Ermənistan parlamentində “Avroreferendum” layihəsi ilk oxunuşda 63 lehinə, 7 əleyhinə səslə qəbul edilib. Layihə gündəlikdə səsverməyə çıxarılan sonuncu sənəd olub. Deputatlar təxminən 20 qanun layihəsinə səs verdikdən sonra bu layihəyə keçid zamanı hakim “Vətəndaş Müqaviləsi” (VM) fraksiyasının rəhbəri Hayk Konjoryan gözlənilmədən 20 dəqiqəlik fasilə istəyib.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Məlumata görə, bu qərar parlamentin sədri Alen Simonyanın Konjoryana göndərdiyi SMS-dən sonra verilib. 20 dəqiqə sonra Simonyan iclas zalına qayıdıb və səsvermə baş tutub.
Qəzet yazır ki, sözügedən hadisə hakim fraksiya daxilində müzakirələrə səbəb olub:
“Bəzi deputatlar sual ediblər ki, nə üçün parlament sədri əvvəlcədən zalda olmayıb, halbuki, o, heç bir xarici nümayəndə heyətini qəbul etmirdi və parlamentin rəsmi saytında hər hansı görüşlə bağlı məlumat yer almamışdı. Onların fikrincə, Simonyan şəxsi qrafikinə uyğun olaraq, parlament iclaslarına qatılır və ehtimal olunur ki, məhz Rusiyaya qarşı yönəlmiş bu layihənin səsverməsində iştirak etmək üçün iclasa qayıdıb. İclasdan sonra Simonyandan niyə zalda olmadığı soruşulub. O, görüş keçirdiyini bildirib, lakin kiminlə və harada olduğunu açıqlamayıb”.
Rafi Müslümov