“Ermənistan bunu anladığına görə prosesi müxtəlif bəhanələrlə uzatmağa cəhd edir” – ŞƏRH

“Kommunikasiyaların açılması, Zəngəzur dəhlizi regionu tamamən dəyişdirəcək, Azərbaycanı aparıcı tranzit ölkəsinə çevirəcək”.

Bunu Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovun “Vaşinqtonda bir addım da irəli getdik” sözlərini şərh edən politoloq Vüqar Əhmədov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının davam etdirilməsi hər iki ölkənin gələcəyi üçün vacibdir:

“Münaqişəli tərəflər arasında fikir ayrılıqları mövcuddur. Münaqişənin sonlanmasında və iki ölkənin sülhə nail olmasında ən maraqlı olan tərəflərdən biri Azərbaycandır. Çünki kommunikasiyaların açılması, Zəngəzur dəhlizi regionu tamamən dəyişdirəcək, Azərbaycanı aparıcı tranzit ölkəsinə çevirəcək. Ermənistan bunu anladığına görə prosesi müxtəlif bəhanələrlə uzatmağa cəhd edir.

Azərbaycan Respublikasının XİN rəhbəri Ceyhun Bayramovun açıqlamasından müəyyən məsələlər ətrafında razılaşmaların əldə olunduğu qənaətinə gəlmək olar. Son qərar isə dövlət başçılarının görüşündə müzakirə olunacaq.

Proses sülhə doğru gedir. Bu ilin sonunda sülh razılaşması ilə bağlı iki ölkə arasında hər hansı sənədin imzalanmasının baş verə biləcəyini düşünürəm. Prinsipial məsələlər razılaşdırıldıqdan sonra sülhə gedən istiqamətdə artıq müəyyən ciddi addımlar atılacaq. Bu addımlar özü də bölgədə dayanıqlı sülhə nail olmaq üçün öz töhfəsini verəcək.

Zəngəzur dəhlizi, kommunikasiyaların açılması və sərhəd məsələlərinin həlli bu qəbil addımlardan sayıla bilər”.

Nəsimi Ələsgərli

COP29