Ermənistan bu əraziləri Azərbaycana təklif edir – Erməni mətbuatından SENSASİON İDDİA

Ermənistanın baş naziri Nikol Paşinyanın dünənki Əskipara səfərində söylədiyi fikirlər bu gün erməni mətbuatında rezonansa səbəb olub.

Yenicag.az-ın məlumatına görə, erməni KİV-ləri iddia edir ki, müəyyən ərazilər Azərbaycana qaytarılsa belə, Əskipara çayının sağ sahilində, İrəvan-Tbilisi yolu üzərində yerləşən ərazilər Ermənistanın nəzarəti altında qalacaq. Hətta Əskipara kənd sakinlərinin sözlərinə görə, Nikol Paşinyan görüş zamanı Azərbaycan kəndlərinin geri qaytarılacağını, dövlət sərhədinin isə Əskipara çayından keçəcəyini bildirib.

Xatırladaq ki, yerli “Telegram” kanalları artıq Azərbaycana qaytarılan ərazilərin xəritələrini yayımlamağa başlayıblar.

Belə ki, iddialara əsasən, Ermənistanın nəzarətində olan Azərbaycan ərazisi (xəritədə sarı rənglə işarələnib) Məzəm kəndi istiqamətində yerləşən, Azərbaycanın nəzarətində olan de-yure Ermənistana məxsus ərazi (xəritədə qırmızı rənglə işarələnib) – Odundağ yüksəkliyi ilə mübadilə edilmiş sayılacaq.

Nəticə olaraq, Azərbaycan tərəfi Qızılhacılı-Məzəm yolu və ətraf ərazilərə, Ermənistan tərəfi isə Məlikkənd-Əskipara yolu və ətraf ərazilərinə fiziki nəzarət edəcək.

Sözügedən iddialar fonunda erməni KİV-ləri Tavuşun kəndlərinin Azərbaycana verilməsi ilə bağlı dezinformasiyalar dərc etsə də, Ermənistan hakimiyyəti verilən ərazilərin məhz SSRİ dönəmində Azərbaycan SSR-ə məxsus torpaqlar olduğunu qeyd edib.

Xəritədən də göründüyü kimi, Azərbaycanın 4 eksklavının (Barxudarlı, Sofulu, Yuxarı Əskipara, Kərki) taleyi hələlik məlum olmasa da, Paşinyan işğalda qalan Qızılhacılı, Xeyrimli, Bağanıs-Ayrım və Aşağı Əskiparanı Azərbaycana qaytarmaq niyyətindədir.

Rafi Müslümov

COP29