“Sarkisyan nazik ipdən asılı vəziyyətdədir. 24 aprel qondarma soyqırımı günü bütün xalqı itaətsizliyə çağıran Paşinyan ola bilsin məhz həmin günü Sarkisyan hökumətinin fəaliyyətinə birdəfəlik nöqtə qoysun”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri bildirdi:
“Açığı Ermənistandakı etiraz dalğası artıq ciddi bir qüvvəyə çevrilməkdədir. Bu da təbii ki, yeni seçilən Sarkisyan hökuməti üçün böyük təhlükə vəd edir. İrəvanda baş qaldıran etiraz dalğası artıq Ermənistanın digər regionlarını da əhatə etməyə başlayıb. Bu da Ermənistan hökuməti üçün çətin problemlər yaşadacaq. O mənada ki, qısa zamanda artıq bütün Ermənistan iflic vəziyyətinə düşə bilər. Bu da kütləvi ictimai itaətsizlik fonunda demək olar ki, Sarkisyan hakimiyyətinin fəaliyyətini tamamilə iflic edər. Belə bir vəziyyətdə ola bilsin ki, bəzi güc orqanları xalqın tərəfinə keçsin. Sarkisyan üçün ən böyük təhlükələrdən biri də məhz budur. Həmin təhlükənin qarşısını almaq üçün Sarkisyanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdə yerləşdirdiyi qarabağlı hərbçilərdən ibarət qüvvənin Ermənistana gətirildiyi barədə informasiyalar da yayılıb. Bu faktın özü də göstərir ki, Sarkisyan hökuməti sözün həqiqi mənasında ciddi əndişə içərisindədir. Bir məsələni də nəzərə alaq ki, Sarkisyan hökuməti hələ fəaliyyətə başlamamış birbaşa xalqa yönəlik zorakılıq tədbirlərindən istifadə etməyə də ehtiyatlanır. Yadınızdadırsa, bir neçə ay öncə Sarkisyan Avropa Birliyilə assosiativ saziş imzaladı. Bir neçə gün bundan əvvəl isə Sarkisyan müavinini ABŞ-a əlavə maliyyə yardımı almaq üçün səfərə yollayıb. Belə olan təqdirdə, Sarkisyan indiki situasiyada zorakı tədbirlərlə xalqa divan tuta bilməz. Sarkisyanın qarşısında hazırda aşmağın mümkün olmadığı belə çətinliklər var. Bu da imkan verir ki, İkon Paşinyanın rəhbərlik etdiyi etiraz dalğası getdikcə daha da genişlənsin”.
O, Sarkisyanın Ermənistan xalqına qarşı zor tətbiq edə biləcəyinə inanmadığını deyib:
“Etiraz aksiyası kütləviliyi təmin edərək, belədə bütün Ermənistana sirayət edərsə, artıq heç bir güc xalqın qarşısını ala bilməyəcək. Doğrudan, bu məsələdə Sarkisyanı müdafiə edən Rusiya amilini də yaddan çıxartmamalıyıq. Ancaq hər bir halda Ermənistanda gedən prosesləri ABŞ və Avropa Birliyi də ciddi şəkildə izləməkdədir. Ona görə də baş qaldıran etiraz dalğası fonunda kimin qalib çıxacağı ilə bağlı proqnoz vermək çox çətindir. Ancaq bütün hallarda artıq Ermənistanda xalqın etirazına qarşı zor tətbiq etmək Sarkisyan üçün olduqca çətindir.
Zor tətbiqi olmadığı halda isə prosesin qarşısını almaq mümkün olmayacaq. Ona görə də demək olar ki, Sarkisyan nazik ipdən asılı vəziyyətdədir. 24 aprel qondarma soyqırımı günü bütün xalqı itaətsizliyə çağıran Paşinyan ola bilsin məhz həmin günü Sarkisyan hökumətinin fəaliyyətinə birdəfəlik nöqtə qoysun. Ona görə də 24 apreldə xalqın kütləvi yürüşündən çox şey asılı olacaq. Bu baş verərsə, Sarkisyan hökumətini xilas etmək çətin olacaq. Sarkisyan indiyə qədər bu kimi çətinliklə üz-üzə olmayıb”.
ELÇİN