“Geosiyasi vəziyyət tez-tez dəyişir, tarixi faktlar araşdırılır, dünya qəti qənaətə gəlir ki, o ərazilər tarixi Azərbaycan torpaqlarıdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında işğalçı Ermənistanın beynəlxalq hüquqa zidd siyasətini davam etdirməsinə münasibət bildirən politoloq Qabil Hüseynli deyib.
Qabil Hüsenli bildirib ki, ermənilərin təxribat xarakterli son addımları Azərbaycan tərəfini qıcıqlandırmağa hesablanıb:
“Ermənilərin son məlum davranışları onu göstərir ki, bu millət mənəviyyat, xislət etibarilə, çox qüsurlu toplumdur. Dünya ictimai rəyinə də, beynəlxalq təşkilatların mövqeyinə də meydan oxuya-oxuya öz bildiklərini etməkdədirlər.
Azərbaycan prezidenti qaçqınlar və məcburi köçkünlər üçün istifadəyə verilən “Qobu-3” yaşayıq kompleksinin açılışındakı çıxışında bu hərəkətlərə adekvat qiymət verdi.
Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin erməni təxribatlarına dair yaydığı açıqlama baş verənlərə tam adekvat olmasa da, cavab sayıla bilər. Bununla belə, ölkənin xarici siyasətin bütün ağırlıqlarını çiyninə götürən ölkə prezidenti qeyd olunan məsələyə birmənalı münasibət ifadə etdi.
İlham Əliyev bildirdi ki, Azərbaycan tərəfi problemin sülh yolu ilə həlli prosesinə sadiqdir. Ancaq eyni zamanda, prezident onu da dedi ki, bundan sonra hadisələr ermənilərin istədiyi kimi davam etməyəcək, edə də bilməz. Azərbaycan sülh danışıqlarının fayda vermədiyini gördükdən sonra hərb variantına əl atmalı olacaq”.
Politoloq Azərbaycanın mümkün addımları sayəsində Ermənistanın manevr imkanlarının xeyli məhdudlaşacağı qənaətindədir:
“Prezident İlham Əliyev bildirdi ki, hər zaman sülh danışıqlarının tərəfdarı olsaq da, Azərbaycan işğalçı Ermənistanın destruktiv hərəkətlərinə dözmək niyyətində deyil. Ermənilər qəyyumlarına arxalanaraq düşünürlər ki, Azərbaycan müharibə yolunu seçməyəcək. Amma geosiyasi vəziyyət tez-tez dəyişir, tarixi faktlar araşdırılır, qəti qənaətə gəlinir ki, o ərazilər tarixi Azərbaycan torpaqlarıdır.
Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlıq sazişi imzalamağa hazırlaşır. Bu tərəfdaşlıq sazişində Azərbaycanın ərazi bütövlüyü məsələsi mütləq öz əksini tapacaq. Nəticə etibarilə, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü birmənalı və qəti sürətdə dəstəkləyən müqaviləni imzalayacaq.
Doğrudur, Azərbaycandan da demokratiya və insan haqları istiqmətində müəyyən gözləntilər var. Hər halda, Azərbaycan da Avropa İttifaqının bu böyük jestinə adekvat cavab verəcək və beləliklə, Dağlıq Qarabağ probleminin həlli üçün hüquqi-siyasi bazanın yaradılması yolunda çox ciddi bir addım atılacaq.
Bundan sonra da ermənilərin danışıqlar masası arxasında rahat oturmaları çox çətinləşəcək və ənənəvi manevr imkanları xeyli məhdudlaşacaq”.
Səxavət Məmməd