Ermənistan çətin seçim QARŞISINDA: “Bunun mümkün olması bir az çətin görünür”

 

“Azərbaycanla Rusiya arasındakı münasibətlər hazırda yüksək səviyyədədir. Xüsusilə iki ölkə liderlərinin arasındakı münasibətlərin yüksək səviyyədə olması hər kəsə bəllidir. Amma analoji münasibətlərin Ermənistanla Rusiya arasında yaxşı vəziyyətdə olmasını söyləmək doğru olmaz. Ona görə ki, iki ölkə arasında kifayət qədər problemlər mövcuddur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi təhlilçi Əli Zülfüqaroğlu deyib.

O, ötən gün Moskvada baş tutan MDB dövlət başçılarının qeyri-rəsmi sammitində Azərbaycan və Ermənistan liderləri arasında baş tutmayan görüşdən söz açıb. “O ki qaldı sülh sazişinin bağlanması ilə bağlı ehtimallara, hesab edirəm ki, bunun mümkün olması bir az çətin görünür. Çünki üçtərəfli görüş baş tutmadı və Rusiya tərəfindən verilən açıqlama ondan ibarət idi ki, bəziləri bununla razılaşmadılar. Bəziləri deyəndə də Ermənistan nəzərdə tutulurdu.

Çünki İrəvan hesab edir ki, Moskvada üçtərəfli görüşün baş tutsa, Ermənistan kifayət qədər arqumentləri ortaya qoya bilməyəcək və xüsusilə də dəhliz məsələsində Rusiyanın təzyiqləri ilə rastlaşa bilər”, – deyə o, əlavə edib. Ə. Zülfüqaroğluya görə, eyni zamanda, Moskvadakı üçtərəfli görüşün baş tutmaması Qərbdə xoş qarşılanmaya bilər. Onun üçün də bu və ya digər məsələlərə görə Ermənistan üçtərəfli görüşün keçirilməsinə razı olmadı: “Amma Azərbaycan tərəfi də əvvəlcədən bəyan etmişdi ki, rəsmi Bakının şərtləri konkretdir, aydındır və beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə uyğundur. Azərbaycan heç bir platformadan imtina etmirdi, o halda ki, Qərb tərəfindən ölkəmizə qarşı qərəzli bəyanatlar verildi.

Azərbaycan həm üçtərəfli görüşün, eyni zamanda, sülh danışıqları prosesinin regional müstəvidə aparılmasının tərəfdarı olduğunu bildirsə də, Ermənistan buna adekvat yanaşma sərgiləməyib”. “O cümlədən, Azərbaycanın konstitusiya dəyişikliyi, ATƏT-in Minsk qrupunun ləğvi və Zəngəzur dəhlizi ilə bağlı tələblərinə Ermənistan qeyri-adekvat yanaşır. Təbii ki, burada Qərbin təzyiqləri mövcuddur. Əvvəllər Zəngəzur dəhlizinin açılmasını sülh sazişinə daxil etsə də, sonradan ATƏT-in Minsk qrupunun ləğvi və Ermənistan konstitusiyasının dəyişdirilməsi tələblərini irəli sürdü. Lakin Qərb tərəfindən olan təzyiqlər nəticəsində Ermənistan Azərbaycana qarşı məğlub dövlət olmasına baxmayaraq, şərtlər irəli sürdü və Zəngəzur dəhlizinin açılması ilə İranın yanaşması necədirsə, İrəvanın da yanaşmasının eyni cür olduğunu Nikol Paşinyan dilə gətirdi”, – deyə həmsöhbətimiz söyləyib.

Ə.Zülfüqaroğlunun fikrincə, bu isə İrəvanın, birmənalı olaraq, dəhliz statusundan imtina edilməsi anlamına gəlir: “Çünki burada Qərbin “sülh qovşağı” layihəsi mövcuddur ki, bu da heç bir halda Azərbaycanın maraqlarına uyğun gəlmir. Bunlar onu deməyə əsas verir ki, Ermənistan yaxın müddət ərzində sülh sazişini imzalamaq üçün imitasiya xarakterli görüşləri davam etdirəcək.

Qərb tərəfindən isə Azərbaycana təzyiqlər olub ki, yalnız Ermənistanın şərtləri daxilində sülh sazişi imzalansın, dünyada belə bir örnək yoxdur, məğlub dövlət şərtlər irəli sürsün. Ona görə də mənə elə gəlir ki, İrəvan şərtlərimizi qəbul etməyənə yekun sülh sazişi imzalanmayacaq”.

 

Rafi Müslümov

COP29