“Ermənistanın Avropa İttifaqına (Aİ) üzv olma ehtimalı sıfıra bərabərdir. Bu, açıq və birmənalı şəkildə söylənilə biləcək bir reallıqdır. Ermənistanda da bunu anlayırlar ki, belə bir dövlət Avropa İttifaqına lazım deyil. Onları orada nə gözləyən var, nə də kimsə onları istəyir”.
Bunu Yenicag.az-a söhbətində politoloq Elçin Xalidbəyli deyib.
Analitik Ermənistanın ədliyyə naziri Srbui Qalyan tərəfindən anonsu verilən referendum – konstitusional dəyişikliklərlə bağlı məsələni, habelə İrəvanın Aİ-yə üzvlüyünün perspektivlərini şərh edib.
Xatırladaq ki, S. Qalyan deyib ki, yeni konstitusiya üzərində iş gedir və proses 2026-cı il seçkilərinə qədər tamamlanmalıdır. Nazir əlavə edib ki, sənəd insan hüquqlarını, sosial-iqtisadi hüquqları, idarəçilik qaydalarını və dövlət orqanlarının rolunu tənzimləyəcək. Onun sözlərinə görə, Aİ ilə yaxınlaşma çərçivəsində artıq 30-dan çox qanun layihəsi uyğunlaşdırılıb və proses davam edəcək.
E. Xalidbəylinin fikrincə isə əgər Ermənistanın Avropa İttifaqına üzvlüyü mümkünsüzdürsə, o zaman bu istiqamətdə aparılan müzakirələrin heç bir mənası yoxdur:
“Bu, sadəcə manipulyasiyadır. Ermənistan rəhbərliyi anlayır ki, sülh sazişinin imzalanmasının qarşısında duran əsas maneələrdən biri ölkənin konstitusiyasıdır. Azərbaycanın prinsipial və qəti tələbi var ki, sülh sazişi imzalanmadan öncə Ermənistan Konstitusiyasında Azərbaycanın ərazilərinə iddiaları ehtiva edən maddələr ləğv edilməlidir. Bakı bunu açıq şəkildə ortaya qoyub və bu tələb yerinə yetirilməyəcəyi təqdirdə sülh sazişi imzalanmayacaq”.
Siyasi təhlilçi bəyan edib ki, hazırda Ermənistan üçün sülh sazişinin bağlanması həyati əhəmiyyət daşıyır:
“Çünki ABŞ artıq bu ölkəyə ciddi əhəmiyyət vermir. Vaxtilə imzalanmış strateji tərəfdaşlıq sazişi sadəcə bir kağız parçasına çevrilib və heç kim onu xatırlamaq belə istəmir. Digər tərəfdən, Avropa İttifaqı öz daxili problemləri ilə məşğuldur və Ermənistana güclü dəstək verməyə maraqlı deyil. ABŞ-dən dəstək görməyən Ermənistan üçün Avropa İttifaqının da ona kömək etməsi real görünmür. Artıq indidən belə bir dəstək hiss olunmur və vəziyyət getdikcə Ermənistanın əleyhinə işləyir”.
Həmsöhbətimiz onu da vurğulayıb ki, bu reallığı anlayan Ermənistan hakimiyyəti geriyə addım atmaq məcburiyyətindədir:
“Onların sülh sazişini imzalamaqdan başqa çıxış yolu yoxdur. Bunun yeganə şərti isə konstitusiyanı dəyişmək və Azərbaycan ərazilərinə iddialardan imtina etməkdir. İndi bu prosesi başlatmaq məcburiyyətində qalıblar, lakin açıq şəkildə etiraf edə bilmirlər. Ermənistan daxilində kilsənin və Rusiyaya bağlı revanşist qüvvələrin ciddi müqaviməti var. Onlar konstitusiyadakı müvafiq maddələrin dəyişdirilməsinə və bunun Azərbaycanla əlaqələndirilməsinə qarşı çıxırlar. Paşinyan hakimiyyəti 2026-cı il seçkiləri öncəsi bu mövzunu açıq şəkildə dilə gətirməkdən çəkinir. Buna görə də müxtəlif bəhanələr irəli sürərək məsələni gizlətməyə çalışırlar. Lakin reallıq dəyişmir: Konstitusiyanın dəyişdirilməsi tələbi rəsmi Bakıya məxsusdur və Ermənistan bu tələbi icra edir”.
Rafi Müslümov