“Ermənistan Şahbaz və Dilqəmi qaytarmamaq üçün dirəniş göstərsə də…” – Politoloq

“Onların azad olunması Azərbaycanın və prezident İlham Əliyevin düşmən üzərində növbəti qələbəsi kimi tarixə düşəcək”.

Bu sözləri erməni əsirliyində saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov Azərbaycana gətirilməsini dəyərləndirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Politoloqun sözlərinə görə, əsirlərimizin azad olunaraq ölkəyə gətirilməsi Azərbaycanın və prezident İlham Əliyevin düşmən üzərində növbəti qələbəsi kimi tarixə düşəcək:

“Dilqəm və Şahbazın ermənilər tərəfindən girov götürülməsindən 6 ildən artıq vaxt keçir. Bu illər ərzində prezidentin rəhbərliyi ilə müvafiq qurumlar mütəmadi olaraq onların girovluqdan azad olunması üçün çağırışlar edib, beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıblar.

Lakin bu müddət ərzində nə Ermənistan, nə də ayrı-ayrı beynəlxalq təşkilatlar çağırışlarımıza məhəl qoymamışdı və tək “günahı” işğal altındakı torpaqlarda qalan doğmalarının məzarlarını ziyarət etmək olan insanlarımızı girovluqda saxlamağa davam etmişdilər.

Hətta 2018-ci ilin noyabrında Azərbaycanın hərbi mövqelərinə soxulmaq istəyərkən ələ keçirilən erməni diversant Karen Kazaryanla digər hərbçilərin Şahbaz Quliyev və Dilqəm Əsgərovla dəyişdirilməsi ilə bağlı Paşinyan hökumətinə çağırışlar edilmiş, “hamının-hamıya” prinsipi ilə əsir və girovların dəyişdirilməsi təklif olunmuşdu.

Lakin o zaman Paşinyan bundan imtina etdi. Səbəb isə qısa müddət sonra ortaya çıxdı. Paşinyan diversant Karen Kazaryanın valideyinləri ilə görüşdə “biz əsirləri qaytarsaq, onlar Azərbaycanda Ramil Səfərov kimi qarşılanacaqlar”, – deyib onları qayrtarmaqdan imtina etdi.

Çünki öz vətəndaşlarının Azərbaycanda əsirlikdə qalması Ermənistan rəhbərliyini qətiyyən narahat etmirdi. Bu, erməni hakimiyyətinin öz vətəndaşına verdiyi qiymət idi”.

Gülşən Şərif