Ermənilərin Paşinyandan TƏLƏBİ: “Ya istefa verməlidir, ya da…”

“O, ya sülh müqaviləsini imzalamalıdır, ya istefa verməlidir, ya da istefaya göndərəcəklər”.

Bunu erməni əhalinin, hətta nüfuzlu siyasi şəxslərin Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsini bağlaması üçün təkidlərinin verəcəyi nəticələr haqda fikirlərini səsləndirən Konfliktalogiya Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Vüqar Qədirov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Paşinyan və komandası 44 günlük müharibədə məğlub olduqdan sonra Azərbaycanla münasibətləri gərginləşdirməyin daim Ermənistanın əleyhinə addım olacağını dərk etdi:

“Çox təəssüf ki, Paşinyan mövcud vəziyyəti dərk etsə də, revanşist qüvvələr ona sülh müqaviləsini imzalamağa imkan vermir. Hazırda baş nazirin mövqeyi 50/50-yədir.
Qarabağın beynəlxalq miqyasda Azərbaycan torpağı kimi tanınmasını Paşinyan belə etiraf etdi. Ermənistanın, Azərbaycanın ərazi bütövlüyün Qarabağ da daxil olmaqla tanıdığını dedi. Vaxtı gəldikdə Paşinyan və sonrakı rəhbərlər Zəngəzurun, Göyçənin, hətta İrəvanın belə Azərbaycan torpağı olduğunu qəbul edib, dilə gətirəcəklər.

Erməni əhali müharibədə məğlub olan Paşinyanı sülh müqaviləsinin imzalanması üçün ikinci dəfə seçdi. Ancaq müxtəlif erməni diasporları və Rusiya Paşinyanı təzyiq altında saxladığı üçün o, dilə gətirdiklərini sənəd üzərində təsdiqləyə bilmir.

Kəlbəcər istiqamətində ermənilərin təxribatı nəticəsində gərginlik yaranıb. Təxribatların Ermənistan üçün hansı nəticələr verəcəyini təxmin etmək mümkündür.

Paşinyan hazırda iki dilemma qarşısında qalıb. Birinci dilemma erməni əhalinin sülh müqaviləsinin bağlanmasını gözləməsidir. İkinci dilemma isə revanşistlərin müharibə tələb etməsidir. Belə vəziyyətdə isə o, ya sülh müqaviləsini imzalamalıdır, ya istefa verməlidir, ya da istefaya göndərəcəklər. Baş nazir Qərbin dəstəyi ilə masaya əyləşməyə məcburdur”.

Nəsimi Ələsgərli