“Ermənistan çox gözəl başa düşür ki, gec-tez Azərbaycanın zərbəsi altında qalacaq” – Politoloq

“Ermənistan çox şey deyə və istəyə bilər. Qarabağla bağlı danışıqlar əlbəttə ki, davam etdiriləcək. Çünki hiss olunur ki, arada yaranan boşluq onların ziyanına işləyə bilər”

Bu sözləri Yeniçağ.az-a Ermənistandakı seçkilərdən sonra Qarabağ məsələsi ilə bağlı danışıqların yenidən başlanmasından danışarkən hərbi-ekspert Üzeyir Cəfərov deyib.

Ekspertin sözlərinə görə, çox güman ki, onlar danışıqları davam etdirmək üçün Moskvadan müəyyən göstərişlər alacaqlar:

“Bunun başqa yolu yoxdur, çünki onlar danışıqlar prosesini uzatmasalar özlərini çətin vəziyyətə qoymuş olacaqlar. Hesab edirəm ki, yaxın zamanlarda Qarabağla bağlı danışıqlar prosesi yenidən aktivləşəcək. Baxmayaraq ki, Ermənistan heç bir beynəlxalq hüquq normalara hörmətlə yanaşmasa da, vəziyyətin ciddiliyini də başa düşürlər. Azərbaycan tərəfi Ermənistanı və ATƏT-i danışıqlar prosesini, status-kvo-nu uzatmaqda günahlandırır və düz də edir. Ötən ilin aprelindən bu günə qədər heç bir dinamika və əməli fəaliyyət yoxdursa, yalnız Riana və Sankt-Peterburq danışıqları ilə bağlı müəyyən fikirlər səsləndirib. Orda da ortalığa nəticə olaraq bir iş qoyulmayıb”.

Ekspert bildirib ki, Azərbaycanın bu, haqlı narazılığı beynəlxalq qurumları da hərəkətə gətirməlidir:

“İndiki zamanda ATƏT ən çox çalışır ki, Azərbaycan-Ermənistan prezidentlərini bir araya gətirsin. ATƏT-in hesabatından da göründü ki, onlar nə qədər monitorinq keçirtdi və hansı işləri gördülər. Halbuki, o işlərin heç birinin Dağlıq Qarabağın həllində müsbətə doğru zərrə qədər də rolu olmadı. Hesab edirəm ki, danışıqlar prosesi yaxın zaman üçün hərəkətə gətirilməlidir. Sonrası necə olacaq, deyə bilmərəm. Danışıqlar prosesinin müəyyən çərçivəyə salınmasını istəyirəm. 2017-ci ilin birinci yarısında Ermənistan konkret olaraq hansısa düzgün qərar qəbul etməyəcəksə, Azərbaycan buna uyğun olaraq müəyyən addımlar atacaq. Bu addımlar da nə qədər tez atılsa bir o qədər yaxşıdır. Çünki Qarabağla bağlı bəzi dövlətlərin mövqeləri Azərbaycanın mövqelərindən tam fərqlidir. Konkret olaraq Rusiyanın, Fransanın mövqeləri Azərbaycanın milli maraqlarının ziyanına işləyir”.

Politoloq Fikrət Sadıqovun fikrincə, Ermənistan özü-özlüyündə qərar qəbul etmir:

“Onlar asılı bir dövlət qurumudur. Son zamanlar böyük dövlətlərin əlində xüsusi oyuncağa çevriliblər. Təbii ki, onların müəyyən niyyətləri var. Zənnimcə, seçkilərdən sonra onlar masa arxasına oturacaq və danışıqlara gedəcəklər. Ermənistanın çıxış yolu da yoxdur”.

Politoloq qeyd edib ki, Ermənistan özünü nə qədər qalib bir dövlət kimi aparsa da, dalana dirəndiyini başa düşmür:

“Ermənistanın sosial-iqtisadi vəziyyəti o qədər mürəkkəbdir ki, çıxış yolları da yoxdur. Ermənistanın özündə də xüsusilə artıq bir sıra qüvvələr, partiyalar və bloqlar Sərkisyana qarşı çıxış edirlər. Sərkisyanın keçmiş tərəfdaşları da hətta ona qarşı təzyiq göstərir, bloq yaradır və siyasi partiyalar təsis edirlər. Dağlıq Qarabağla bağlı Sərkisyanın seçki qabağı kampaniyası zamanı belə ona qarşı sərt ifadələr səsləndirildi. Onlar çox gözəl başa düşürlər ki, gec-tez Azərbaycanın zərbəsi altında qalacaqlar. Bunun çıxış yolu da danışıqlar və müəyyən bir kompromisə, güzəştlərə getməkdir. Buna da aparıcı dövlətlər təzyiq göstərməlidir”.

Qeyd edək ki, Ermənistanın Mərkəzi Seçki Komissiyası aprelin 2-də keçirilən seçkilərin ilkin nəticələrini açıqlayıb. Nəticələrə əsasən, hakim Respublika Partiyası seçicilərin 49,06%-nin səsini toplayıb. Sonrakı yeri isə 27,58% səslə Çarukyan bloku tutur. Növbəti yerlərdə Yelk bloku (7,69%), Daşnaksütyun Partiyası (6,61%), Çiçəklənən Ermənistan Partiyası (3,71%), Ohanyan-Raffi-Oskanyan bloku (2,08%), Erməni Milli Konqresi bloku (1,62%), Azad Demokratlar Partiyası (0,9%) və Ermənistan Kommunist Partiyası (0,74%) qərarlaşıb. Məlumata görə, seçki zamanı 1700-dən çox pozuntu qeydə alınıb.

Gülnarə Eynullaqızı
Yeniçağ.az