“Atəşkəsin pozulması, Qaragöldə baş verənlər hamısı onu göstərir ki, Rusiya Azərbaycanın zəfərini həzm edə bilmir. Sülhməramlı adı altında provokasiya ilə məşğuldurlar”.
Bu sözləri erməni hərbçilərinin Qaragöldə post qurmaq cəhdi, atəşkəsi pozması və Rusiya sülhməramlılarının davranışlarına münasibət bildirən ehtiyatda olan polkovnik, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.
Rövşən Məhərrəmov bildirib ki, baş verən bütün neqativ hadisələrin hamısının başında Rusiya durur:
“Son vaxtlar Azərbaycanın Türkiyə ilə yaxınlaşmağı, Türkiyə müdafiə nazirinin Azərbaycana gələrək Zəfər bayramımızı bizimlə birgə keçirməyi ermənilərdən də çox ruslara qıcıqlanma əmələ gətirir. Türkiyə Böyük Millət Məclisinin Azərbaycanda olan Türkiyə kontingentinin burada qalma vaxtını bir il daha artırması Rusiyada qısqanclıq yaradır. Ermənistan müdafiə nazirinin Qarabağa gəlməyi birbaşa Rusiyanın əməlidir.
Rusiya sülhməramlıları Xocalıda böyük baza yaradıblar, kilsə tikiblər, rusiyalı dahilərə abidə qoyublar. Bunlar hamısı onun mesajıdır ki, Rusiya ərazidən çıxmaq istəmir. Ermənistanın həmin gücü yoxdur ki, atəşkəsi pozsun, Qaragöldə təxribat törətsin. Bunun başında duran birbaşa Rusiyadır”.
Səxavət Məmməd