Ermənilərin müharibə HAZIRLIQLARI: “Ermənistan masaya öz suverenliyini qoyub”

“Bölgədə böyük layihələrin qarşısını kəsmək istəyənlən qüvvələr var ki, Ermənistanın əli ilə burda pozucu fəaliyyətlə məşğuldurlar”.

Bu sözləri artan gərginlik və Ermənistanın məqsədlərini şərh edən politoloq Tural Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Tural Əliyev bildirib ki, Ermənistan masaya öz suverenliyini qoyub:

“Ermənistan Azərbaycan sərhədində və Qarabağ daxilində qanunsuz hərbi birləşmələrin təxribatlarının artması fonunda eskalasiya artıb və müharibə ehtimalları yüksəlib. Çünki danışıqlar, demək olar ki, dayandırılıb. Ermənistan heç bir öhdəliyi yerinə yetirmir. Əksinə, Ermənistan bir neçə ölkədən silah almaqla nəyəsə hazırlaşır. Sülh istəyən sülh müqaviləsini imzalayar. Sülh müqaviləsini imzalamayıb, Azərbaycanın daxili işlərinə qarışıb, silahlanmaq nəyəsə hazırlıqdır.

Bölgədə böyük layihələrin qarşısını kəsmək istəyən qüvvələr var ki, Ermənistanın əli ilə burada pozucu fəaliyyətlə məşğuldurlar. Hərəkətlilik və təhdid artıb. Paşinyanın indiki ritorikası 2019-cu il ritorikasına bənzəyir. Həmin ildə də “Qarabağ Ermənistandır” deyirdi. İndi də eyni cür danışır. Bu o deməkdir ki, Paşinyan hökuməti sülh istəmir.

Rusiya ilə Ermənistan arasındakı qalmaqal da onu deməyə əsas verir ki, erməni tərəfi Rusiyanı da şantaj edir və Qərblə isti münasibətlər saxlamaqla Moskvanın maraqlarına zərbə vurmağa çalışırlar. Bu çox təhlükəlidir. Ermənistanın suverenlik məsələsidir. Ermənistan masaya öz suverenliyini qoyub və nəticəsinə də qatlaşmalı olacaq”.

Səxavət Məmməd