Ermənistan “DQR”-ı tanımaqla nə əldə etmək istəyir?

5994112338_1534afc908_z

Elman Nəsirov: ““İrs” partiyası özündən bir qəhrəman obrazı formalaşdırmaq istəyir”

Elməddin Behbud: “Belə təşəbbüslər bəzi qüvvələrə Azərbaycana təzyiq üçün lazımdır”

 Ermənistan parlamenti “DQR”-in müstəqil dövlət kimi tanınmasına dair qanun layihəsini müzakirə edəcək.  Qeyd edək ki, işğalçı ölkə parlamenti ara-sıra bu istiqamətdə müxtəlif cəhdlərdə bulunub. İndi görünür, növbəti dəfə bu istiqamətdə çabalamaq niyyətinə düşüblər. Görəsən, Ermənistan bununla nə əldə etmək istəyir? Hətta bu ölkənin parlamenti qondarma DQR-ı tanısa belə, nə dəyişəcək?

Yenicag.az saytına açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirdi ki, Dağlıq Qarabağdakı saxta rejimi tanımaq cəhdi Ermənistan parlamentində təmsil olunan bəzi partiyaların sadəcə olaraq, özlərini yeni seçkilər ərəfəsi reklam etdirməyə hesablanıb: “Ermənistan parlamentinin separatçı rejimi tanımaq istiqamətində atdığı addımlar heç də yeni deyil. Xüsusən də “İrs” partiyası hər dəfə bu məsələni gündəmə gətirir və çalışırlar ki, parlamentdə belə bir addımın atılmasına nail olsunlar. Ermənistan hökuməti isə hər zaman bunun əleyhinə olub və hesab edirlər ki, belə bir addımın atılması nəticə etibarı ilə onların indiyə kimi təqdim etdikləri siyasətə ziddir. Çünki, hazırki hakimiyyətin Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyi belədir ki, münaqişə tərəfləri Azərbaycanla qondarma DQR-dır. Özlərinin isə  bu prosesdə sadəcə münaqişənin həllinə dəstək verdiklərini iddia edirlər. Eyni zamanda, çalışırlar ki, danışıqlar prosesində qondarma respublikanın özü də bir tərəf kimi iştirak etsin. Lakin belə bir addımın atılması fonunda bundan sonra Ermənistanın danışıqlarda iştirak etmək imkanı buxovlanacaq. Tanınma prosesi ilə Ermənistana beynəlxalq ictimaiyyət, xüsusən də ATƏT-in Minsk qrupunun təzyiqləri arta bilər. Ona görə də, hazırda İrəvan rəhbərliyi qondarma DQR-in ancaq de-fakto mövcudluğu məsələsinə fikir verir, de-yureyə keçmək isə Ermənistan üçün əlavə başağrılarına səbəb ola bilər. Yəni prinsip etibarı ilə hazırki Ermənistan rəhbərliyi qondarma DQR-in tanınmasından imtina etmir, amma bunun üçün bir “X” saatının vacib olduğundan dəm vururlar. Təklifin gündəmə gəlməsinə çalışan “İrs” partiyası üçün bu daha çox özünü təsdiqləmə baxımından əhəmiyyətlidir. Onlar da gözəl bilir ki, belə bir addımın atılması Ermənistana heç bir müsbət məqam gətirməyəcək, əksinə onlar daha çox təzyiqə məruz qalacaqlar. Belə olan halda, həmin təkliflərlə çıxış etməklə, “İrs” partiyası bu addıma imza atmaqla özündən bir qəhrəman obrazı formalaşdırmaq istəyir. Belədə imici qaldırmaqla, parlamentdəki tərkibini genişləndirmək istəyir.  Ona görə hesab edirəm ki, bu dəfə də Ermənistan parlamentinin qondarma DQR-i tanımaq cəhdi nəticəsiz qalacaq”.

Demokratik Azərbaycan Naminə İctimai Birliyinin sədri Elməddin Behbud isə mövzu ilə bağlı Yenicag.az-a bunları söylədi: “Dəfələrlə Ermənistan parlamentində Dağlıq Qarabağın qondarma rejiminin tanınması ilə bağlı məsələ qaldırılıb və hər dəfə də uğursuzluqla nəticələnib. Bunun siyasi perspektivinin olmadığı öncədən hamıya bəlli idi. Bilirik ki, Ermənistan heç bir halda müstəqil qərar qəbul etmək səlahiyyətinə malik deyil. Belə təşəbbüslər zaman-zaman gərginliyin artması, Azərbaycana qarşı təzyiq edilməsi üçün müxtəlif qüvvələr tərəfindən istifadə olunub. Belə təşəbbüslərin hər hansı bir siyasi perspektivi yoxdur. Heç bir halda Dağlıq Qarabağdakı qondarma rejimin müstəqil subyekt kimi tanınması mümkün deyil. Beynəlxalq birlik tərəfindən qəbul olunan qərarlarda da göstərilir ki, Dağlıq Qarabağ və ətraf ərazilərdəki işğal olunan torpaqlar Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Beynəlxalq hüquq normaları da imkan vermir ki, digər dövlətin ərazisindəki separatçı qurum müstəqil dövlət kimi tanınsın. Ermənistan parlamentində təmsil olunan partiyalar yaxşı olar ki, öncə öz ölkələrinin müstəqil siyasət yürütməsinə səy göstərsinlər”.

Rüfət