“Ermənistan artıq uzun müddətdir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclaslarında iştirak etmir. Təbii ki də, Belarus prezidenti Aleksandr Lukaşenkonun iclasda söylədiyi fikirlərdə ironiya var ki, bu da Ermənistanın bir növ saymazlıq etməsi kimi başa düşülür”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, Ermənistan və Paşinyan hakimiyyəti KTMT ilə bağları qırmağa çalışır:
“Təbii ki, Ermənistanın davamlı olaraq bu addımı təkrar etməsi KTMT ilə olan bağlarının qırılmasına xidmət edir. Doğrudur, Vladimir Putin son iclasda KTMT və Ermənistan arasında olan münasibətlərin pozulmadığını söylədi, lakin son addımlar və Nikol Paşinyanın verdiyi açıqlamalar isə Ermənistanın siyasi marağının tamam başqa cür izah edir”.
Politoloq əlavə edib ki, Ermənistanın bu addımı Qərbmeylli siyasəti ilə əlaqədardır:
“Təbii ki, Ermənistanın bu addımları atmaqda əsas məqsədi onun Qərbmeylli siyasətindən və Qərbə olan maraqlarında irəli gəlir. Çünki Ermənistan öz havadarlarını çoxdan seçib. Bundan əlavə, Ermənistanın NATO sevdası da az deyil. Lakin bu, demək olar ki, mümkünsüzdür. Çünki NATO tərəfindən qoyulan şərtlərin hamısı Ermənistanın kateqoriyasına ziddir. Eləcə də Azərbaycana qardaş olan Türkiyənin NATO-nun ən güclü üzvlərindən olması buna imkan verməz. Lakin Qərb və ABŞ Ermənistana öz maraqları üçün bir saziş də imzalatdıra bilərlər. Elə Ermənistanın atdığı addımlardan da görünür ki, Ermənistan Qərb və ABŞ-nin bütün təklifləri ilə razılaşmağa hazırdır.
Mayıl Soltanov