Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ermənilərin ölüm fərmanı verdiyi “Difai”çi mühacirin həyat hekayəsi

Zaman hakim, tarix isə yaddaşdır. Yaddaşı silmək isə mümkün deyil. Buna görədir ki, yüz il keçsə də, Azərbaycan üçün canını fəda edən insanların qəhrəmanlıq yolunu yaddaşlardan silmək mümkün olmayıb. 70 il ərzində sovet rejiminin bizə düşmən kimi sırımaq istədikləri insanları hamı öz qəlbində qəhrəman kimi saxlayıb. Bu qəhrəmanların həyat yolu dildən-dilə düşərək yaşadılıb. Kim idi o qəhrəmanlar?

Öz həyatını təhlükəyə atıb, ölümü gözə alan bu insanlar, ancaq gələcək haqqında düşünürdülər.

XX əsrin əvvəllərində ermənilər azərbaycanlılara qarşı amansız qırğına başlamışdılar. Ruslar tərəfindən silahlandırılan ermənilər İrəvan, Naxçıvan, Ordubad, Qarabağ, Gəncə, Bakı və Şirvanda yaşayan silahsız Azərbaycan türklərinə, dinc əhaliyə hücum edir, vəhşiliklər törədirlər…

Belə bir zamanda Azərbaycanın cəsur insanları ermənilərə hansı yollarla cavab verməyi düşünürdülər. 1905-ci ildə Bakı şəhərində Azərbaycanın görkəmli türkçü-ziyalısı Əhməd bəy Ağaoğlu “Fədai” adlı gizli bir cəmiyyət yaratdı. Cəmiyyətin əsas üzvlərindən biri isə, heç kimin tanımadığı 25 yaşlı Həsən Fəttah Başoğuz idi. Vətənpərvər bir gənc olan Həsən Fəttah Başoğuzun Əhməd bəy Ağaoğlu ilə möhkəm dostluq əlaqələri var idi. Onlar Şuşada tanış olmuşdular. Əhməd bəy Ağaoğlu bu ucaboy gəncə inanırdı. Tez bir zamanda Həsən təşkilat üzvlərinin sevimlisinə çevrildi. “Fədai” artıq “Difai” partiyasına çevrilmişdi. O, “Difai”nin ən etibarlı adamı hesab edilirdi. Hamının sevimlisi olan Həsən Fəttah Başoğuz kim idi?

Həsən Fəttah Başoğuz 1881-ci ildə Gəncədə doğulmuşdu.

Hələ kiçik yaşlarında ermənilərlə Gəncədə qonşuluqda yaşayan Həsən onların riyakarlığının, düşmənçilik hissinin şahidi olur. Məktəbdə oxuduğu zaman rus dilinin incəliklərini öyrənən Həsən, məktəbdəki dostları ilə siyasi təşkilat qurur. Təhsilini Rusiyada davam etdirən Həsən Fəttah Başoğuz burada siyasi təşkilatlarla əlaqədə olur. Onun Şuşada Əhməd bəy Ağaoğlu ilə tanışlığı həyatını dəyişir. Əhməd bəy təşkilatı quran zaman ən güvəndiyi insanlardan biri, tələbəsi hesab etdiyi Həsən Fəttah Başoğuz idi. “Difai”nin katibi rolunu icra edən Həsən bəy təşkilatın bütün fəaliyyətini kurasiya edirdi. Gəncə qubernatorunun müşaviri Kreşçinskinin məhv edilməsi planını da Həsən Fəttah Başoğuz hazırlamışdı. Bir müddət sonra general Qoloşanovun öldürülməsi xəbəri yayılır. Bu planı da məhz Həsən Fəttah Başoğuz hazırlayır. O, “Difai”nin gözəgörünməz adamlarından biri idi. Təşkilatın yeni üzvləri nə onu görmüşdü, nə də adını bilirdi. Ermənilər onun kim olduğunu yalnız 1917-ci ildə öyrənirlər. Artıq onun ölüm fərmanı verilmişdi. Lakin “Difai”nin əsas ideoloqlarından olan Həsən Fəttah Başoğuz dostları tərəfindən güclü bir şəkildə qorunurdu.

1917-ci il iyunun 17-də Gəncə şəhərində Nəsib bəy Yusifbəylinin liderliyi ilə yaradılan Türk Ədəmi Mərkəziyyət Partiyasının qurucuları arasında o da vardı. Bir müddət sonra Həsən bəy Gəncə şəhərinin Bələdiyyə başçısı seçilir. Azərbaycan Cümhuriyyəti qurulanda Həsən bəy Mərkəzi Bankın Baş direktor müavini təyin edilir. Ruslar tərəfindən Bakıda tutulduqdan sonra Həsən bəy doğulduğu Gəncəyə gedir. O yaxın dostu, polkovnik Cahangir bəy Kazımbəyli ilə görüşür və bu görüşdə təhlükəli vəziyyət müzakirə edilir. Həsən Fəttah Başoğuz 1920-ci il mayın 24-dən 31-nə qədər davam edən Gəncə üsyanının iştirakçısı olur. Bu üsyan amansızlıqla yatırılır. Üsyan zamanı Həsən Fəttah Başoğuzun yaxın qohumları, ailə üzvləri həlak olurlar. Həsən Fəttah Başoğuz 1920-ci ilin iyununda çətinliklə qardaş Türkiyəyə mühacirət edir. İstanbulda yaşayan Həsən bəy bankların birində auditor vəzifəsində çalışır. O, daima Türkiyədə yaşayan dostları ilə əlaqə saxlayır, siyasi fəaliyyətini davam etdirirdi. Ömrünü Azərbaycanın azadlığına, erməni terrorçularının məhv edilməsinə həsr edən Həsən Fəttah Başoğuz 1961-ci ildə Türkiyədə vəfat edir.

Cümhuriyyət dövrünün dəyərli araşdırmaçısı Dilqəm Əhməd Həsən Fəttah Başoğuzun Feriköy məzarlığında yerləşən qəbirini tapıb. Bu qəbirin ailə üzvləri tərəfindən təmir edildiyinin şahidi olub.

P.S. Foto Dilqəm Əhmədin arxivindəndir.

Qoşqar Salmanlı

www.yenicag.az

1614
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100