“Rusiya da bilir ki, Azərbaycan ərazisinə kimsə girəcəksə, Şuşa Bəyannaməsinə görə Türkiyə hərəkətə keçəcək”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Ermənistan müxalifətinin müharibə ritorikası ilə danışmasını şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.
İlham İsmayıl bildirib ki, Rusiya Ermənistanla Azərbaycan arasında müharibə olmasını istəməz.
“Adətən etiraz mitinqləri baş verəndə populist çıxışlar artır, vədlər çoxalar. Ermənistanda isə bu, ikiqat çoxalıb. Çünki erməni cəmiyyəti məğlub edilmiş cəmiyyətdir. İnsanları ayağa qaldırmaq, tərəflərinə çəkmək üçün fantastik məsələlərdən danışırlar. Bu isə erməni xisləti üçün adekvat bir məsələdir. Çünki “dənizdən-dənizə ideyaları” ilə yaşayanlar indi kiçik bir ərazidə cəmləşiblər”, – deyə o əlavə edib.
Ekspert qeyd edib ki, ermənilər Qarabağda məğlub olduqdan sonra reallıqdan yox, tarixi, xəyali Ermənistan haqqında danışırlar.
“Bununla həm Paşinyanı hədəf götürmüş olurlar, həm də perspektiv planlarını ortaya qoyurlar. Bu isə mümkün deyil. Bu yaxınlarda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan cavab vermişdi ki, Qarabağı geri qaytarmaq üçün 4 min itki verməyə hazırsınız? Bu tip çıxışların qeyri-real olduğunu həm o çıxışı edənlər, həm də Ermənistan rəsmiləri bilirlər”, – deyə o bildirib.
Kənar təsir nəticəsində bu çıxışların olması ehtimalına gəldikdə isə ekspert deyib ki, bu məsələdə qızışdırıcı faktor Rusiya ola bilər:
“Qərb, ümumiyyətlə, müharibəndən imtina edir. Rusiyanın belə bir meylinin olduğunu bilirik. Rusiya hazırda Azərbaycanla münasibətlərini pozmaq istəmir. Əksinə, Rusiya Azərbaycanla münasibətlərinin yaxşılaşması üçün addımlar atır. Dünən Putin çıxışında Azərbaycana geniş yer verdi. Burada həm Türkiyə, həm Azərbaycan faktoru var. Bundan əlavə, Ukrayna müharibəsi gedir. Belə məqamda Rusiya istəməz ki, Ermənistanla Azərbaycan arasında müharibə olsun. Rusiya da bilir ki, Azərbaycan ərazisinə kimsə girəcəksə, Şuşa Bəyannaməsinə görə Türkiyə hərəkətə keçəcək”.
Səxavət Məmməd