“Ermənistan Qazaxıstana əsgər göndərməklə olmayan imicini daha da məhv etdi” – Hərbi ekspert

“Qazaxıstan ordusunun və təhlükəsizlik güclərinin sayı kifayət qədərdir və güclüdür. Tokayev onlara tamamən güvənə bilmədi”.

Bu fikri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qüvvələrinin Qazaxıstandan çıxarılmasını şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsləndirib.

Tərlan Eyvazovun sözlərinə görə, Rusiyanın Qazaxıstanda atom obyektləri, ən əsası Baykonur kimi xüsusi qorunası obyektləri var: “Bu təhlükə potensiallı obyektlərə ziyan deyməməsinə görə ora xüsusi qüvvələr gətirilmişdi”.

Hərbi ekspert bildirib ki, anti-rusiya meyillərinin artmasını görən Putin və Tokayev KTMT qüvvələrinin Qazaxıstandan çıxarmağa məcbur oldu:

“Bəzi politoloqlar bildirirdilər ki, KTMT Qazaxıstanda daha dərinə girəcək, oranı Əfqanıstandan daha betər günə qoyacaq, hətta söhbət atom müharibəsi səviyyəsinə çıxacaq. KTMT Qazaxıstana girəndə bildirdim ki, bu müvəqqəti xarakter daşıyır. Çünki əvvəl Putin istəyirdi ki, ora rus qoşunu girsin. Tokayev bunun zərərini və Nazarbayevlə də məsləhətləşdiyi üçün yalnız KTMT şəklində olacağını bildirmişdi. Tokayevin bu addımını qıpçaq xalqı bağışlamayacaq. Tokayev ölkədə sadəcə icraçı vəzifədə idi. Bütün səlahiyyət Nazarbayevdə və onun qohum-əqrabasında idi. Görünən odur ki, Nazarbayev xəstədir və onun xəstələyinin daha ağır nəticə verəcəyini nəzərə alan qohum-əqrabası da qiymət artımı ilə əlaqədar baş verən etirazların şiddətlənməsinə rəvac vermişdi və məsələ üsyan həddinə çatmışdı. Artıq klanlararası savaş başlamışdı. Təbii ki, xaricdən olan müdaxilə çox şişirdilir.

İnsanlar nümayişlər edirdilər. Rusiyanın ənənəsinə uyğun olaraq KQB stilində nümayişlərə müdaxilə edib qızışdırdılar. Tokayev iddia etdi ki, xaricdən 20 min nəfər muzdlu gəlib, onların meyitləri də ölkədən çıxarılıb. Buna imperiyapərəst qüvvələr belə gülürlər. Həmin qüvvələr olubsa da, onlar xüsusi işlər görə bilərdilər. Bunu öz təcrübəmizdən çıxış edərək deyə bilirik”.

Hərbi ekspert qeyd edib ki, Ermənistan Qazaxıstana az sayda olsa da əsgər göndərməklə olmayan imicini daha da məhv etdi:

“Ermənistanın Qazaxıstana çox məhdud kontingentdə qoşun göndərməsi təkcə Qazaxıstanda deyil, Orta Asiya və MDB ölkələrində onu bir daha gözdən salmış oldu. Baxmayaraq ki, Paşinyan özü ictimai, siyasi, demokratik dalğanın üzərindən hakimiyyətə gəlib, ancaq başqa ölkələrin ərazisində baş verən aksiyaların yatırdılması üçün qoşun göndərir. Bu addımı ilə Paşinyan Qərbin də gözündən düşmüş oldu. Qazaxıstanda hadisələr tam yatışmamış Kəlbəcərdə ermənilər heç bir səbəb olmadan atəşkəsi pozdu, bir əsgərimiz şəhid oldu, onlar tərəfdən isə çoxlu sayda itki oldu. Prezident İlham Əliyev çıxışı ilə bu məsələyə nöqtə qoydu ki, Ermənistanın kimin arxasında gizlənməsindən aslı olmayaraq hər təxribatının cavabı artıqlaması ilə veriləcək”.

Səxavət Məmməd