!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan anlaşmadan BOYUN QAÇIRIR: "Sülhə məcburetmə əməliyyatlarını həyata keçirməliyik" - Elxan Şıxəliyev

!Reklam – Yazi

“Ermənistan özü sərhədin yaranmasını istəmir, Azərbaycanın yaratmasını da qəbul etmir. Hazırda baş verən konfliktin səbəbi budur”.

Bu fikirləri Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən son proseslər və onun səbəblərini şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elxan Şıxəliyev bildirib ki, erməni siyasi elitasında baş verən çaxnaşma özünü sərhəddə də göstərir:

“Vətən müharibəsində qazanılmış qələbənin bir ilini qeyd etdikdən sonra sərhəd bölgəsində, Qarabağ ərazisində ardıcıl proseslər baş verirdi. Əvvəlcə 60 nəfər Kəlbəcər yolunun üstündə post qurmaq istədi, onun qarşısı alındı. Ermənistanın müdafiə naziri Qarabağ ərazisinə gəldi, əslində, çox böyük konfliktə səbəb olacaq yoxlamalar apardı. Daşaltıdakı nəzarət buraxılış məntəqəsinə qumbara atıldı. Noyabrın 16-da Laçın bölgəsində – Qızılqaya ətrafında təxribat törətdilər. Bunların hamısının baş verməsi Ermənistanda gedən siyasi proseslərin sahəyə yansıması idi.

Ermənistanda siyasi hakimiyyət üçtərəfli bəyanatın nəticəsinə uyğun olaraq bir siyasi qərar verməlidir. Siyasi qərar sərhədlərimizin tanınması, Qarabağın Azərbaycanın tərkib hissəsinə aid olmasına, koridorların açılmasına, sülhməramlıların nəzarətində olan bölgədən qeyri-qanuni erməni hərbi birləşmələrinin çıxarılmasına dair kompleks tədbirlərdir. Sülh sazişi imzalanmalıdır. Masaya oturulmalıdır. Ermənistan siyasi hakimiyyəti bu sənədələrə imza atmaqla bağlı tərəddüd edir. Ona görə ki, bu addımları atsa, onları cəmiyyət qəbul etməyəcək. Dolayısı ilə, siyasi hakimiyyət üçün təhlükənin yarandığından qorxub, çəkinirlər. Sənədlərə imza atmamaq üçün vaxt qazanmaq istəyirlər. Bunu sözdə deyə bilmədikləri üçün sahəyə yansıdırlar.

Azərbaycan tərəfinə lazım olan məsələ sərhədlərin müəyyən olunmasıdır. Ya birtərəfli, ya da ikitərəfli qaydada bu sərhədlər müəyyən olunmalıdır. Sərhədlərin müəyyən edilməsi üçün ikitərəfli komissiya olmadığına görə bu tip problemlər olacaq. Ermənistan özü sərhədin yaranmasını istəmir, Azərbaycanın yaratmasını da qəbul etmir. Baş verən konfliktin səbəbi budur. Hər bir konflikt müvəqqəti olaraq atəşkəslə bitər. Rusiyanın müdaxiləsi, iki ölkənin müdafiə nazirlərinin telefon danışığından sonra ərazidə olan hərbi bölmələr harada idisə orada dayanmaqla atəşkəsin elan edilməsi baş verdi. Dolayısı ilə, o bölgədə hərbi nöqteyi-nəzərdən əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin lehinədir”.

Hərbi ekspertin sözlərinə görə, hazırda böhran dönəmidir, ortada nə sülh var, nə də müharibə:

“Böhran dönəmidir. Siyasilər anlaşarlarsa, bu ya atəşkəsə, ya sülhə çevrilə bilər. Anlaşmazlarsa, silahlar danışar. Azərbaycanın siyasi iradəsi ortadadır. Əgər buna razı olmasalar, sülhə məcburetmə əməliyyatlarını həyata keçirməliyik. Bütün cəbhə boyu proseslər ikitərəfli saziş imzalanması ilə bitəcək. Azərbaycan isətyir ki, bütün şərtlərə əməl olunsun. Ermənistan buna hazır deyil. Erməni tərəfi hər zaman son anda qeyri-adekvat davranıb. Daxildə bir böhran yaradırlar, siyasi hakmiyyəti dəyişirlər. Bununla vaxt qazanmaq, məsələni uzatmaq istəyirlər. Rusiyanın, beynəlxalq güclərin mövqelərinə baxırlar. Əksinə, onların əleyhlərinə işləyən bir proses gedir. Şəhidlər də versək, proses Azərbaycanın lehinədir”.

Səxavət Məmməd

www.yenicag.az

788
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv