!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalasa belə, ölkədə gərginlik azalmayacaq” – ŞƏRH

!Reklam – Yazi

“Rusiya Azərbaycanla Ermənistan arasında nizamlama prosesində təşəbbüsün Avropa İttifaqının əlinə keçməsindən qətiyyən məmnun deyil”.

Bu fikirləri prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanın mayın 22-də Brüsseldə əldə etdikləri anlaşmanın Ermənistandakı daxili siyasi proseslərə təsirini dəyərləndirən Erməni Araşdırma Mərkəzinin rəhbəri, professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Ermənistanda Paşinyan hökumətinə qarşı ötən aydan başlayan yeni etiraz dalğası davam edəcək:

“Bildiyiniz kimi, Ermənistanda müxalifətin başladığı və arası kəsilməyən etiraz aksiyalarının başlıca hədəfi Paşinyandır. Əsasən, Rusiyanın dəstəklədiyi və yönləndirdiyi Ermənistan müxalifətinin bir nömrəli planı məhz Paşinyanı devirməkdir. Yəni burada Brüssel anlaşmasından asılı olmayaraq, müxalifətin məqsədi dəyişməzdir.

Hazırda Rusiyanın başı Ukrayna ilə müharibəyə qarışdığı üçün Moskva Azərbaycanla Ermənistan arasında nizamlama prosesində təşəbbüsün Avropa İttifaqının əlinə keçməsindən qətiyyən məmnun deyil. O baxımdan, Rusiya çalışır ki, onun diqtəsi altında keçməyən prosesdə nəticə əldə edilməsin.

Doğrudur, Paşinyanın da Rusiya ilə özünəməxsus bağlılığı var. Ancaq o, aydın başa düşür ki, Ermənistan bu ərəfədə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmasa, ölkəni fəlakət, hətta dövlətçiliyin itirilməsi təhlükəsi gözləyir. Bu səbəbdən Paşinyan Brüssel anlaşmalarını yerinə yetirməyə cəhd göstərəcək.

Müxalifətin fəaliyyətinə gəldikdə isə deyə bilərik ki, Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalasa belə, ölkədə gərginlik azalmayacaq, etiraz aksiyaları hələ davam edəcək. Lakin əvvəl də dediyim kimi, bu proseslər Paşinyanın devrilməsi ilə nəticələnməyəcək”.

A.Zeynalov

www.yenicag.az

391
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv