“Ermənistan Azərbaycan arasında hazırda sülhdən uzaqlaşma prosesi gedir”.
Bu fikri Ermənistanla Azərbaycan arasında sülh danışıqları, prosesin ləngiməsi və hazırkı vəziyyəti Yenicag.az-a dəyərləndirən politoloq Yusif Bağırzadə deyib.
Onun sözlərinə görə, Ermənistan heç bir öhdəliyini yerinə yetirmir:
“Ermənistan 10 noyabr bəyanatında öhdəliklər götürmüşdü. Bu günə qədər o öhdəlikləri icra etmir. Digər tərəfdən, Ermənistan parlamentinin sədri və hakim partiyanın nümayəndələri bəyanat vermişdi ki, konstitusiya dəyişikliyinə gedəcəklər. Daha sonra Ermənistan parlamentinin sədri Alen Simonyan açıqlama verdi ki, konstitusiya dəyişikliyinə Azərbaycanın tələbinə görə deyil, Avropa İttifaqına daxil olmaq üçün gedirlər”.
“Hazırda isə fərqli siyasət aparılır. Artıq Baş nazir Nikol Paşinyan bəyanat verir ki, konstitusiya dəyişikliyinə ehtiyac yoxdur. O, deyir ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası mövcud deyil. Yəni bu gün o Azərbaycanı ittiham edir. Görünən odur ki, artıq sülhdən uzaqlaşma prosesi gedir. Bundan sonra bu daha da aydın şəkildə hiss olunacaq”.
Səxavət Məmməd