“Ermənistanın Baş naziri Nikol Paşinyan dünən açıqlamasında dedi ki, hökumət bununla bağlı qərar verərsə, İrəvan KTMT-dən çıxacaq. Lakin bizim mətbuat dərhal yazdı ki, “Paşinyan KTMT-dən çıxacağını dedi”. Belə bir şey yoxdur”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Siyasi təhlilçi Ermənistanın Baş naziri Nikol Paşinyanın KTMT ilə bağlı səsləndirdiyi bəyanatın pərdəarxası məqamlarına toxunub.
R. Bayramov diqqətə çatdırıb ki, Ermənistanda anti-Paşinyan mövqeli mətbuat dərhal onun “çıxa bilərik” bəyanatını “çıxırıq” kimi təqdim etdi:
“Ona görə də Xarici İşlər Nazirliyi axşam bunu təkzib etmək məcburiyyətində qaldı. Paşinyan “çıxırıq” demədi, o söylədi ki, “Belarus KTMT-dən çıxarsa, biz KTMT-dəki fəaliyyətimizə yenidən baxa bilərik”. Onsuz da hər dəfə Avropa İttifaqından, yaxud Amerika Birləşmiş Ştatlarından hər hansı bir rəsminin Ermənistana səfəri öncəsi Paşinyan anti-Rusiya bəyanatlarının səviyyəsini artırır. Bu da başa düşüləndir. Qərbdən müvafiq maliyyə, texniki, beynəlxalq və siyasi dəstək almaq istəyən Paşinyan hakimiyyəti təbii olaraq bu cür bəyanatlar verməlidir və verir də. Amma Rusiyanı qıcıqlandıra, Moskvanın “qırmızı cizgiləri” hesab oluna biləcək addımlar bu günə qədər də Ermənistan tərəfindən atılmayıb. Hətta KTMT-dən çıxmaq belə, Rusiyanın “qırmızı cizgisi” hesab olunmamalıdır. Çünki Rusiya Ermənistan ərazisində Ermənistan KTMT üzvüdür deyə, yerləşməyib. Bununla bağlı iki ölkə arasında konkret müqavilələr var və həmin müqavilələr əsasında da Ermənistanda Rusiya hərbi bazalarda fəaliyyətini davam etdirir, sərhədlərin mühafizəsini də Rusiya həyata keçirir.
İqtisadi baxımdan da Ermənistanın dəmir yolları, elektrik enerjisi və qaz təchizatının Rusiyanın balansında olması ikitərəfli müqavilələr əsasındadır. Bu günə qədər Ermənistan bu müqavilələrin ləğvi ilə bağlı bu və ya digər şəkildə bir dəfə də olsun bəyanatla çıxış etməyib. Amerikan, Fransanı, Avropa İttifaqını Ermənistana yerləşdirmək istəyən Paşinyan bir dəfə də olsun, hətta rus hərbi bazasının Ermənistandan çıxma ehtimalı ilə bağlı da bircə cümlə belə səsləndirməyib, o cümlədən Paşinyan hakimiyyətindən heç kim də bu barədə danışmayıb”.
Mütəxəssisin fikrincə, bütün bunlar onu deməyə əsas verir ki, bu gün Ermənistan Rusiyadan asılılığının səviyyəsini başa düşdüyü, eləcə də iqtisadi rıçaqların işə salınacağı halda, ölkəsinin olduqca bərbad durumda qalacağını dərk etdiyi üçün hələ ki “qırmızı cizgilər”i aşacaq hərəkətlər etmir, ancaq bəyanatlar verir və quru bəyanatlardan o yana konkret addımlar atmayıb:
“Bundan sonra konkret addımlar olacaqsa, nəticədə Rusiya tərəfindən cavab tədbirləri görüləcək. Misal üçün O’Brayenlə görüşdə imzalanan yekun bəyanat var idi. Orada konkret müddəalardan biri ABŞ və Avropa İttifaqı tərəfindən tətbiq olunan sanksiyaların icrasına nəzarəti özündə ehtiva edirdi. Bu da o deməkdir ki, son iki ildə Ermənistanın Rusiya ilə ticarət dövriyyəsinin 2 milyarddan 7 milyard dollara qalxması artıq ABŞ-nin Ermənistanın Rusiyanı sanksiyalardan yayınmaq üçün dəstək verdiyi ilə bağlı məlumata malik olduğunu göstərir. Sözügedən bəyanatda bu məsələnin yer tapması onu deməyə əsas verir ki, növbəti mərhələdə Ermənistanla Rusiya arasında bu səpkidə ticarət dövriyyəsi minimuma endiriləcək və ABŞ buna kifayət qədər nəzarət edəcək. Əvəzində isə həmin qazancı ABŞ özü Ermənistana təqdim edəcək”.
Onun sözlərinə görə, bu, baş verərsə, Rusiyanın maraqlarının əleyhinə fəaliyyət kimi qəbul olunub, Rusiya tərəfindən hansı addımların atılmasına gətirib çıxara bilər:
“Amma indiki mərhələdə Rusiya hələ ki ancaq aksiyalar vasitəsilə öz mesajını çatdırır. Məncə, hakimiyyəti dəyişmək yox, onu bundan sonra atılacaq addımlardan çəkindirmək və daimi nəzarətdə saxlamaq üçün aksiyaların səviyyəsinin artırılması istiqamətində Kreml tərəfindən hansısa addımlar atıla bilər. Amma indiki mərhələdə quru bəyanat vermək hər iki tərəfə sərf edir. Ortada real heç nə yoxdur və nə Rusiya konkret addım atır, nə də Ermənistan”.
Rafi Müslümov