Ermənistan parlamentində qapalı dinləmələr: “Paşinyan xalqın təzyiqi ilə üzləşməkdən qorxur”

Bu gün Ermənistan parlamentində Azərbaycanla sərhəddəki vəziyyət və demarkasiya məsələləri ilə bağlı qapalı dinləmələr keçiriləcək. İclasda Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Kamo Koçunts və Sərhəd Qoşunlarının komandanı Arman Maralçyan da iştirak edəcək.

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva Yenicag.az-a açıqlamasında bildirib ki, bu mövzuların yayılmasında əsas mənbə elə hakimiyyət qüvvələridir. Çünki Paşinyan Azərbaycanla sərhəd və digər məsələlərdə razılığa gəlmək üçün ictimaiyyətin fikrini öyrənməyə çalışır və xalqın təzyiqi ilə üzləşməkdən qorxur:

“Digər tərəfdən isə Paşinyan 8 noyabrda imzalanacaq şərtlərin cəmiyyət üçün birdən-birə yenilik olmaması üçün onları hazırlamağa çalışır. Erməni cəmiyyəti, demək olar ki, reallığı yaxşı dərk edir. Azərbaycanla mübarizə tərəfdarı olan Qarabağ klanının hakimiyyəti dövrü ilə indiki şərtləri müqayisə etməyi bacarır və anlayır ki, elə həmin klanın bu dövlətə vurduğu zərbəni yalnız regional əməkdaşlıq aradan qaldıra bilər. Əməkdaşlığın yaranması üçün isə Azərbaycanın tələbləri yerinə yetirilməlidir. Əvvəla, ona görə ki, biz qalib tərəfik. Bundan başqa, bizim tələblərimiz heç bir hüquq prinsipinə zidd deyil. Azərbaycanın yaratdığı reallıqlar və ordumuzun gücü erməni cəmiyyətinə təlqin edilən Miatsum ideologiyasını yerlə yeksan etdi. Onlar başa düşdü ki, Qarabağsız Ermənistanın varlığı mümkündür”.

Sərhəd xəttlərinin delimitasiya və demarkasiyasının 8 noyabr görüşünün gündəmini təşkil edəcəyi hesab edən politoloqa görə, kommunikasiya xəttlərinin açılması və gələcək sülh müqaviləsinin imzalanması üçün sərhədlərin müəyyənləşməsi vacibdir:

“Ermənistan tərəfinin qarışıqlıq yaratdığı məsələ rus sülhməramlılarının müvəqqəti yerləşdiyi bölgələrlə bağlıdır. Sərhəd xəttləri isə Qarabağ ətrafı rayonları əhatə etdiyi üçün, zənnimcə, bu mövzuda heç bir ziddiyyət qalmayacaq. Tək problem demarkasiyanın Sovet xəritələri əsasında aparılması ilə bağlıdır ki, bu xəritələrin də tam dəqiqliklə çəkildiyini söyləmək mümkün deyil. Bildiyimiz kimi, Sovet dövründə ittifaq respublikalarının sərhədləri təqribi zirvələr və suayrıcları şəklində müəyyənləşib. Ona görə də 30 ildir ki, digər qonşu dövlətlərlə də bu proses hələ davam edir.

Görüş zamanı masaya çıxarılacaq ikinci mövzu kommunikasiya xəttlərinin açılması olacaq ki, bunun da təməli prezident Ərdoğanın Füzuliyə səfəri zamanı qoyuldu. Türkiyədə də İğdır istiqamətində dəmiryol xəttlərinin çəkilməsi faktoru göstərir ki, 8 noyabr Ermənistan ərazisindən keçəcək xəttlərin çəkilməsinin başlanğıcı olacaq. Kommunikasiya xəttlərinin çəkilməsini bütün regional güclər istəyir. Ermənistanın özünün də maraqlarına tam uyğundur. Sadəcə olaraq Azərbaycan düşmənçiliyini hədəf alan xarici qüvvələr bu məsələdə təxribatlar etməyə çalışır ki, bunun nəticəsiz qalacağından əmin ola bilərlər. Bu qüvvələr Qərbdəki erməni diasporu və İrandır.

Rusiya və Türkiyənin razılığı baxımından həmin qüvvələrin nəyəsə nail olacağını düşünmək absurd olardı. İranın Zəngəzur dəhlizinə alternativ göstərdiyi İran-Ermənistan-Gürcüstan-Qara dəniz xətti isə həm böyük maliyyə vəsaiti tələb etməsi, həm relyef şərtləri, həm də əsas regional gücləri kənar buraxması baxımından mümkünsüzdür. Zəngəzur dəhlizi açılarsa, bu dəhlizin iqtisadi rentabelliyi sıfıra bərabər olacaq. Bir sözlə, 8 noyabr görüşündən gözləntilərimiz böyükdür”.

Gülşən Şərif