsilçiləridir.

Lakin buna qarşı Ermənistanın rəsmi şəxslərinin hələ ki susqun qalmaları rəsmi İrəvanın da o fikirlərdən yararlanmağa çalışdığını göstərir. Belə anlaşılır ki, ermənilərin “Laçın yolu” iddiası öhdəliklərin icrasından yayınmaq üçün bəhanədir. Amma onların bu məsələni daha da uzatmaq üçün imkanlarının olduğunu düşünmürəm”.

A.Zeynalov