“Həm sülh sazişi, həm də Azərbaycanın və Ermənistanın digər ölkələrlə hərbi əməkdaşlığı ilə bağlı əsas hadisələr Yeni ildə baş verəcək”.
Bunu Yenicag.az-a açıqlamasında Azərbaycanla Ermənistan arasındakı sülh prosesindəki durğunluq və səbəblərindən danışan politoloq Abutalıb Səmədov deyib.
Onun sözlərinə görə, sülh sazişi ABŞ-nin yeni prezidenti Donald Trampın müdaxiləsindən sonra imzalanacaq:
“Bayden administrasiyası Ermənistanın Baş naziri Nikol Paşinyana gücü çatan qədər təzyiq göstərdi. Etiraf etməliyik ki, bu təzyiqlər nəticəsində Ermənistan tərəfindən kifayət qədər ciddi addımlar atıldı. Növbəti təzyiqi isə Tramp edəcək. Nəticədə Ermənistan razılaşdırılmamış maddələrlə bağlı reallıqları qəbul etmək məcburiyyətində qalacaq. Təəssüf ki, Azərbaycanla Ermənistan arasında danışıqlar bu cür irəliləyir. Kimsə Ermənistana və onun rəhbərliyinə beynəlxalq hüquq və ədalətin bərpası üçün təzyiq göstərməlidir. Trampın andiçməsindən sonra sülh prosesi daha da sürətlənəcək. 2025-ci ildə isə sülh sazişinin imzalanması mümkün olacaq”.
“Həm sülh sazişi, həm də Azərbaycanın və Ermənistanın digər ölkələrlə hərbi əməkdaşlığı ilə bağlı əsas hadisələr yeni ildə baş verəcək. Sülh sazişinin imzalanmasından sonra hərbi xərcləri azaltma yolunda addımlar atılacaq. Təbii ki, bu, qarşılıqlı şəkildə olmalıdır. Əgər Ermənistan hərbi xərclərini artırmağa davam edərsə, Azərbaycan da buna cavab olaraq eyni addımları atmağa məcbur olacaq. Lakin ümid edək ki, Ermənistan belə yarışa girməyəcək. Çünki heç vaxt nəinki Azərbaycandan üstün, heç ona yaxınlaşa belə bilməz”, – deyə o bildirib.
Nəsimi Ələsgərli