Ermənistan Qarabağa zorla hərbçilərini göndərir – BMT məsələyə diqqət çəkdi

“10 noyabr 2020-ci il tarixində Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi zonasındakı bütün hərbi əməliyyatların dayandırılmasına dair birgə bəyanat imzalanıb. Lakin Ermənistan 4 ay ərzində üçüncü dəfədir ki, sülh müqaviləsini və beynəlxalq hüququ kobud şəkildə pozur”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Moldovanın aparıcı xəbər portalı olan “tribuna.md”yə müsahibəsində bildirib.

Səfir bu hadisələrin ilk dəfə noyabr-dekabr aylarında baş verdiyini vurğulayıb:

“Bəzi erməni təxribat dəstələri demək olar ki, Azərbaycan ərazisində “gəzmək” və özlərini “itkin düşmüş hərbçilər” elan etmək qaydalarını qəbul ediblər. Ancaq onlar Azərbaycan əsgərlərini və mülki şəxsləri öldürürdülər. Bütün bunlar həqiqi terror aktları idi. Beləliklə, 26 noyabrda Xocavənd rayonunun Sur kəndində Ermənistanın Azərbaycanın hərbi qüvvələrinə hücumu nəticəsində üç azərbaycanlı əsgər şəhid olub, iki hərbçi yaralanıb. Daha sonra, 8 dekabrda terrorçular Hadrutda silahlı bir təxribat təşkil edərək Azərbaycan əsgərlərinə atəş açıblar. Bu zaman iki azərbaycanlı yaralanıb, biri öldürülüb. Ermənilər, həmçinin bölgədə texniki avadanlıqlar quraşdıran Azercell mobil operatorunun işçilərinə hücum ediblər, onlardan biri yaralanıb. İnsanların ölümünün qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələri antiterror əməliyyatları həyata keçirib. Nəticədə silahlılar əsir götürülü və indi qanunala məsuliyyət daşıyırlar.

İkinci qayda pozuntusu Ermənistanın Qarabağın minalanmış ərazilərinin xəritələrini təqdim etməməsi ilə əlaqədardır. Onlar yalnız Dağlıq Qarabağı xarabalığa çevirib qarşılarına çıxan hər şeyi məhv etmədilər, eyni zamanda orada yaşamadıqları torpaqları da minalayıblar. İndiyə qədər Ermənistan rəhbərliyi Azərbaycan tərəfinə bu minalanmış ərazilərin xəritəsini verməyib. Xəritə olmadan daima günahsız vətəndaşlar öləcək. Ümumilikdə, 10 noyabrdan etibarən 14 Azərbaycan vətəndaşı- 5 hərbi qulluqçu və 9 mülki şəxs Qarabağdakı mina partlayışlarının qurbanı olub. 52 hərbçi və 8 mülki şəxs isə ağır yaralanıb.

İndi isə Ermənistan öz hərbi qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində yerləşdirməyə çalışır. Erməni hərbçilərinin Ermənistandan Laçın dəhlizi boyunca mülki geyim və nəqliyyatda, Rusiya sülhməramlılarının nəzarətindən çıxaraq Dağlıq Qarabağa gizli şəkildə getmələri barədə faktlar var. Bu faktlar müstəqil media tərəfindən qeydə alınıb. Üstəlik, beynəlxalq mediada yer alan məlumatlara görə, Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyəti aldadılaraq və zorla Dağlıq Qarabağda hərbi xidmətə cəlb olunur. Bu həm hərbçiləri, həm də ailələrini narazı salır. Həm də bütün bunlarla Ermənistan beynəlxalq öhdəliklərini, xüsusən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət və riayət etmə öhdəliyini kobud şəkildə pozur.

Bütün bu hərəkətlər bölgədəki sabitliyin pozulmasına yönəlib və bu baxımdan Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov hər dəfə BMT-nin Baş katibi Antonio Quterreşə erməni tərəfinin davranışlarına, onların bütün təxribatlarına diqqət yetirmək xahişi ilə məktublar ünvanlayıb. Məktularda həmçinin günahsız Azərbaycan vətəndaşlarının öldüyü, 10 noyabr sülh müqaviləsi və beynəlxalq hüququn pozulduğu qeyd edilir.Bu məktubların BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi olaraq yayılması isə böyük uğurdur. Beynəlxalq təşkilatların Ermənistana qarşı lazımi tədbirləri alacağına və təxribatçı qanunsuz hərəkətlərini dayandıracağına ümid edirik”.