“Yeni hakimiyyət 2016-cı il Vyana sazişinin də yenidən nəzərdən keçirilməsini istəyəcək”.
Bunu Yenicag.ru-ya açıqlamasında rusiyalı ekspert Aleksey Fenenko deyib. Ekspert Ermənistandakı hazırki vəziyyətin Cənubi Qafqaz regionundakı proseslərə və bütövlükdə Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir göstərəcəyini də şərh edib:
“Dağlıq Qarabağ məsələsində fasilələr yarana bilər. Ermənistan Rusiyadan uzaqlaşa, hətta Avrasiya İqtisadi Birliyi (AİB) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxa bilər. Qərb Ermənistanda yeni rəhbərliyi dəstəkləyəcək, çox saylı vədlər verəcək. Bunun cavabında isə Rusiya Qarabağ məsələsində İrəvana dəstəyini azalda bilər. Bu, intensiv Rusiya-Türkiyə dialoqu fonunda daha real görünür. KTMT-nin 2016-cı ilin payızında baş tutan İrəvan sammitinin nəticələri də sual altına düşəcək. O zaman Moskva elan etmişdi ki, KTMT-nin zəmanətləri Ermənistana şamil olunur, Qarabağa yox. Əgər Ermənistanda yeni hakimiyyət Qərblə yaxınlaşmağa başlasa, onda o Rusiyanın zəmanətindən imtina etmiş olur. Bu zaman qərbyönümlü İrəvanı dəstəkləmək Moskva üçün heç bir əhəmiyyət daşımayacaq. Lakin uzaqlaşdırma prosesi birdən birə deyil, bir neçə il ərzində baş verəcək”.
Fenenko qeyd edib ki, Azərbaycan üçün Ermənistanın yeni rəhbərliyi əvvəlkinə nisbətən daha narahat “qonşu”dur:
“İndiki hökumət “Rusiyadan narazılıq” dalğası altında hakimiyyətə gəlib. Bu da istər-istımız Qarabağ üzrə ritorikanı çətinləşdirəcək. Qərb Moskva ilə İrəvanı “düşmən” etmək üçün daha səylə çalışacaq. Düşünürəm ki, yeni hakimiyyət 2016-cı il Vyana sazişinin də yenidən nəzərdən keçirilməsini istəyəcək”.