Ermənistan beynəlxalq hüquqa hörmətsizlik göstərir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə verib. Müsahibədə jurnalistin sualları­na cavabında dövlətimizin başçısının səsləndirdiyi dəqiq, aydın və məntiqli cavablar ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələri, o cümlədən tanınmış elm və mədəniyyət xadimləri, ziyalılar tərəfindən dərin razılıq hissilə qarşılanıb. Politoloq Azər Verdiyev bu barədə fikirlərini bizimlə bölüşərkən dedi:

– Mən müsahibəni böyük maraqla izlədim. Möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycan xalqının və dövlətinin milli maraqla­rını təcəssüm etdirən qətiyyətli mövqeyi ilə sonsuz qürur duydum.

Dövlətimizin başçısı Moskva danışıqlarının nəticələri ilə bağlı bildirdi ki, Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çalışırdı və buna hazırlaşırdı. Lakin təəssüf ki, Ermənistan atəşkəs rejimini kobud şəkildə poz­du. Danışıqlardan sonra heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum edildi. Gecə vaxtı – yat­mış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirildi. Birinci hücumdan sonra, – iki hücum olub, – həlak olanlar və yaralananlar hədsiz çox idi. Yəni, Ermənistan atəşkəsi nümayişkaranə şəkildə pozdu. Beləliklə, vasitəçilərə, Moskvada uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi.

Prezident İlham Əliyev sonra demişdir: “Mən dəfələrlə demişəm ki, Azərbaycan nizamlama prinsiplərinə sadiqdir. Bu prinsiplər çoxillik danı­şıqlar prosesində işlənib hazırlanıb. Mən öz açıq çıxışlarım və bu günlərdə mətbuat nümayəndələri ilə əlaqələrim çərçivəsində təsdiq etmişəm ki, əgər Ermənistan danışıqlar məcrasında özünü konstruk­tiv apararsa, biz günü sabah hərbi əməliyyatları dayandırmağa hazırıq. Lakin Yerevandan eşitdiyi­miz bəyanatlar ATƏT-in Minsk qrupu tərəfindən hazırlanmış baza prinsiplərinə tamamilə ziddir.”

Azərbaycan Prezidenti, həmçinin bildirdi ki, əgər erməni tərəfi, nəhayət, başa düşsə ki, hərbi təxribatlar yolu onları fəlakətə aparır, Azərbaycan hərbi əməliyyatları yenidən dayandırmağa və məsələni danışıqlar masası arxasında həll etməyə hazırdır.

Azərbaycan Prezidentinin fikir və mülahizələri aydın və birmənalıdır. Ermənistan təcavüzkardır, Azərbaycan torpaqlarının bir hissəsini işğal edib və uzun illər danışıqlar imitasiyası ilə status-kvonu saxlamağa çalışıb. Artıq, yetər! İşğal­çılar Azərbaycan torpaqlarından çıxmalıdırlar. Ermənistan bunu etmək və başa düşmək istəmirsə, Azərbaycan Ordusu ölkəmizin beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edəcək.

Qoy bütün dünya bilsin ki, Azərbaycan müharibəni öz gücünə aparır. Azərbaycan xalqında böyük qələbə əzmi var. Ermənilərin iddia etdiyi Yaxın Şərqdən, xüsusən Suriya və Liviyadan münaqişə zonasına silahlıların gətirilməsinə ehti­yac yoxdur. Bu cür bəyanatlar Rusiya və Fransa tərəfindən də səslənib. Bizim hansısa terrorçuları dəvət etməyimizə dair konkret faktlar, konkret sübutlar da yoxdur. Cənab Prezidentin vurğuladığı kimi: “Biz qarşıdurmaya son qoymaq və nizam­lama yollarını tapmaq üçün Moskvada və ya hər hansı başqa bir yerdə görüşməyə həmişə hazırıq. Biz də sülh istəyirik, lakin Ermənistandan fərqli olaraq, biz öz qanuni ərazilərimizi də istəyirik”

Söhbəti qələmə aldı: M.HACIXANLI, “Xalq qəzeti”