Ermənistan Amerika bioloji laboratoriyaları üçün TRAMPLİN OLUB – “Past”

Ermənistanda Amerika bioloji laboratoriyalarının problemi daima narahatlıqlara səbəb olub, müxtəlif müzakirələrə yol açıb. İlon Maskın USAID-yi “cinayətkar təşkilat” elan etməsindən və onun “bioloji silahların, o cümlədən COVID-19-un tədqiqatlarını maliyyələşdirdiyini” qeyd etməsindən sonra bu mövzu daha da şiddətli mübahisələrə səbəb oldu.

Yenicag.az xəbər verir ki, bu barədə “Past” nəşri məlumat yayıb.

Qəzet yazır ki, beynəlxalq təhlükəsizliyin ən yaxşı günlərini yaşamadığı deyiləndə, nəzərdə tutulanlar qızışan münaqişələr və müharibələr, ABŞ ilə Çin, Rusiya ilə Qərb arasındakı açıq qarşıdurma, geniş iqtisadi sanksiyalar və müasir dünya siyasətinin digər xüsusiyyətləridir:

“Buna baxmayaraq, qlobal təhlükəsizliyin mürəkkəb sistemi həyatımızın bir çox sənaye sahələrini, faktorlarını və xüsusiyyətlərini əhatə edir ki, biz bunlara nadir hallarda kifayət qədər diqqət yetiririk. Məsələn, epidemioloji təhlükəsizlik məsələləri bizi yalnız COVID-19 pandemiyasından sonra narahat etməyə başladı. Eyni zamanda, biz hələ də qəbul etməyə hazır deyilik ki, ölkələrimizdəki bioloji təhdidlərin çoxu süni xarakter daşıyır və bu, artıq konspirasiya nəzəriyyələrinin bir hissəsi deyil, yaşadığımız reallıqdır”.

Nəşrin əlavəsinə görə, bu ilin əvvəlində, demək olar ki, bütün media mühiti Ermənistanın sərhədində Amerika biolaboratoriyalarının fəaliyyəti ilə bağlı məlumatların “очередный” sızmasının xəbərini görməzdən gəldi:

“Beləliklə, tanınmış haker portalı (Osintcorp) yaxın keçmişdə Amerika “ACCU Reference Medical Lab” laboratoriyasının sındırılmış serverindən əldə edilən məlumatları dərc etdi. Sənədlər dırnaq xəstəliyi virusunun (FMD, SAT-2 serotipi) modifikasiyasına yönəlmiş tədqiqatların aparıldığını göstərir. Qeyd edək ki, bu tədqiqatlar “epidemioloji nəzarət” və “patogenlərin monitorinqi” terminləri ilə ört-basdır edilir, lakin layihələrin detalları və müəyyən təşkilatların iştirakı Ermənistan və bütün region ictimaiyyəti üçün ciddi narahatlıq doğurmalıdır”.

KİV əlavəsinə görə, məsələ burasındadır ki, dərc olunmuş fayllar arasında Amerika laboratoriyasının Ermənistandakı ABŞ hərbi attaşesi, polkovnik-leytenant Kevin Stili ilə yazışmaları da var:

“Məktublarda xüsusi diqqət Türkiyənin Ermənistana sərhəd bölgələrində toplanmış “bioloji nümunələrin” mümkün göndərilməsinə və tədqiqinə yönəlib. Bundan əlavə, tərəflər SAT-2 serotipi ilə dırnaq xəstəliyi virusunun modifikasiyası üzərində təcrübələrin aparılmasını müzakirə edirlər. Açıqlanan fayllarda vurğulanır ki, bu tədqiqatlar zamanı əldə edilən bütün məlumatlar ABŞ Müdafiə Nazirliyinin ciddi nəzarəti altında saxlanılmalıdır. Təbii ki, bu, aparılacaq işlərin məqsədləri və xarakteri ilə bağlı çoxsaylı suallar doğurur. Bunlardan ən kəskin, lakin ritorik olanı budur: Niyə məhz hərbi mütəxəssis Ermənistan və Türkiyə sərhədindəki laboratoriyanın fəaliyyətinə nəzarət edir?”

Nəşrin alaitiklərinin fikrincə, əgər bu sızmanın detallarını təhlil etməyə davam etsək və mövzunu daha diqqətlə araşdırsaq, virus nümunəsi özü maraq doğurur. Fakt budur ki, SAT-2 abreviaturası sözün əsl mənasında “Cənubi Afrika əraziləri” deməkdir. Yəni bu, təkcə Ermənistan üçün deyil, bütün Avrasiya qitəsi ölkələri üçün ekzotik serotipdir. Hazırda o, əsasən Afrikada yayılıb.

Qeyd etmək lazımdır ki, bu serotip artıq Afrika qitəsinin sərhədlərindən kənarda – Səudiyyə Ərəbistanında, Fələstində, İraqda, İordaniyada və nəhayət, 2023-cü ildə xəstəlik ocaqlarının aşkarlandığı Türkiyədə yayılıb. Sızma fayllarından göründüyü kimi, “ACCU Reference Medical Lab” laboratoriyasının “mütəxəssisləri” Türkiyə ərazisində SAT-2 virusunun nümunələrini toplayıb və onları Ermənistanda hərbi attaşe Kevin Stiliyə ötürüblər. Hətta bu prosesin daşınma zamanı virusun sızma riski yaratdığını nəzərə almasaq belə, maraqlıdır: Ermənistan hakimiyyətləri ölkə ərazisində bu cür təhlükəli virusdan xəbərdar idilərmi? Onun ötürülmə formatından xəbərdar idilərmi?

Bildirilib ki, FMD virusunun yeni növlərinin yayılması qitənin maldarlıq kompleksini inkişaf etdirən bütün ölkələri üçün xüsusi təhlükə yaradır. Risk zonasında İran, Ermənistan, Qafqaz regionunun bütün ölkələri, Mərkəzi Asiya dövlətləri, eləcə də Qərbin hibrid müharibələrinin əsas hədəfləri olan Rusiya və Çin var. Yeni serotipin yayılması ciddi nəticələrə səbəb olacaq: maldarlıq məhsulları və taxıl ixracına, eləcə də daxili ticarətə məhdudiyyətlər qoyulacaq. Bu cür tədbirlər iqtisadiyyata ciddi zərbə vura, beynəlxalq tərəfdaşların etibarını sarsıda və kənd təsərrüfatının inkişafı üçün əlavə maneələr yarada bilər.

Rafi Müslümov