Ermənistan-Azərbaycan Sülh Platforması qoşunların qarşıdurma xəttində yaranmış gərginliklə bağlı bəyanat yayıb.
Trend-in məlumatına görə, bəyanatda fevralın 24-25-də qoşunların qarşıdurma xəttində artan gərginlikdən narahatlıq ifadə edilir, insan itkiləri ilə bağlı yayılan məlumatlara görə dərin təəssüf hissi bildirilir. “25 ildən çox uzanan münaqişədə sadə xalqın əziyyət çəkməsi, qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qayıda bilməməsi, həmçinin döyüşlərdə hər iki tərəfdən itkilərin olması və onların ailələrinin bu itkilərlə yaşamaq ağrısı bizi dərindən üzür. Baş verənlər münaqişənin dərhal həll olunmasının vacibliyini bir daha göstərir”, – deyə bəyanatda qeyd edilir.
Ermənistan-Azərbaycan Sülh Platforması inanır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız sülh yolu ilə mümkündür. Buna görə də Sülh Platforması tərəfləri döyüş əməliyyatlarını dərhal dayandırmağa, münaqişəni beynəlxalq hüquq normaları çərçivəsində tezliklə həll etməyə səsləyir. Eyni zamanda, münaqişənin həlli istiqamətində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqlar prosesinin davam etdirilməsinə və münaqişənin tez bir zamanda həlli istiqamətində qətiyyətli addımlar atmağa çağırılır.
Yeniçağ.Az