“Ermənilərin vəhşiliyi heç kim üçün yenilik deyil” – Türkiyə millət vəkili – Özəl

Ermənistanın ötən gün Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının şəhid olması Türkiyədə də kəskin reaksiya doğurub.

Bu barədə Yenicag.Az-a açıqlama verən Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Yusuf Halaçoğlu dünyanın erməni vəhşiliyini sakit seyr etməsinin dərin hiddət doğurduğunu bildirib:

“Siz də, hər kəs də bilir ki, ermənilərin vəhşiliyi yenilik deyil. Azərbaycan və Türkiyə erməni vəhşiliyinin 1905, 1915, 1918-20 və 1992-ci illərdə dəfələrlə şahidi olub. Ona görə də son hadisə təəccüb doğurmur. Yəni ermənilərin dinc əhaliyə qarşı belə hərəkətləri gözlənilməz deyil.

Təəccüb və hiddət doğuran hal dünyanın özlərini aparıcı adlandıran ölkələrin bu vəhşiliyə göz yummalarıdır. Guya Qarabağ münaqişəsinin həlli ilə məşğuldurlar? Əslində, Ermənistanı bəsləməkdən başqa bir iş görmürlər.

Mən ermənilərin növbəti vəhşiliyini şiddətlə qınayır, faciə qurbanlarına Allahdan rəhmət diləyirəm”.

A.Zeynalov
Yenicag.Az