Ermənistan öhdəliklərdən boyun qaçırmağa çalışır – “Qarabağla bağlı üçtərəfli bəyanat…”

Rusiyanın əlimizdən zorla xilas etdiyi və kaputilyasiya aktı dəyərində bəyanat imzalayan Ermənistan hökuməti tədricən özünə gəldikcə, ritorika dəyişdirir.

Yenicag.az-ın məlumatına görə, Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın bu gün dilə gətirdiyi açıqlamanı ancaq belə qiymətləndirmək olar.

Nazir ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin rəsmilərilə telefon danışığında bildirib ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin imzaladığı əhəmiyyətli sənəd sayıla bilməz: “Dağlıq Qarabağda sülh prosesi ilə bağlı bütün məsələlər yalnız ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində müzakirə edilməlidir və Qarabağ ermənilərinin maraqları məhz bu formatda tam nəzərə alınacaqdır”.

Ermənistan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, Zöhrab Mnatsakanyan Rusiya və Fransanın xarici siyasət idarələrinin rəhbərləri Sergey Lavrov və Jan – İv Le Drian, həmçinin ABŞ dövlət katibinin müavini Stiven Biqanla telefon danışığında bunu bəyan edib. Tərəflər Qarabağa dair üçtərəfli bəyanatdan sonra atəşkəsə dair fikir mübadiləsi aparıblar.

“Bununla əlaqədar nazir Mnatsakanyan vurğulayıb ki, bu bəyanat atəşkəs rejiminin yaradılmasına, sülhməramlıların Qarabağda yerləşdirilməsinə yönəlib. Bu, Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli sayıla bilməz”, – deyə məlumatda bildirilir.

Ermənistan XİN-in məlumatına görə, xarici işlər naziri və ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin yüksək vəzifəli nümayəndələri Azərbaycanın Qarabağda başladığı müharibənin planlaşdırılmasında, qurulmasında və aparılmasında Türkiyənin də roluna toxunublar. Mnatsakanyan Ankaranın bu istiqamətdə atdığı bütün addımların əksinə olaraq, Qarabağda aparılan sülhməramlı əməliyyatlarda Türkiyənin hər hansı bir rolunun olmayacağını vurğulayıb.

Ermənistan XİN başçısının sözlərinə görə, beynəlxalq birlik dərhal Türkiyə-Azərbaycan təcavüzü nəticəsində yaranmış DQR-də humanitar böhranın həlli üçün addımlar atmalıdır.

İddia edilir ki, həmsöhbətlər ATƏT-in Minsk Qrupu həmsədrlərinin beynəlxalq vasitəçilik mandatına malik yeganə format kimi fəaliyyətinin davamlılığının təmin edilməsinin zəruriliyini vurğulayıblar. Xarici işlər naziri prioritet kimi “DQR”-in statusuna və Qarabağ ermənilərinin tam təhlükəsizliyinə zəmanət verilməsinin zəruriliyini dilə gətirib.

Qeyd edək ki, Ermənistanın bu mövqeyi onun nə qədər etibarsız tərəfdaş olduğunu göstərir və Rusiyanın dövlət kimi ya öz öhdəliklərini yerinə yetirib İrəvanın qulağını burmasını, ya da ortadan çəkilməsini şərtləndirir./Ovqat.com/