“Ümumiyyətlə, Ermənistan tərəfinin Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlərə baxışı spekulyasiyadan başqa bir şey deyil. İrəvan tərəfindən söylənənlər tarixi faktlara əsaslanmır, əksinə, reallıqdan uzaq, boş ittihamlardır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı deyib.
Siyasi təhlilçi Ermənistan Baş nazirinin Qərbi Azərbaycan ifadəsi ilə bağlı səsləndirdiyi fikirlərə və Ermənistanın sülh prosesindəki destruktiv yanaşmasına münasibət bildirib.
M. Bünyadlıya görə, məsələ ondadır ki, Qərbi Azərbaycan adı ilə tanınan coğrafi ərazinin mövcudluğu danılmazdır:
“Bu bölgələr – Zəngəzur, Göyçə, İrəvan, Dərələyəz – qədim Azərbaycan torpaqlarıdır və burada azərbaycanlılar əsrlər boyu yaşamışdır. Prezidentin vurğuladığı kimi, bu tarixi həqiqətlərə baxmayaraq, Paşinyan yenə manipulyasiya etməyə çalışır və erməni cəmiyyətini aldatmaq üçün əsasız iddialar irəli sürür. Paşinyanın bu yanaşması erməni tərəfinin saxta tarix üzərində qurulan siyasətini davam etdirdiyini bir daha göstərir. Onların sülh niyyəti olmadığını Prezident də dəfələrlə vurğulamışdır. Prezidentin Ermənistan rəhbərliyini faşist adlandırması təsadüfi deyil, çünki bu düşmənçilik siyasətinin kökləri tarixi faktlara söykənir”.
“Paşinyanın cavabında isə Prezidentin fikirlərini tam təkzib edə bilmədiyi, əksinə, dolayısı ilə təsdiqlədiyi görünür. O, Ermənistanın Azərbaycanla sülhə nail olmaq istədiyini söyləsə də, əslində, bu, ermənilərin Azərbaycana qarşı uzun illərdir davam edən düşmənçiliyinin nəticəsidir. Paşinyanın özü də Ermənistanın bu yanlış siyasətinin ölkəni uçuruma apardığını dolayısı ilə etiraf edir. Bu gün Ermənistan müstəqil siyasət yürütmək iradəsinə malik deyil. Xarici güclərin əlində alət olaraq fəaliyyət göstərir və bu da onların gələcəyini qaranlıq edir. Məsələn, Paşinyanın Avropa İttifaqı ilə bağlı son açıqlamasına Rusiyanın reaksiyası bunu bir daha sübut edir. Ermənistan, səhvlərini düzəltmədikcə, özünü məhvə sürükləməyə davam edəcəkdir”, – deyə o, əlavə edib.
“Azərbaycan Prezidenti isə açıq şəkildə bildirmişdi ki, Ermənistan öz varlığını qorumaq istəyirsə, bölgə dövlətləri, xüsusən də Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmalıdır. 17 bəndlik sülh müqaviləsinin böyük bir hissəsi artıq razılaşdırılıb, lakin bəzi məsələlər, o cümlədən referendum və ərazi iddiaları hələ də həll olunmamışdır. Ermənistan bölgədə mövcudluğunu qorumaq istəyirsə, ərazi iddialarından imtina etməli və Azərbaycanla sülhə nail olmalıdır. Bu sülhün təminatçıları isə Azərbaycan və Türkiyə olacaq. Xarici güclərin, o cümlədən Rusiya, İran və Qərbin bu məsələdə maraqları yalnız bölgəni gərginləşdirməkdir. Bu güclər, Ermənistanı istifadə etdikdən sonra onu taleyin ümidinə buraxacaq”, – analitik fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov