!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan keçmiş səhvlərindən və 44 günlük müharibədən düzgün nəticə çıxarmalıdır - Hülya Məmmədli yazır

!Reklam – Yazi

44 günlük müharibənin nəticəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə regionda daha geniş əməkdaşlıq imkanları və davamlı sülh şansı yaranıb. Azərbaycanda səfərdə olan Litva Prezidenti ilə görüşdən sonra bəyanatla çıxış edən Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir. 

Bu məqsədlə, rəsmi Bakı ilk növbədə Cənubi Qafqaz respublikaları olan Azərbaycan, Gürcüstan və Ermənistan arasında üçtərəfli əməkdaşlıq formatının yaradılmasını təklif edib. Gürcüstan tərəfi bu təklifi müsbət qarşılasa da, Ermənistan qeyri-müəyyən mövqe nümayiş etdirir. Üstəlik, Azərbaycan regional əməkdaşlığın qonşu dövlətləri də əhatə edən genişləndirilmiş “3+3” formatını da irəli sürüb.

Azərbaycanın təklif etdiyi yeni regional əməkdaşlıq formaları bölgə dövlətlərinin hər birinin maraqlarına cavab verir və xalqların rifahına xidmət edir. Əməkdaşlıq hər şeydən əvvəl sülh, sabitlik, təhlükəsizlik deməkdir – bunlar isə dayanıqlı inkişaf və firavanlığın təməl şərtləridir.

Beləliklə, bu gün Cənubi Qafqazda hərtərəfli sülh və əməkdaşlıq üçün əlverişli fürsət, həm də zərurət yaranıb. Dünyada gedən təlatümlü proseslər, pandemiyanın, müharibələrin yaratdığı qlobal iqtisadi problemlər, ərzaq qıtlığı, kütləvi miqrasiya halları hər bir dövləti öz milli təhlükəsizliyini daha etibarlı təmin etməyə vadar edir. Bu isə ilk növbədə qonşularla qarşılıqlı hörmətə, etimada əsaslanan normal münasibətlərin yaradılmasından asılıdır.

Postmünaqişə dövründə Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmaq və hüquqi müstəviyə gətirmək istiqamətində ardıcıl addımlar atıb. Buna nümunə olaraq, erməni hərbi əsirlərin azad edilməsi, sülh müqaviləsinin əsasını təşkil edəcək 5 prinsipin irəli sürülməsi, sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasının dəstəklənməsini və s. göstərmək olar.

Müharibədən sonra Ermənistanın siyasətinə nəzər saldıqda isə ziddiyyətli addımların atıldığı, bəzən əldə olunan irəliləyişdən, razılaşmalardan geri çəkildiyi və ya qeyri-müəyyən mövqe sərgilədiyi görünür. Məsələn, Azərbaycanın irəli sürdüyü 5 prinsip beynəlxalq hüququn əsas prinsipləri olmaqla BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, 10 noyabr Üçtərəfli Bəyanatı və müsbət beynəlxalq təcrübəyə uyğundur. Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən, həmin prinsiplər aşağıdakılardır:

– Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

– Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

– Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

– Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

– Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Rəsmi İrəvan həmin prinsipləri qəbul etdiyini açıqlasa da, hələ ki, sülh müqaviləsinin hazırlanması yönündə əməli addım atmayıb.

Digər bir məsələ sərhədlərin delimitasiyasıdır ki, bu barədə tərəflərin aprelin 6-da keçirilən Brüssel görüşündə əldə olunan razılaşmaya görə, bu ilin aprelin sonunadək Azərbaycan və Ermənistan işçi qrupları yaratmalı idilər. Azərbaycan öz vədinə sadiq qalaraq vaxtında işçi qrupunu yaradıb və görüşlərə başlamağa hazır olduğunu bildirib. Ermənistan tərəfi özünün təklif etdiyi və artıq razılaşdırılmış görüşü ləğv edib, Azərbaycanın təklif etdiyi yeni görüş tarixini qəbul etməyib, bunula da prosesin irəliləməsinə mane olub.

Ermənistan tərəfinin bu cür məsuliyyətsiz addımları təkcə sülh prosesinə deyil, qarşılıqlı etimad mühitinin yaranmasına da əngəl törədir. Rəsmi İrəvanın bu cür manevrlərinin səbəbinə gəlincə, iki ehtimalı nəzərdən keçirmək olar.

Birinci ehtimal odur ki, rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir, bu məqsədlə də sülh danışıqlarını uzatmağa, hətta pozmağa çalışır. Bu vəziyyət, istər-istəməz, 44 günlük müharibədən öncəki uğursuz danışıqlar dövrünü xatırladır. Ermənistan tərəfi illər boyunca danışıqlarda destruktiv yanaşma sərgiləmiş, vaxtı uzatmaqla nəyəsə nail olacağına ümid bağlamışdı. Lakin 2020-ci ilin müharibəsi göstərdi ki, rəsmi İrəvan belə mövqe ilə əslində zaman itirdi, bu gün nəticə etibarilə, həm ələ keçirdiyi torpaqlardan, həm də 30 il ərzində inkişaf imkanlarından məhrum oldu. Ona görə də Ermənistan “dəmir yumruğu” unutmamalıdır. Çünki əgər Ermənistan Azərbaycanın təklif etdiyi prinsiplər əsasında sülh müqaviləsi bağlamaqdan, ərazi bütövlüyümüzü tanımaqdan imtina etsə, onda Prezident İlham Əliyevin aprelin 22-də Dünya Azərbaycanlılarının V Qurultayında dediyi kimi, Azərbaycan da bu ölkənin ərazi bütövlüyünü tanımayacaq: “İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq”. Başqa sözlə desək, Azərbaycanla sülhdən imtina etmək Ermənistan üçün özünəqəsd deməkdir.

İkinci ehtimal isə xarici faktorla bağlıdır, yəni rəsmi İrəvan Azərbaycanın təklif etdiyi prinsiplər əsasında sülh müqaviləsinin imzalanmasına və sərhədlərin delimitasiyasına razıdır, lakin iki ölkə, xalq arasında barışıq istəməyən xarici qüvvələr özlərinin Ermənistandakı əlaltıları vasitəsilə bu prosesə mane olmağa çalışırlar. Son həftələrdə Ermənistanda baş qaldıran kütləvi etiraz aksiyalarını da bununla izah etmək mümkündür.

Ermənistan cəmiyyətinin böyük əksəriyyətinin müharibəni uduzmuş Paşinyan iqtidarına səs verdiyini və növbəti müharibəyə hazır olmadığını nəzərə alsaq, bu aksiyaların ümumxalq hərəkatına çevrilmə ehtimalı azdır. Güman ki, Paşinyan hökuməti Azərbaycanla sülhə doğru növbəti addımları atmazdan öncə aksiyaların səngiməsini, gərginliyin azalmasını gözləyir. Lakin rəsmi İrəvanın həddən artıq qətiyyətsizlik göstərməsi revanşist dairələr tərəfindən zəiflik əlaməti kimi qarşılanaraq onların daha aqressiv davranışlarına və ölkə üçün daha ağır nəticələrə səbəb ola bilər.

İstənilən halda regiondakı və dünyadakı vəziyyətdən asılı olmayaraq Azərbaycan öz yolunda irəliləməkdə, Qarabağı dirçəltməkdə, müttəfiqləri ilə əlaqələrini gücləndirməkdə, yeni tərəfdaşlar qazanmaqda davam edir. Beynəlxalq arenada qüvvələr balansının kəskin dəyişdiyi, yeni dünya düzəninin formalaşdığı indiki mürəkkəb geosiyasi proseslər və dünya iqtisadi böhranı fonunda Ermənistanın yeganə xilas yolu Azərbaycan və Türkiyə ilə barışıq əldə edib, regional əməkdaşlığın bir parçasına çevrilməkdir.

Hülya Məmmədli

Politoloq

www.yenicag.az

261
Ads
www.veteninfo.com
!Reklam – Arxiv