Ermənistan MN-dən VOMA terror təşkilatı ilə bağlı AÇIQLAMA: “İcazə verməmişik” – FOTO

Ermənistan Müdafiə Nazirliyi VOMA-ya mühəndis işləri üçün icazə verməyib.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi və Silahlı Qüvvələrinin Baş Qərargahı departamentinin parlamentin sorğusuna cavabında deyilir.

Bildirilir ki, Müdafiə Nazirliyi VOMA erməni terror qruplaşmasına mühəndis işləri aparmağa icazə verməyib.

Müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyanın iclasında çıxış edən “Ermənistan” fraksiyasının üzvü Qeqam Manukyanın sözlərinə görə, idarə bəyan edib ki, VOMA terror təşkilatının “Qmbet-2” (“Qübbə-2”) adlı bunkerlərin tikintisi üçün elan etdiyi vəsaitin toplanması geniş ictimai rezonansa səbəb olub.

O, nazirliyin bu proqramın büdcədən maliyyələşməsi üçün təşkilatdan heç bir təklif almadığını deyib.

Müdafiə Nazirliyi dəqiqləşdirib ki, avqust ayında Tiqran Şahinyan təkərlərdən istifadə edərək bunkerlərin tikilməsi təklifi ilə Ermənistan Silahlı Qüvvələrinin Mühəndis Qoşunları İdarəsinə müraciət edib. Lakin təklif olunan variant sınaqdan keçirilmədiyi üçün bu təklif rədd edilib.

“Mühəndis Qoşunları İdarəsi daha sonra, sentyabrda öyrənib ki, bu proqram “Qmbet-2” adlanır. VOMA tərəfindən aparılan mühəndislik işləri silahlı qüvvələrlə əlaqələndirilmir”, – müdafiə idarəsi vurğulayıb.

Müdafiə Nazirliyi VOMA-nın ikinci müdafiə xəttində, eləcə də Silahlı Qüvvələrin məsul sahələrində mühəndis işləri aparmadığını bildirib.

“VOMA-nın hərəkətləri sırf təqlid xarakteri daşıyır və qəbuledilməzdir”, – nazirlik qeyd edib.

Deputatın sözlərinə görə, departamentin fikrincə, VOMA-nın “Qmbet-2” proqramı Ermənistanın təhlükəsizlik sisteminin bir hissəsinə çevrilməyib. Bununla belə, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə “əvəzsiz töhfə” kimi ictimai şüurda assosiasiya olunur.

Manukyan komissiyanı bu məsələyə diqqət yetirməyə və müzakirə etməyə çağırıb. Milli Məclisin Müdafiə və Təhlükəsizlik Daimi Komitəsinin sədri Andranik Koçaryan deputatın təklifinin qəbul edildiyini, onu Müdafiə Nazirliyi ilə müzakirə edəcəyini və bu məsələ ilə bağlı idarənin qiymətini öyrənəcəyini vəd edib.

Xatırladaq ki, oktyabr ayında VOMA erməni terror qruplaşması Qarabağda partizan müharibəsinə başlayacağını açıqlayıb. VOMA-nı Rusiya vətəndaşı Vladimir Vartanov idarə edir. Onlar PKK və YPG ilə birlikdə hərəkət edirlər.

İtaliya və Fransanın “Qucci” moda brendinin reklam simalarından olan erməni model Armine Arutyunyan da terror təşkilatı VOMA-nın sıralarına qoşulub.

P.S. Görünür, Ermənistan terrorçu dövlət olmaqla yanaşı, terrorçulara, terror təşkilatlarına dəstək verməkdə davam edir. Ona görə də bu ölkənin tutduğu siyasi-hərbi xətt onu uçuruma aparır.

Xuraman Etibarlı