“Ermənistan Azərbaycan dəmir yollarından istifadə edə bilməlidir” – Erməni nazir

“Ermənistan Azərbaycan dəmir yollarından istifadə edə bilməlidir”.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bunu yanvarın 10-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yunanıstanın xarici işlər naziri ilə birgə mətbuat konfransında bildirib.

Ermənistan tərəfi ümid edir ki, Azərbaycan konstruktiv yanaşma nümayiş etdirəcək, danışıqlar və görüşlər davam edəcək.

Nazir əlavə edib ki, tərəflər sülh müqaviləsi ilə bağlı təkliflər mübadiləsi aparıblar. Azərbaycan təklifləri dekabrın sonunda daxil olub, erməni tərəfi öz təkliflərini yanvarın 4-də göndərib.

Mirzoyanın sözlərinə görə, regional iqtisadi kommunikasiyaların blokdan çıxarılması vacibdir.

“Sülh təkcə atışmanın olmaması deyil. Bunlar açıq sərhədlər, malların və insanların hərəkətidir. Ermənistanın blokadada qalması vəziyyətini sülh adlandırmaq çətindir. Blokların açılması da bir neçə prinsip əsasında aparılmalıdır. Onlar da məlumdur – ölkələrin kommunikasiya üzərində suverenliyi, bərabərlik və qarşılıqlılıq. Azərbaycanın Ermənistan rabitə və dəmir yollarına çıxışı varsa, Ermənistan da Azərbaycanın dəmir yollarından istifadə etmək imkanına malik olmalıdır”, – o deyib.

Danışıqlara gəlincə, Mirzoyan qeyd edib ki, bütövlükdə danışıqlar həmişə birbaşa olub. Təşkilatda köməklik göstərən və ya təkliflər verməyə çalışan vasitəçilər var idi.

“Biz danışıqlar prosesinin davam etdirilməsində maraqlıyıq. Biz gözləyirik ki, Bakı gələcəkdə görüşləri və danışıqları davam etdirməyə razı olacaq”, – deyə nazir qeyd edib.

Xuraman Etibarlı

COP29